Əsas Səhifə > Ana xəbər / Güney Press > Yerlibazlıq və qohumbazlıqdan dövlətçilik prinsipinə

Yerlibazlıq və qohumbazlıqdan dövlətçilik prinsipinə


Bu gün, 04:13

İnkişaf etmiş dövlətlərin əsas üstünlüklərindən biri odur ki, orada insanın taleyi onun hansı məmuru tanımasından, hansı rayondan olmasından və ya kiminsə qohumu olmasından asılı olmamalıdır.
Dövlət sistemi şəxsi münasibətlər və yerlibazlıq üzərində deyil, qanun, ədalət və bərabər imkanlar prinsipi üzərində qurulmalıdır.
Təəssüf ki, biz bu düşüncə tərzindən tam şəkildə uzaqlaşa bilməmişik. İnsan bəzən dövlət qarşısında qanuni haqqını tələb etmək əvəzinə, hansısa məmurun şəxsi qayğısına ümid edir.
Məmur bir vətəndaşın problemini həll edəndə, tibbi xərclərinə kömək edəndə və ya maddi dəstək göstərəndə həmin şəxs insanların gözündə böyük hörmət qazanır. Halbuki vətəndaş bilməlidir ki, onun haqqı şəxsi yaxşılıq deyil, qanunla təmin olunmalı olan hüquqdur.
Əgər vətəndaşın güzəranını yaxşılaşdırmaq üçün dövlət büdcəsindən ayrılan vəsait qanuni və şəffaf şəkildə sahibinə çatmırsa, sonra həmin vəsaitin bir hissəsi kiminsə şəxsi təşəbbüsü ilə vətəndaşa yardım kimi təqdim olunursa, burada ciddi sistem problemi var.
Dövlət vəsaiti mənimsənilib, sonra həmin vəsaitdən insanlara “yaxşılıq” göstərilməsi nə qəhrəmanlıqdır, nə də dövlətçilik. Əksinə, belə yanaşma dövlət idarəçiliyinə və cəmiyyətin ədalət anlayışına böyük zərər vurur.
Əsl dövlət adamı insanları özünə möhtac vəziyyətə salan yox, onların dövlət qarşısındakı hüquqlarının təmin olunmasına çalışan şəxsdir. Vətəndaş bir məmurun qapısını döyüb şəxsi yardım istəməməlidir. Vətəndaş bilməlidir ki, onun haqqı qanunla qorunur və heç kim həmin haqqı şəxsi münasibətə çevirə bilməz.
Ona görə də yerlibazlıq, qohumbazlıq, tanışlıq və şəxsi münasibətlər üzərində qurulan düşüncə tərzindən uzaqlaşmalıyıq. Dövlət vəsaitlərini qanunsuz mənimsəyən, vətəndaşın haqqını mənimsəyib sonra özünü xeyirxah kimi göstərən şəxslərə hüquqi qiymət verilməlidir.
Biz cəmiyyət olaraq “mənə kim kömək edəcək?” sualından “mənim qanuni haqqım niyə vaxtında təmin olunmur?” sualına keçməliyik.
Dövlətin gücü ayrı-ayrı məmurların şəxsi imkanlarında deyil, qanunun hamıya eyni tətbiq olunmasındadır. Ədalətli sistem qurulmadan, dövlət vəsaitlərinin şəffaf idarə olunması təmin edilmədən və korrupsiyaya yol verən şəxslər məsuliyyətə cəlb edilmədən davamlı inkişafdan danışmaq çətindir.
Əsl məqsəd məmurun vətəndaşa yaxşılıq etməsi yox, vətəndaşın öz haqqını heç kimə minnət qoymadan ala bildiyi dövlət sistemi qurmaqdır.
Səxavət Kəlbəcərli - "DİA-AZ"

Geri qayıt