Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya “Xəzər ekspresi”ni işə salıb: Bizi hansı təhlükə gözləyir?

Rusiya “Xəzər ekspresi”ni işə salıb: Bizi hansı təhlükə gözləyir?


Bu gün, 07:51

Rusiya gizli şəkildə Xəzər dənizi vasitəsilə İrana yeni strateji təchizat marşrutu yaradıb. Bu barədə “The Telegraph” yazır.

Bəzilərinin “Xəzər ekspresi” adlandırdığı bu logistika dəhlizi Vladimir Putinin Tehranın silahlandırılması istiqamətində səylərinin əsasına çevrilib və hər iki ölkəyə ABŞ-ın Fars körfəzindəki dəniz təzyiqindən yan keçməyə imkan verir.

Moskva bu modeldən Suriya vətəndaş müharibəsi zamanı “Suriya ekspresi” adlandırılan dəniz təchizat marşrutu vasitəsilə Bəşər Əsədi dəstəkləmək üçün istifadə edib.

Krım ilə Suriyanın Tartus limanı arasında təxminən on il fəaliyyət göstərən bu təchizat dəhlizi Qərbin sanksiyalarına və diplomatik təzyiqinə baxmayaraq, Moskvaya öz ekspedisiya qüvvələrini gücləndirməyə imkan verirdi. 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra Türkiyə Bosfor boğazını hərbi gəmilər üçün bağladı. Bu da həmin marşrutun imkanlarını məhdudlaşdırdı, daha sonra isə 2024-cü ilin sonlarına doğru marşrut tamamilə bağlandı.

Bu gün Rusiya həmin yanaşmanı Xəzər dənizində tətbiq edərək, onu İranla hərbi tərəfdaşlığının logistika əsasına çevirib.

Bunun ardınca eyni mövzuda daha bir xəbər ortaya çıxıb. NBC-nin Avropa ölkələrindən birinin hökumətinin sənədinə istinadən verdiyi məlumata görə, Rusiya ABŞ və İsrailin zərbələrindən sonra Tehranın ehtiyatlarını bərpa etmək üçün İrana trotil, döyüş sursatı və pilotsuz uçuş aparatları üçün komponentlər göndərir. Sənədə əsasən, tədarüklər Rusiyadan İrana Xəzər dənizi vasitəsilə həyata keçirilir. Bu marşrut ABŞ-ın nəzarət etdiyi dar keçidlərdən yan keçməyə imkan verir.

Daşımalar İsrailin Rusiya ilə İran arasında silah tranzitinin həyata keçirildiyi Bəndər-Ənzəli liman kompleksinə endirdiyi zərbələrdən sonra bərpa edilib.

NBC-nin məlumatına görə, tədarüklər Moskva ilə Tehran arasında hərbi əməkdaşlığın dərinləşməsindən xəbər verir.

“The Telegraph” və NBC-yə inansaq, onda belə çıxır ki, Putin praktiki olaraq ABŞ və İsrailin birbaşa düşmənini silahla dəstəkləyir və ona yardım edir. Bununla belə, nə Tramp, nə də Netanyahu bunu açıq şəkildə dilə gətirmək istəmir. Niyə? Onlar nədən ehtiyat edirlər? Və gələcək perspektivdə bir təcavüzkarın digər təcavüzkara Azərbaycanın sərhədlərinin yaxınlığında silah daşıması onun təhlükəsizliyinə təhdid deyilmi?

Məsələ ilə bağlı Pressklub.az-a danışan hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya-Analitik İdarəsinin keçmiş əməkdaşı Azad İsazadənin sözlərinə görə, “Xəzər ekspresi”, “Suriya ekspresi” kimi gözəl adlar ortaya indi çıxıb.

Amma biz yaxşı bilirik ki, Xəzər üzərindən keçən marşrut həmişə mövcud olub, hətta İkinci Qarabağ müharibəsi zamanı da istifadə edilib. Belə ki, Rusiya İran ərazisi vasitəsilə Ermənistana silah və döyüş sursatı göndərirdi. Bəzən silah təyyarələrlə Xəzər üzərindən İran ərazisinə daşınırdı. Mən güman edirəm ki, daşınma gəmilərlə də həyata keçirilib.

Biz bu marşrutun təhlükəsini konkret olaraq öz üzərimizdə hiss etmişik və heç nə edə bilmirdik. Bizim həmin təyyarələri vurmaq və ya gəmilərə qarşı hər hansı tədbir görmək imkanımız yox idi, çünki tranzit neytral sulardan keçirdi. Xəzər haqqında deklarasiyaya əsasən, Rusiya ilə İran arasında əlaqə Azərbaycanın dəniz sərhədlərindən kənarda yerləşən sulardan keçir.

Bu problem mövcuddur və düşünürəm ki, ABŞ və İsrail bunu həmişə biliblər, amma göz yumublar. Düzdür, İsrail təchizat kanalını bağlamaq üçün artıq bir dəfə İranın Xəzər sahilindəki limanlarına zərbə endirib. Ukrayna da zərbələr endirir, çünki hesab edir ki, İrandan Rusiyaya raketlər və pilotsuz uçuş aparatları da daxil olmaqla silah daşınır”, – ekspert bildirib.

Onun sözlərinə görə, bu, həm İsraili, həm də Ukraynanı narahat edən kanaldır və hər bir tərəf ona təsir göstərməyə çalışır. Lakin məsafə həddindən artıq böyükdür.

Nə biz, nə də Qazaxıstan və ya Türkmənistan kimi Xəzəryanı dövlətlər müdaxilə edərək Xəzərdə dəniz döyüşünə başlamayacaqlar. Müvafiq olaraq, Tramp onu bağlamaq istəməyənədək bu dəhliz fəaliyyət göstərəcək. ABŞ-ın Qazaxıstana təzyiq göstərmək, bizə müəyyən şərtlər irəli sürmək və ya hər şeydən əvvəl Rusiyaya təzyiq etmək imkanları ola bilər. Lakin indiyədək Trampın Rusiyaya hər hansı məsələdə təzyiq göstərdiyini görməmişik. Netanyahuya gəlincə, İsrail vaxtaşırı zərbələr endirəcək, lakin bu dəhliz onun daim tam nəzarətdə saxlaya biləcəyi qədər yaxın deyil”, – İsazadə hesab edir.



Geri qayıt