Əsas Səhifə > Ana xəbər / Güney Press > Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıb
Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıbBu gün, 11:34 |
|
“A-Qroup Sığorta” ASC 2026-cı ilin ilk yarısını 458,7 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 864,6 min manat və ya 65,3% azdır. 2025-ci ilin ilk yarısında “A-Qroup Sığorta”nın xalis mənfəəti 1,32 mln. manat təşkil etmişdi. Plat.az bu barədə şirkətə istinadən məlumat verib. Hesabat dövründə şirkətin ümumi gəlirləri cəmi 1,7% artaraq 11,13 mln. manata çatdığı halda, xərcləri 10,9% artaraq 10,67 mln. manat olub. Əsas əməliyyat gəlirləri isə 9,49 mln. manatdan 9,43 mln. manata düşüb. Şirkətin mənfəətinin azalması fonunda sığorta ödənişlərində əhəmiyyətli artım qeydə alınıb. 2026-cı ilin ilk yarısında hesablanmış sığorta haqları 9,05 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 1% azdır. Sığorta ödənişləri isə 23,8% artaraq 5,37 mln. manatdan 6,65 mln. manata yüksəlib. Nəticədə şirkətin sığorta fəaliyyəti üzrə ümumi zərərlilik dərəcəsi ötən ilin eyni dövründəki 97,58%-dən 99,92%-ə çatıb. “A-Qroup Sığorta”nın əsas fəaliyyət istiqaməti olan tibbi sığortada hesablanmış sığorta haqları 7,66 mln. manatdan 7,27 mln. manata azalıb, sığorta ödənişləri isə 5,02 mln. manatdan 6,28 mln. manata yüksəlib. Bu istiqamətdə zərərlilik dərəcəsi 93,46%-dən 95,55%-ə qalxıb. Avtonəqliyyat vasitələrinin sığortasında isə zərərlilik 120,16%-dən 139,56%-ə, əmlakın yanğından və digər risklərdən sığortasında 86,25%-dən 104,84%-ə yüksəlib. Ümumilikdə əmlak sığortası üzrə zərərlilik dərəcəsi 135% təşkil edib. Hesabat dövrünün sonunda “A-Qroup Sığorta”nın məcmu kapitalı 9,48 mln. manat olub. Bu göstərici bir il əvvəllə müqayisədə 316,8 min manat və ya 3,2% azalıb. Şirkətin kapital buferi də 4,79 mln. manatdan 4,48 mln. manata düşüb. Eyni zamanda şirkətin investisiya portfeli 9,1% artaraq 19,69 mln. manata çatıb. Portfeldə depozitlərin həcmi 6,42 mln. manatdan 7,96 mln. manata, qeyri-dövlət istiqrazları 500 min manatdan 2,11 mln. manata yüksəlib. Dövlət istiqrazlarına yatırımlar isə 7,19 mln. manatdan 5,81 mln. manata azalıb. Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb və əsasən tibbi sığorta üzrə ixtisaslaşıb. Şirkətin nizamnamə kapitalı 10 mln. manatdır. “A-Qroup Sığorta”nın səhmlərinin 100%-i Direktorlar Şurasının sədri Sabir Adna oğlu Adnayevə məxsusdur. Geri qayıt |