Əsas Səhifə > Ana xəbər / Güney Press > Toy mövsümü açıldı: Bəs qızılın bazarı?
Toy mövsümü açıldı: Bəs qızılın bazarı?Bu gün, 02:26 |
|
Toy mövsümünün başlaması ilə qızıl-zinət əşyalarına tələbat yenidən artıb. Son dövrlərdə dünya bazarında qızılın qiymətinin yüksəlməsi isə toy və nişan alış-verişinin büdcəsinə də təsirsiz ötüşmür. Bəs ötən ilin eyni dövrü ilə müqayisədə qızıl nə qədər bahalaşıb və bu artım istehlakçıların seçimlərinə necə təsir göstərir? “Cebheinfo.az"-a danışan “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə beynəlxalq bazarda qızılın qiymətində təxminən 30 faizlik artım müşahidə olunur. Onun sözlərinə görə, bu dinamika qlobal bazarda qızılın bahalaşma tendensiyasının davam etdiyini göstərir: “Bununla yanaşı, qızıl-zinət əşyalarının pərakəndə satış qiyməti yalnız xammal qızılın bazar dəyəri əsasında formalaşmır. Məmulatın əyarı və çəkisi, istehsal və emal xərcləri, dizayn xüsusiyyətləri, texnoloji mürəkkəbliyi, qiymətli daşların keyfiyyət göstəriciləri, eləcə də idxal və logistika xərcləri son satış qiymətinə təsir göstərir. Bu səbəbdən zinət əşyaları bazarındakı qiymət dəyişikliklərinin bütün məhsullar üzrə vahid faiz göstəricisi ilə ifadə edilməsi iqtisadi baxımdan əsaslı olmazdı”. Rövşən Əmircanov əlavə edib ki, toy mövsümünün başlanması qızıl-zinət əşyaları bazarında mövsümi tələbin və bazar fəallığının yüksəlməsi ilə müşayiət olunur: “Azərbaycan Zərgərlər Assosiasiyasının apardığı bazar müşahidələrinə əsasən, bu sahədə satışların təxminən 70 faizi toy, nişan və digər mərasimlərlə əlaqədar həyata keçirilən alışların payına düşür. Bu göstərici mərasimyönümlü istehlakın zərgərlik bazarının ümumi dövriyyəsində mühüm yer tutduğunu göstərir. Toy mövsümündə əvvəlcədən planlaşdırılmış alışların intensivləşməsi müxtəlif kateqoriyalı zinət əşyalarına tələbin artmasına və bazarda satış fəallığının yüksəlməsinə səbəb olur. Toy və nişan mərasimləri ilə bağlı qızıl alışları ənənəvi xarakter daşıdığı və əsasən əvvəlcədən planlaşdırıldığı üçün bu seqmentdə tələb qiymət dəyişikliklərinə digər istehlak istiqamətləri ilə müqayisədə daha az həssas olur”. Ekspert vurğulayıb ki, istehlakçılar qızıl-zinət əşyası alarkən satış qiyməti ilə yanaşı, məmulatın üzərində dövlət əyar damğasının mövcudluğuna, əyar və çəki göstəricilərinə, habelə etiketdə və müşayiətedici sənədlərdə qeyd olunan məlumatların məhsulun faktiki xüsusiyyətlərinə uyğunluğuna diqqət yetirməlidirlər: “Qiymətli daşlarla işlənmiş məmulatlarda daşın çəkisini, rəngini, təmizlik dərəcəsini, təraşlanma xüsusiyyətlərini və digər əsas keyfiyyət parametrlərini əks etdirən, etibarlı gemoloji qurum tərəfindən verilmiş sertifikatın mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Həmçinin daşın təbii və ya laboratoriya şəraitində yetişdirilmiş olması, hər hansı emala məruz qalıb-qalmaması və yaxud imitasiya məhsulu olub-olmaması barədə məlumatlar alıcıya aydın və yoxlanıla bilən formada təqdim edilməlidir”. Rövşən Əmircanov qeyd edib ki, bazarda mövcud problemlərdən biri də qiymətli daşların mənşəyi və keyfiyyət göstəriciləri barədə məlumatların ayrı-ayrı hallarda natamam, qeyri-dəqiq və ya yoxlanılması mümkün olmayan formada təqdim edilməsidir: “Bu vəziyyət məmulatın faktiki keyfiyyətinin və real dəyərinin müəyyənləşdirilməsini çətinləşdirir, eyni zamanda istehlakçı risklərini artırır. Buna görə də sertifikatı verən qurumun etibarlılığına, sənədin identifikasiya nömrəsinə və sertifikatda göstərilən məlumatların məmulatın faktiki xüsusiyyətləri ilə uyğunluğuna xüsusi diqqət yetirilməlidir. Alış faktını təsdiq edən kassa qəbzini, məmulatın etiketinin, gemoloji sertifikatın və digər müşayiətedici sənədlərin saxlanılması mümkün mübahisəli hallarda istehlakçı hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır”. Geri qayıt |