Əsas Səhifə > Ana xəbər / Güney Press > “David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun İTTİHAM AKTI DA ÜZƏ ÇIXDI
“David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun İTTİHAM AKTI DA ÜZƏ ÇIXDIBu gün, 15:37 |
Printerdən çıxan “general”, türmə qapısındakı “xüsusi xidmət əməliyyatçısı” və illər sonra peyda olan “David Seliverstov” - komediyanın ən acı yeri isə köhnə bir İttiham Aktındakı sənədlərin, sübutların danışmasıdır.Bir vaxtlar “Xüsusi Xidmət İdarəsi”nin baş əməliyyat müvəkkili, baş leytenantı olduğunu iddia edən Kazım Elşən oğlu Abbasovun “karyerasında” növbəti yüksəliş, görünür, printerin keyfiyyəti, müasir texnologiyaların geniş imkanları ilə bağlı olub. Adam əvvəllər saxta vəsiqəni printerdən çıxarıb işə keçirdisə, ələ keçəndən sonra “içəri”də “beynəlxalq hüquq müdafiəçisi” obrazı xəyalına düşüb. Azadlığa çıxandan sonra özünə bir bahalı kostyum, bir cüt ayaqqabı alıb, yəhudi keçmişi uydurub və “Davidin ulduzu” tamaşasının növbəti pərdəsini oynamağa başlayıb. Ədalət naminə demək lazımdır ki, dünya teatr səhnələri belə parlaq aktyorlara həsrətdir! Ulduzu həbsxana qapısında sönmüş Kazımın hekayəsiMusavat.com redaksiyasına zərərçəkmişlərdən biri tərəfindən təqdim edilən Xəzər Rayon Prokurorluğunun 110016011 nömrəli cinayət işi üzrə İttiham Aktında yer alan faktlar göstərir ki, hazırda özünü “David Seliverstov” kimi təqdim edən Kazım Elşən oğlu Abbasovun adı illər əvvəl saxta sənəd hazırlama və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı cinayət işində keçib. Adam adi residivist – təkrar-təkrar cinayət törədən biridir. Hazırda özünü “David Seliverstov” kimliyi altında gizlətməyə çalışan bu şəxsin saxtakarlıq, dələduzluq diapazonu hüquq-mühafizə orqanlarının fəaliyyətinə belə kölgə salacaq həddə çatıb. “Xüsusi Xidmət əməliyyatçısı” belə ələ keçib2011-ci ilin fevralında “qəhrəman” Kazım Abbasov həbsdə olan tanışı, “avtokrad” Məmməd Məmmədzadəni vaxtından əvvəl azad etdirəcəyini vəd edərək onun bacısı Şövkət Məmmədzadə ilə birlikdə Bakının Şağan qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinə gəlir. Növbətçi hissədə xidmət aparan ədliyyə giziri Qabil Ağayevə isə özünü belə təqdim edir: “Azərbaycan Respublikası Xüsusi Xidmət İdarəsinin baş əməliyyat müvəkkili, baş leytenant”. Gizir üst-başından cin ürkən, zoğalı rəngli vəsiqə sahibini yenidən başdan-ayağa qədər süzür, beynində belə bir idarənin olub-olmamasını aydınlaşdırmağa çalışarkən Kazım Abbasov vay-şüvən salmağa başlayır. Cibindən rəngli vəsiqə bir daha çıxarır, ani açıb növbətçinin gözünə tutub geri çəkməyi ilə cibinə dürtməsi bir olur və üstəlik, onu hədələyir: “Sən kimsən ki, məni qapıda gözlədirsən? Mənim kabinetimdə mənə cavab verməli olacaqsan, səni işdən qovduraram, poqonlarını sökdürəcəyəm!” Türmə əməkdaşı xidmət illəri ərzində daha “uğurlu” dələduzları gördüyündən Kazım Abbasovun “xox”undan sonra tələsik müəssisə rəisini yığır, belə bir “hörmətli” zatın qapıda onu gözlədiyini məruzə edir. Az sonra müəssisənin rəisi, ədliyyə mayoru İlqar Sadıqov Kazım Abbasovu qəbul edir və ondan vəsiqəni tələb edir. Vəsiqəyə, bir də onu təqdim edən Kazım Abbasova baxır, göstəriş verir ki, onu yan otağa aparsınlar. Həmin anda Kazım Abbasov teatrında final başlayır. Türmə rəisi vəsiqəni saf-çürük edir, respublikada “Azərbaycan Respublikası Xüsusi Xidmət İdarəsi” adlı dövlət qurumu olmadığını bir daha aydınlaşdır. Bundan sonra “baş əməliyyat müvəkkili” Kazım Abbasovun əməliyyat karyerası gözlənilmədən başa çatır. Az sonra türməyə gələn Xəzər Rayon Polis İdarəsi əməkdaşları Kazım Abbasovu əlləri arxasında qandallı vəziyyətdə, başı aşağı özləri ilə aparıb istintaqa təhvil verirlər. Bu əməllərinə görə 2,5 il azadlıqdan məhrum olunur. İstintaq qrupunun rəhbəri, müstəntiq Ayxan Kazımov tərəfindən təyin edilən kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizalarının rəyləri (№ 3782, № 3625/3674) Kazım Abbasovun ibtidai saxtakarlıq üsullarını tam çılpaqlığı ilə ortaya qoyub. İttiham aktında oxuyuruq: Kazım Abbasovun təqdim etdiyi “vəsiqədəki “Azərbaycan Respublikası Xüsusi Xidmət İdarəsi” möhürü, mətn və rəqəmlər kompüterin qrafik proqramında yığılaraq skaner vasitəsilə fotokağız üzərinə axınlı printerlə çap edilib. Vəsiqənin “İdarə Rəisi K.V.Əliyev” qrafasındakı imzanın K.V.Əliyev tərəfindən deyil, birbaşa Kazım Abbasovun özü tərəfindən çəkildiyi xətşünaslıq ekspertizası ilə sübut olunub. Vəsiqənin üzərinə ayrı mətbəə üsulu ilə hazırlanmış saxta holoqram yapışdırılıb”. Türmə qapısında 26.03.1988-ci il təvəllüdlü Kazım Elşən oğlu Abbasovun göstərdiyi “Xüsusi Xidmət İdarəsi əməkdaşı teatrı” onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cü - özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 320.1-ci - saxta sənəd hazırlama, 320.2-ci - saxta sənəddən istifadə maddələri ilə ittiham olunub cəzaya çatdırılmasıyla nəticələnib. İstintaq zamanı məlum olub ki, bu, Kazım Abbasovun – indiki “David Seliverstov”un ilk “vəsiqə macərası” da deyilmiş! Kazım Abbasov əvvəllər, yəni 13.11.2010-cu ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 – ci - dələduzluq və 320.1 – saxtakarlıq maddələri ilə məhkum olunub. İstintaq zamanı Kazım Abbasov əməllərini gizlətmək üçün gülünc iddialar irəli sürüb. Yəni bu gün “David Seliverstov”cildində etdiklərini o zaman daha primitiv formada, daha kiçik miqyasda edib. İstintaqa ifadəsində vəsiqəni 28 May küçəsindəki “Lider” kafesində tanış olduğu “Ramil” adlı şəxsdən “Zorge parkı”nda 200 manata aldığını, guya məqsədinin hərbi-xüsusi orqan saxtakarı olan Ramilin cinayətini polislərə ifşa etmək olduğunu iddia edib. Məlum olub ki, Kazım Abbasov bu hadisədən cəmi bir neçə ay əvvəl - 13 noyabr 2010-cu ildə Nəsimi Rayon Məhkəməsi tərəfindən eyni tərkibli cinayətə - CM 178 - dələduzluq və CM 320.1 – saxtakarlıq - “Azərbaycan Respublikası Xüsusi İdarəsi” vəsiqəsi hazırlamağa görə məhkum edilibmiş! Yəni şəxs islah olunmaq əvəzinə azadlığa çıxan kimi vəsiqədəki ada sadəcə “Xidmət” sözünü əlavə edərək təkrar eyni saxtakarlıq sxemini dövriyyəyə buraxıb. Kazım Abbasovdan “David Seliverstov”a uzanan dələduzluq xəttinin evolyusiyası bu gün daha əhatəlidir. Adam ətrafına topladıqlarının gözünə necə kül üfürübsə, ortada bunca fakt-sübut ola-ola onu müdafiə edənlər yenə də tapılır... Zərərçəkmişlərin redaksiyamıza bildirdiyinə görə, 2011-ci ildə prokurorluq tərəfindən ifşa edilən Kazım Abbasov illər keçdikcə “peşəkarlığını” və hiyləgərliyini artırıb. O, adını və soyadını dəyişərək “David Seliverstov” adı altında peyda olub, özünü imkanlı iş adamı, xarici investisiya fondlarının nümayəndəsi və nüfuzlu şəxs kimi qələmə verməklə yenə də etibarından sui-istifadə edib. 2011-ci ildə cəzaçəkmə müəssisəsində nəzarətçini “poqonunu sökdürməklə” hədələyən, printerdə çap edilmiş saxta xüsusi xidmət vəsiqəsi ilə “generallıq” edən şəxsin bu gün adını dəyişib “David Seliverstov” kimi təqdim olunması, onun köklü dələduzluq psixologiyasından və vərdişlərindən əl çəkmədiyini göstərir. 2011-ci ildə həbsxana qapısında saxta vəsiqə ilə özünü xüsusi xidmət əməkdaşı kimi təqdim edən Kazım Abbasov illər sonra tamam başqa obrazda, “David Seliverstov” adı altında meydana çıxırsa, sual yaranır – bu dəfə məqsəd eyni deyil? Mövzuya qayıdacağıq.Musavat.com Geri qayıt |