Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvanda bütün problemlərin səbəbkarı tapıldı...

Naxçıvanda bütün problemlərin səbəbkarı tapıldı...


Bu gün, 06:10

"Naxçıvanın İnsan Hüquqları Müvəkkilləri əsl günahkarı tapdılar: Mən imişəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Naxçıvandan adını çəkməyəcəyim bir xanım mənə yazıb:
“Salam, Heydər bəy. Sizi narahat edən Naxçıvan sakinidir. Bəlkə də kimsə sizə təşəkkür etmək üçün yazır, amma mən əksini deyirəm. Naxçıvanı deyə -deyə pis günə saldız. İnsanların çörəyi ilə oynadız. Omdudsman belə-elə dediz. İndi başınızı rahat yastığınıza qoyun yatın, 20 dən çox ailənin çörəyinə bahis olduz. Evimdə vətənə 2 əsgər böyüdürəm. Səlahiyyətli nümayəndəlik insanları aldadıb işlə təmin edir, güya iş yerlərinə yaxınlaşırsan deyir, get dimdən imtahan ver. Səbəbkar sizsiniz, arxayınlayın”.
Xanımın bu yazısından belə anladım ki, o, bir neçə ay əvvəl ləğv olunan Naxçıvan MR Ombudsmanında işləyirmiş. İdarə ləğv olunduqdan sonra işsiz qalıb və günahkar axtara-axtara gəlib məni tapıb.
Açığını deyim ki, mənim Naxçıvanda Ombudsman təsisatının varlığı barədə o idarənin keçmiş direktoru Ülkər Bayramova vəzifəsindən çıxarılıb Doğum evinə direktor qoyulmasından sonra xəbər tutmuşam və bu məlumata xeyli təəccüblənmişəm. Təkcə ona görə yox ki, tibb təhsili olmayan bir adam 14 il Ombudsman işlədikdən sonra necə Doğum evinə direktor təyin olunur? Həm də ona görə ki, Naxçıvan və İnsan Hüquqları üzrə Müvəkkil bir araya sığmayan iki fərqli anlayışdır. Siyasi düşüncəsinə görə dəlixanaya salınan, indiyədək hansısa bir şəxsin hüququnu müdafiə etməyən, sadəcə Muxtar Respublikada da Ombudsmanlıq var deyə, boş-boşuna yüksək maaşlar alan bir idarənin əməkdaşının iş yerini itirdiyinə görə məni günahlandırması da eyni dərəcədə heyrətamiz durumdur.
Üstəlik, o idarənin ləğv olunmasının da mənə heç bir aidiyyəti yoxdur. Naxçıvan barədə tənqidi yazılarımda ümumiyyətlə bu idarənin adını belə çəkməmişəm. Çünki belə bir idarənin mövcudluğundan belə xəbərim olmayıb. Düzünü desəm, xəbərim olsaydı, çox ağır tənqidi yazılar qələmə alar və kiminsə məni qınamasına əhəmiyyət verməzdim. İnsan Hüquqları üzrə Müvəkkilik idarəsi kimlərinsə heç bir iş görmədiyi halda maaş aldığı orqan olmalıdır, axı. Naxçıvanın hüquqları tapdalanan insanları öz haqlarının bərpası üçün jurnalistlərə üz tutmaq məcburiyyətində qalırsa və onun İnsan hüquqları üzrə müvəkkilləri “niyə haqları tapdalanan vətəndaşların şikayətlərini işıqlandırıb bizi çörəyimizdən edirsən” deyirsə, bu, artıq sözün bitdiyi yerdir.
Bütün bunlara baxmayaraq, mən işsiz buraxılan Naxçıvan MR İnsan Hüquqları üzrə Müvəkkillik (adını belə düz yazıb yazmadığımı bilmirəm) idarəsinin işçilərinə əsl “günahkarları” göstərmək istəyirəm. Sizin idarənizi mən yox, Naxçıvan MR Ali Məclisi ləğv edib. İnanmayacaqsınız, idarənizin ləğv olunduğu iclasda böyük ehtimalla köhnə patronunuz Ülkər xanım da iştirak edib. Hər halda, Konstitusiyaya görə, Ali Məclisə rəhbərlik etmək hüququ olmamasına baxmayaraq bu vəzifəni 1.5 illiyinə sədr müavini, 3.5 illiyinə isə sədr kimi bron götürən Bəxtiyar Məmmədovun təsərrüfatının 45 üzvündən biri Ülkər Bayramovadır. Və o, bizim Cəhri kəndindən deputat mandatı alıb. Kəndimizdə onu neçə nəfərin tanıdığı barədə isə məlumatım yoxdur.
Vallah, bütün bunlara baxmayaraq, artıq ləğv olunmuş Naxçıvan Ombudsmanlığının keçmiş işçilərinin heç kimi yox, məni günahlandırmasına bilmirəm ağlayım, yoxsa gülüm?
Məşhur şeirlərdən birində deyildiyi kimi,
“Başa sal sən məni əvvəl, bu mənəm, mən deyiləm,
Qalmışam mat-məəttəl, bu mənəm, mən deyiləm”..."

Geri qayıt