Əsas Səhifə > Ana xəbər / Güney Press > Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş

Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş


Bu gün, 16:32

İran prezidenti Məsud Pezeşkian son açıqlamalarında Azərbaycanı İranın dostu və qardaş ölkəsi adlandıraraq Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə təşəkkür edib. Lakin prezidentin bu barışdırıcı mövqeyi İran daxilində hamı tərəfindən bölüşülmür. Son günlər SEPAH-a yaxın media şəbəkələrində Azərbaycan yenidən İsrailin bölgədəki tərəfdaşı kimi təqdim olunur, Bakı İsrailə enerji verməkdə, Xəzəri yeni qarşıdurma meydanına çevirməkdə və İranın təhlükəsizliyinə risk yaratmaqda ittiham edilir. “Təsnim”də yayımlanan materiallarda Azərbaycan və Qazaxıstandan İsrailə gedən neft xüsusi olaraq qabardılır, mümkün Xəzər qarşıdurmasının Azərbaycan və Avropa üçün ağır nəticələr doğuracağı vurğulanır.

Beləliklə, Tehrandan Azərbaycanla bağlı iki ayrı səs gəlir: Pezeşkian qonşuluq, dostluq və iqtisadi əməkdaşlıqdan danışır, İranın sərt siyasi-hərbi dairələri isə Azərbaycan–İsrail münasibətlərini əsas gətirərək Bakıya qarşı təhdid və ittiham dilini qoruyur.

Əgər Pezeşkian Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasında maraqlıdırsa, niyə paralel olaraq İran mediasında Azərbaycana qarşı ittihamlar, neqativ xəbərlər və düşmənçilik ritorikası davam edir? Bu nifrət dili nə qədər davam edə bilər? Bunun real nəticəsi nə ola bilər?

Mövzu ilə bağlı sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov Musavat.com-a danışıb.

O bildirib ki, İran üçün hazırkı mürəkkəb dövrdə ölkə daxilində müxtəlif siyasi mövqelərin ortaya çıxması təəccüblü deyil. Tofiq Zülfüqarovun sözlərinə görə, İranda və digər ölkələrdə Azərbaycana düşmən mövqedə olan dairələrlə yanaşı, Azərbaycanla dostluq və tərəfdaşlıq siyasətinin tərəfdarı olan qüvvələr də mövcuddur və bu qüvvələr arasında müxtəlif formalarda rəqabət gedir:

"Xüsusilə İran üçün çox mürəkkəb olan indiki dövrdə biz görürük ki, Azərbaycana münasibətdə, eləcə də ümumilikdə mövcud böhranla bağlı müxtəlif mövqelər sərgilənir. Çox yaxşı haldır ki, bizə müsbət münasibət bəsləyən prezident Məsud Pezeşkian Azərbaycanın bu dövrdəki siyasətini yüksək qiymətləndirib. Lakin bəllidir ki, buna qarşı olan qüvvələr də var. Əslində, burada əsas sual ondan ibarətdir ki, onlar hansı məqsədləri güdürlər? Azərbaycanla münasibətlərin pisləşməsi ilk növbədə İran üçün mənfi nəticələrə gətirib çıxaracaq. O zaman sual yaranır: Bu bəyanatları verən dairələrin və qüvvələrin məqsədi nədir? Onlar İranın onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirmək istəyirlərmi? Çünki biz müharibənin aktiv fazasında gördük ki, Azərbaycan demək olar, İranın qonşuları arasında yeganə ölkələrdən biri olub ki, onun ərazisindən və mövcud nəqliyyat yollarından istifadə etməklə İrana humanitar yardım çatdırılıb. Prezident Pezeşkian da bunu xüsusi olaraq qeyd edib".

Tofiq Zülfüqarov hesab edir ki, bu vəziyyətdə Azərbaycana qarşı tənqidi fikirlər səsləndirən dairələrin məqsədi ciddi suallar doğurur:

"Bu dairələrin məqsədi nədir? Onlar həqiqətən Azərbaycana qarşı çıxış edirlər, yoxsa əsas məqsədləri İranın vəziyyətini daha da ağırlaşdırmaqdır? Əsas sual bundan ibarətdir. Azərbaycanın Naxçıvanına qarşı istifadə olunan hücumlar və planlarla bağlı da Azərbaycan həmin vaxt öz mövqeyini açıq şəkildə bildirib. Qeyd etmişik ki, bu, təkcə Azərbaycana qarşı atılan addım deyil, eyni zamanda İranın öz maraqlarına qarşı yönəlmiş addımdır".

Onun sözlərinə görə, hazırda da İranın siyasi elitasında İran-Azərbaycan münasibətlərini münaqişə səviyyəsinə çıxarmağa meyilli dairələr mövcuddur:

"Təbii ki, hazırda həmin dairələr müəyyən mənada onlara qarşı olan siyasi qüvvələr tərəfindən neytrallaşdırılır və prezident Pezeşkianın son açıqlamaları da məhz buna işarədir. Lakin həmin dairələr öz məkrli, Azərbaycana qarşı və eyni zamanda İranın maraqlarına zidd olan siyasətlərini davam etdirirlər. Əslində, artıq vaxt gəlib çatıb ki, İran cəmiyyəti bu qüvvələrdən soruşsun: Onların məqsədi nədir? Düşmən dəyirmanına su tökməkdirmi? Onların fəaliyyəti bundan ibarətdirmi?"

Tofiq Zülfüqarov hesab edir ki, İran daxilində Azərbaycana qarşı fəaliyyət göstərən dairələrə münasibətdə əsas cavab İran cəmiyyəti və ölkənin siyasi qüvvələri tərəfindən verilməlidir:

"Bu, çox mürəkkəb məsələdir. Əminəm ki, bu düşmən dairələrə cavabı ilk növbədə İran cəmiyyəti və İran siyasətçiləri verməlidirlər və belə qüvvələri neytrallaşdırmalıdırlar".

T.Zülfüqarov Azərbaycana qarşı nifrət ritorikasının mümkün nəticələrinə də toxunub:

"Prezident Pezeşkian açıq şəkildə göstərib ki, humanitar baxımdan Azərbaycan bu müharibə dövründə İrana dəstək olub. Azərbaycana qarşı çıxış edən dairələrin məqsədi isə, görünür, İranı bu dəstəkdən də məhrum etməkdir. Bu, bəllidir. Ümumiyyətlə, İran siyasi elitası çox mürəkkəb vəziyyətdədir. Müxtəlif qüvvələrin, o cümlədən xarici qüvvələrin oyununu oynayan aktorların müxtəlif addımlar atdığını görürük. Bu addımların bir qismi də Azərbaycana qarşı yönəlib. Öz fikrimi bir daha təkrar etmək istəyirəm: İran cəmiyyəti və İranın siyasi elitası ilk növbədə bu həmlələrə özləri cavab verməlidirlər. Təbii ki, biz öz mövqeyimizdə qalırıq. Biz İran cəmiyyətini, İran xalqını həmişə dost, tarixi tellərlə bağlı olduğumuz və bizə yaxın olan bir ölkənin xalqı kimi görür və tanıyırıq. Azərbaycan da bu əlaqələrin güclənməsi istiqamətində lazımi addımları atır və bundan sonra da atmaqda davam edəcək".

Musavat.com


Geri qayıt