Əsas Səhifə > Ana xəbər / Güney Press > “Şapka Mamed” qalmaqalı böyüyür

“Şapka Mamed” qalmaqalı böyüyür


Bu gün, 17:47

"Aqrarkredit"in sabiq sədri, "Şapka Məməd" kimi tanınan Məmməd Musayevin qanunsuz əməlləri ilə bağlı sensasion faktlar üzə çıxıb. Məlumatlara görə, onun rəhbərliyi dövründə əlindən milyardlarla manat dəyərində “toksik” kreditlər keçib. Bu nəhəng məbləğlərin böyük bir hissəsinin "Şapka Mamed" şəxsi var-dövlətinə qata bilib.

Məmməd Musayevin dünyanın dörd bir tərəfində milyardlarla manat dəyərində daşınmaz əmlaka sahib olduğu, Karlovı Varıda böyük biznesinin olduğu da bilinir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu qədər böyük var-dövlətə sahib olan şəxs Qarabağda, Xankəndidə balaca bir köşk tikintisinə 1 manat belə yatırmayıb.

Hazırda Məmməd Musayevin ətrafından olan şəxslərlə bağlı da genişmiqyaslı araşdırmalar aparılır. Sabiq sədrin öz yaxınlarını nəhəng maliyyə əməliyyatlarına cəlb etdiyi, lakin onlara yalnız "aylıq maaş" verdiyi üzə çıxıb. Həbsdə olan yaxınları hələ azadlıqda olanda gileylənirmişlər ki, milyonlarla manatlıq mənimsəmələrin müqabilində onlar, sadəcə, sıravi işçi kimi istifadə olunurlar.

Bundan əlavə, Məmməd Musayevin şəxsən nağdlaşdırma proseslərində iştirak etdiyini göstərən konkret epizodların olduğu vurğulanır. Redaksiyamıza daxil olan məlumatlara əsasən, hazırda bu faktlarla bağlı ciddi tədbirlər görülür. İş üzrə adı keçən digər şəxslərin də dindirilməsi zərurəti yaranıb. Toplanmış təkzibolunmaz sübutlar fonunda Məmməd Musayevin özünün də həbs edilməsi an məsələsidir və yaxın günlərdə bu istiqamətdə qəti addımların atılacağı ehtimalı böyükdür.

Məmməd Musayevin "Turanbank" üzərindən həyata keçirdiyi maxinasiyalar da araşdırma predmetidir. Bildirilir ki, bankın Müşahidə Şurasının sədri Rauf Kazımov Məmməd Musayevin oğlu Fuad Musayevin tələbə yoldaşıdır. Vaxtilə onun vasitəsilə bankın Binəqədi filialına sıravi işçi olaraq işə götürülüb. Fuad Musayev bankın Müşahidə Şurasının sədri postuna gətiriləndən sonra Rauf Kazımovu sədr müavini vəzifəsinə təyin ediblər. Rauf Kazımovun əsas fəaliyyəti Sahibkarlığa Kömək Milli Fondundan "Turanbank"a ötürülən, sahibkarlara verilməsi üçün nəzərdə tutulan ucuz kreditləri alıb öz firmasına köçürmək və nağdlaşdıraraq Musayevlərə ötürməkdən ibarət olub. Hətta bir əməliyyatda 1 milyon 500 min manat ucuz kreditin Musayevlərə ötürüldüyü iddiası da var.

Musayevlərin var-dövlətinə bu şəkildə dəstək verməklə Rauf Kazımov onların etimadını qazanıb və nəhayətdə Fuad Musayev digər vəzifəyə keçməsi ilə əlaqədar onu öz postuna qoyub. Ən diqqətçəkən məqam budur ki, "Turanbank" Azərbaycanda yeganə bankdır ki, elektron yazışmalara o qədər də meyllənmir, hələ də kağız üzərindən yazışmalar aparır. Bu məqamın da Məmməd Musayevin özəl maraqlarına xidmət etdiyi iddia olunur.

Digər bir maraqlı məqam isə "Turanbank"ın Problemli Kreditlərlə İş Departamentinin bankdan kənar, Hüseyn Cavid prospektində, elə Məmməd Musayevin inşa etdiyi 3 hündürmərtəbəli binadan birinin birinci mərtəbəsində yerləşməsidir. Departamentin direktoru Röyal Hacıyev Məmməd Musayevin sözünü deyən, onun "şillə vuranı" olaraq tanınır. Bankın mərkəzi ofisi Qutqaşenli küçəsində yerləşsə də, Problemli Kreditlərlə İş Departamenti Məmməd Musayev və Röyal Hacıyevin bu cür "işgüzar" münasibətlərinə görə birincinin tikdirdiyi, özünün yaşadığı binanın 1-ci mərtəbəsinə köçürülüb. Yeri gəlmişkən, hər 3 binanın idarəçiliyi Məmməd Musayevin kürəkəni Rəşad Orucovun atası Temraz Orucova həvalə olunub.

Xatırladaq ki, Məmməd Musayevin yaxınları Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Əməliyyat nəticəsində "Şurabad quşçuluq" MMC-nin direktoru Fuad Süleymanov, "Şurabad broyler"in direktoru Tofiq Musayev, "Salyansüd" MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb.

İlkin ittihama görə, Məmməd Musayevin yaxın ətrafına daxil olan şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə "Aqrarkredit" QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə, şəxsi ehtiyaclara sərf edilib. "Şapka Məməd"in həbs olunan yaxın adamlarına xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham verilib, məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində "Aqrarkredit" QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, indi həbs edilən şəxslər Məmməd Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər. Tutulanlardan Tofiq Musayev onun qardaşı oğludur, Fazil Rüstəmov isə Musayevin müavini işləyib.

Əlavə edək ki, "Aqrarkredit" QSC (Bank olmayan kredit təşkilatı) səhmləri tamamilə dövlətə məxsus olan maliyyə qurumudur. QSC-nin əsas məqsədi sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsidir. "Aqrarkredit"in 2001-ci ildən 2025-ci ilə kimi rəhbəri Məmməd Musayev olub. Sahil Babayev maliyyə naziri təyin ediləndən bir müddət sonra o, QSC-dən kənarlaşdırılıb.

Musavat.com


Geri qayıt