Əsas Səhifə > Ana xəbər / Güney Press > Moskva rus ayısının jestləri ilə davranır

Moskva rus ayısının jestləri ilə davranır


Bu gün, 02:28

Azərbaycan-Rusiya münasibətlərində siyasi və informasiya müstəvisində diqqət çəkən yeni proses yaşanıb. Azərbaycan Baş Prokurorluğunun açıqlamasına görə, Rusiyanın üç vətəndaşı- “Moskva 24” telekanalının aparıcısı və jurnalist İvan Knyazev, siyasi məsləhətçi və media eksperti Semyon Uralov, televiziya jurnalisti və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində cinayət işi üzrə istintaq tədbirləri aparılır. Məlumata əsasən, araşdırma 14 iyul 2026-cı ildə “YouTube” platformasında Semyon Uralovun kanalında yayımlanan “Чистота понимания” verilişində səsləndirilən fikirlərlə bağlıdır. Azərbaycan Baş Prokurorluğu həmin çıxışlarda zorakı üsulların tətbiqinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, həmçinin milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışların olduğuna dair əsaslı şübhələrin müəyyən edildiyini bildirib. Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Baş verənlər Azərbaycan-Rusiya münasibətləri fonunda media ritorikası, səsləndirilən fikirlərin hüquqi çərçivəsi və onların dövlətlərarası münasibətlərə mümkün təsirləri məsələsini yenidən gündəmə gətirib.

Tanınmış jurnalist, siyasi şərhçi, teleaparıcı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli Sherg.az-a Azərbaycan-Rusiya münasibətlərində yaranmış vəziyyətin mahiyyəti və Rusiya mediasında Azərbaycana qarşı ritorikanın səbəblərindən danışıb:

"Həqiqətən, son dövrlərdə Rusiyanın mətbuat orqanlarında, bəzi televiziya və radio verilişlərində Azərbaycan əleyhinə, onun görkəmli şəxsiyyətləri, mədəniyyəti əleyhinə nə qədər əcaib tənqidlər, iftiralar söylənir. Heyran olursan ki, hansı sağlam ağılla bu hərəkətləri etmək mümkündür.

Ümumiyyətlə, zaman-zaman Rusiyada belə dalğavari şəkildə Azərbaycana qarşı hücumlar olur. Amma Rusiya aqoniya vəziyyətinə düşdükcə, onun özünüqoruma instinkti zəiflədikcə, Ukraynanın basqıları artdıqca, hərb meydanında uğursuzluqları çoxaldıqca, Rusiyanın, onun idarəçilərinin və mətbuatının da sanki sinirləri gərilir. Bu cür Azərbaycan, Ermənistan, türk xalqları əleyhinə, bəzən isə Türkiyə əleyhinə ağla sığmaz yazılar dərc edirlər.

Azərbaycan Rusiya ilə münasibətlərini normal şəkildə saxlamağa çalışır. Təyyarə böhranından sonra, bu münasibətlər ciddi şəkildə sınağa çəkildi. Amma bununla yanaşı, Azərbaycan bu şəraitdə də soyuqqanlı, ağıllı siyasətlə bu məsələləri həll etməyə çalışır".

Analitik bildirib ki, sözün həqiqi mənasında Moskva rus ayısının jestləri ilə davranır.

"Özünü hələ də böyük imperiya hesab edir, digər xalqlara yuxarıdan aşağı baxır. Müstəqil siyasət yürüdənlərə qarşı qəzəbli olur. Bütün bunların hamısı bir ölkənin siyasətində ciddi böhranların olduğunu göstərir.

Mətbuat Şurasının bəyanatı özündə bütün bunları akkumulyasiya edib. Çox soyuqqanlı, əsaslı, təkzibolunmaz sübutlarla dolu olan bir bəyanat imzalayıb. Hesab edirəm ki, Rusiya mətbuatındakı sağlam düşüncəli insanlar hər halda bu müraciətin ruhunu düzgün anlayacaqlar.

Ölkələrarası münasibətlər, mətbuat münasibətindən keçmir. Bunlar müəyyən ənənələrə, maraqlara əsaslanır. Azərbaycanı da Rusiyanın indi yaxın əlaqələrdən, dostluqdan başqa heç bir əlavə münasibətlər orbitinə çəkmək mümkün deyil".


Geri qayıt