Əsas Səhifə > Ana xəbər / Güney Press > “Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması

“Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması


Bu gün, 08:34

Ermənistanın Moskva ilə yolları ayrılır, Qərbə inteqrasiya sürətlənir, amma bu, təhlükəsizlik zəmanəti anlamına gəlmir

Ermənistanın xarici siyasətindəki kəskin dönüş ölkəni ilin sonuna doğru ciddi geosiyasi seçim qarşısında qoyur. İrəvan bir tərəfdən Avropa İttifaqına inteqrasiya kursunu sürətləndirir, digər tərəfdən isə uzun illər təhlükəsizlik və iqtisadi baxımdan bağlı olduğu Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri riskə atır. Beləliklə, Ermənistan qarşısında əsas sual getdikcə daha aydın görünür: Moskvanın təhlükəsizlik çətirindən çıxan İrəvanı Avropada kim qoruyacaq?

Ermənistan 2024-cü ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını faktiki olaraq dondurub. Baş nazir Nikol Paşinyan dəfələrlə təşkilatı Ermənistanın təhlükəsizlik ehtiyaclarını qarşılamamaqda ittiham edib. İrəvanın mövqeyinə görə, Azərbaycanla münaqişənin kritik mərhələlərində KTMT Ermənistanın gözlədiyi dəstəyi göstərməyib.
Bununla belə, Ermənistan hüquqi baxımdan hələ də KTMT üzvüdür. İrəvan təşkilatın tədbirlərində iştirak etmir və maliyyə öhdəliklərini də yerinə yetirmir. Moskva isə artıq bu “dondurulmuş üzvlük” modelinə əvvəlki kimi səbir göstərmir. KTMT-nin noyabrın 11-də Moskvada keçiriləcək sammitində Ermənistanın gələcək statusunun müzakirəsi gözlənilir.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirib ki, Ermənistanın Rusiyanın təhlükəsizlik çətirindən uzaqlaşması artıq sadəcə siyasi bəyanatlar mərhələsində deyil:

“Ermənistan 2024-cü ildən KTMT-də iştirakını faktiki dondurub, tədbirlərinə qatılmır və təşkilat qarşısındakı maliyyə öhdəliklərini də yerinə yetirmir. İrəvanın əsas arqumenti odur ki, Azərbaycan ərazilərini azad edərkən və antiterror tədbirləri zamanı KTMT Ermənistanın tələblərinə baxmayaraq onu müdafiə etməyib. Paşinyan hətta təşkilatın Ermənistanın gələcəyi və suverenliyi üçün təhlükə yaratdığını bildirib. Bu, Ermənistanın öz təhlükəsizlik arxitekturasını dəyişmək niyyətinin göstəricisidir”.

Ekspertin fikrincə, Moskvanın mövqeyində də dəyişiklik baş verir: “Bir müddət davam edən və şərti olaraq "dondurulmuş üzvlük" adlandırılan model artıq Rusiya üçün qəbuledilməz həddə yaxınlaşır. Ermənistan KTMT-nin tamhüquqlu üzvüdürsə, üzvlükdən irəli gələn öhdəlikləri də yerinə yetirməlidir. Rusiya üçün məsələ artıq yalnız hərbi və iqtisadi alyansların taleyi deyil. Söhbət Cənubi Qafqazda uzun müddət formalaşdırdığı sistemin Ermənistan vasitəsilə zəifləməsinin yarada biləcəyi geosiyasi və geoiqtisadi risklərdən gedir”.

Q.Əlibəyli də bu məqama diqqət çəkir: "Avropa İttifaqı özü bildirir ki, üzvlük mürəkkəb, uzunmüddətli və meyarlara əsaslanan prosesdir. Aİ-yə inteqrasiya kollektiv hərbi müdafiə zəmanəti vermir. Lissabon müqaviləsində nəzərdə tutulan qarşılıqlı yardım öhdəliyi belə Aİ üzvü olmayan Ermənistan üçün avtomatik təhlükəsizlik təminatı yaratmır.
Bununla belə, Ermənistanın Qərblə təhlükəsizlik əməkdaşlığı sürətlə genişlənir. Fransa, ABŞ, Hindistan və digər tərəfdaşlarla hərbi-texniki əməkdaşlıq, təlim, silah tədarükü və müdafiə institutlarının modernləşdirilməsi istiqamətində addımlar atılır. Məqsəd Ermənistan ordusunun Rusiyadan asılılığını azaltmaq və alternativ hərbi imkanlar formalaşdırmaqdır".

Ekspert hesab edir ki, bu proses artıq yeni təhlükəsizlik modelinin konturlarını göstərir: “Ermənistan KTMT-dən formal şəkildə çıxarsa, yaranacaq boşluğu bir təşkilatın hesabına deyil, çoxkomponentli, hibrid təhlükəsizlik sistemi ilə doldurmağa çalışa bilər. Burada ABŞ, Avropa İttifaqı, Fransa, Yunanıstan və Hindistanın imkanlarının Ermənistanın öz hərbi potensialı ilə birləşdirilməsi daha real ssenaridir. ABŞ istiqaməti xüsusi əhəmiyyət daşıyır. Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın genişləndirilməsi İrəvanın müdafiə və təhlükəsizlik institutlarının modernləşdirilməsi, hərbi hazırlıq, müdafiə sənayesi və kəşfiyyat əməkdaşlığı baxımından yeni imkanlar yarada bilər. Bu, artıq yalnız hərbi təlimlər deyil, Ermənistanın təhlükəsizlik sisteminin institusional olaraq dəyişdirilməsi deməkdir. Aİ-nin rolu isə daha çox mülki və institusional təhlükəsizlik sahələrində özünü göstərə bilər. Sərhəd təhlükəsizliyi, kibertəhlükələr, hibrid təhdidlər, informasiya müdaxilələri və dövlət institutlarının dayanıqlığının artırılması istiqamətində əməkdaşlıq İrəvan üçün mühüm əhəmiyyət daşıyır. Fransa Ermənistanın əsas siyasi və hərbi tərəfdaşlarından birinə çevrilir. Hindistan və Yunanıstan isə Ermənistanın Rusiya silahlarından asılılığının azaldılmasında mühüm rol oynaya bilər. İrəvanın Hindistan və Fransadan müxtəlif hərbi sistemlər əldə etməsi bu istiqamətin artıq formalaşdığını göstərir.

Lakin burada da zaman faktoru Ermənistanın qarşısına çıxır. Ordunun silahlanması, komanda sisteminin dəyişdirilməsi, kəşfiyyat imkanlarının yenilənməsi, logistikanın qurulması və müdafiə sənayesinin formalaşdırılması bir neçə ayda baş verən proses deyil. Buna görə də Ermənistan üçün əsas risk KTMT-dən çıxmaqdan daha çox, çıxışdan sonra yaranacaq təhlükəsizlik boşluğudur.

Bu boşluğun doldurulmasında Zəngəzur dəhlizi, yaxud TRIPP marşrutu da müəyyən rol oynaya bilər. Layihə yalnız nəqliyyat xətti kimi deyil, sərhəd təhlükəsizliyi, infrastrukturun qorunması, gömrük və digər təhlükəsizlik mexanizmləri baxımından da İrəvan üçün yeni əməkdaşlıq imkanları yarada bilər. ABŞ-nin prosesə cəlb olunması isə layihəyə geosiyasi ölçü əlavə edir. İranın rolu da tamamilə istisna edilə bilməz. Tehran Ermənistanla sərhədi Cənubi Qafqazdakı mövqeyinin mühüm elementi hesab edir. Ermənistan-İran əlaqələri həm ikitərəfli münasibətlər, həm də Şimal-Cənub nəqliyyat xətti baxımından strateji əhəmiyyət daşıyır. Buna görə İranın İrəvanın yeni təhlükəsizlik balansında müəyyən rol oynamaq istəyi mümkündür".

Müsahibimizə görə, Ermənistanın qarşısında klassik “Rusiya, yoxsa Qərb?” seçimindən daha mürəkkəb mənzərə yaranır: “İrəvan Rusiyanın təhlükəsizlik sistemindən uzaqlaşaraq Qərbə inteqrasiya etməyə çalışır. Lakin Qərbin Ermənistan üçün Rusiyanın KTMT-si kimi vahid və avtomatik hərbi müdafiə mexanizmi yoxdur. Deməli, Ermənistanın gələcək təhlükəsizlik modeli böyük ehtimalla bir təşkilata deyil, müxtəlif tərəfdaşların imkanlarının birləşdirilməsinə əsaslanacaq. ABŞ və Aİ institusional dəstək, Fransa siyasi və hərbi-texniki əməkdaşlıq, Hindistan və Yunanıstan silah və hərbi texnologiya, İran isə regional balans baxımından müəyyən rol oynaya bilər.

Ancaq bütün bunların nə dərəcədə real təhlükəsizlik zəmanətinə çevriləcəyi hələ açıq sualdır. Çünki diplomatik tərəfdaşlıqla müharibə zamanı hərbi müdafiə zəmanəti arasında böyük fərq var.

Nəticədə Ermənistanın əsas dilemması “Putinin NATO-su, yoxsa Avropa ordusu?” sualından daha mürəkkəbdir. Moskvanın təhlükəsizlik çətirindən çıxmaq mümkündür, lakin onun yerinə hazır alternativ çətir yoxdur. İrəvanın qarşısında illər tələb edən yeni təhlükəsizlik sisteminin qurulması vəzifəsi dayanır. Bu proses uğurlu alınmasa, Ermənistan Rusiyadan uzaqlaşmanın yaratdığı boşluğun özünü ciddi təhlükəsizlik probleminə çevirə bilər".

"Yeni Müsavat"


Geri qayıt