Əsas Səhifə > Ana xəbər / Güney Press > Hörmüzdən Zəngəzura uzanan “qırmızı xətt”:
Hörmüzdən Zəngəzura uzanan “qırmızı xətt”:Bu gün, 04:05 |
İranlı general Rəhim Səfəvinin açıqlamaları göstərir ki, Tehran TRIPP layihəsində ABŞ-ın iştirakını yalnız iqtisadi və nəqliyyat layihəsi kimi deyil, milli təhlükəsizlik və sərhədlərin toxunulmazlığı məsələsi kimi qiymətləndirir. Xüsusilə ABŞ hərbçilərinin və ya təhlükəsizlik qüvvələrinin prosesdə iştirakı ehtimalına qarşı “qisas” mesajının verilməsi İranın bu layihəni özünün regional maraqlarına birbaşa təhdid hesab etdiyini göstərir. Bu baxımdan əsas məsələ bəyanatın sadəcə siyasi ritorika olub-olmaması deyil, onun reallaşacağı təqdirdə Cənubi Qafqazda hansı təhlükəsizlik zəncirini işə sala biləcəyidir.
Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-İran müharibəsindən açıq-aydın gördüyümüz kimi, İran öz suveren ərazisi hesab etdiyi Hörmüz sularında ABŞ-ın hərbi qüvvələrinin varlığını qəbul etmir. Hazırda Hörmüz blokada şəraitindədir. İran üçün bu marşrut həyati əhəmiyyətli olsa da, ABŞ-ın hərbi mövcudluğuna son vermək üçün İran Hörmüzün blokadada saxlanmasına dözməyə razıdır: “Rəhim Səfəvi həm də onu demişdir ki, “Cənub sərhədimizdə (yəni Hörmüzdə) ABŞ-ın varlığına dözmürüksə, şimal sərhədimizdə niyə bunu qəbul etməliyik?!”. Buradan anlaşılan odur ki, əgər Ermənistan-İran sərhədində, yəni TRIPP marşrutu üzrə təhlükəsizlik xidməti Amerika qüvvələri tərəfindən həyata keçirilərsə, İran buna mane olacaq tədbirlər görə bilər. İranın potensial hərbi müdaxiləsi, yaxud ABŞ-İran müharibəsi kontekstində çəkiləcək yeni dəmir yolu xəttinə ziyan dəyməsi təhlükəsi layihənin razılaşdırılmış formada reallaşdırılmasının önündəki real risklər olaraq dəyərləndirilir. İran rəsmilərinin bəyanatında vurğulanır ki, əgər Ermənistanda regional kommunikasiyanın açılması istənilirsə, təhlükəsizlik də ermənilərin özləri tərəfindən təmin edilməlidir. Bu, İranın əslində layihənin reallaşmasında maraqlı olduğunu, lakin sərhəddə Amerikan hərbi-təhlükəsizlik əməkdaşlarının varlığını qəbul etməyəcəyini göstərir”. Politoloq bildirib ki, Ermənistan rəsmiləri 2025-ci ildə TRIPP sazişi imzalanandan bəri İranı əmin etməyə çalışırlar ki, bu layihə regionun ortaq maraqlarına xidmət edəcək və İranın strateji və keçid imkanlarını məhdudlaşdırmayacaq. Əksinə, bu layihə Şimal-Cənub dəhlizinə birləşərək İranın Qara dəniz-Fars körfəzi arasında yeni əlaqə imkanları ilə təmin olunmasına şərait yaradacaq. Ermənistanın təklif etdiyi bu layihə Paşinyanın “Sülh Kəsişməsi” layihəsinin bir parçasıdır. Lakin İran Ermənistanın keçilməz dağlıq ərazilərindən deyil, məhz Azərbaycandan, Naxçıvandan keçən ənənəvi xəttin dirçəldilməsində maraqlıdır. XX əsrin böyük hissəsində İran Culfası–Naxçıvan–İrəvan–Tiflis istiqaməti Cənubi Qafqazın mühüm nəqliyyat arteriyalarından biri olub. Başqa sözlə, hazırda Şimal-Cənub dəhlizi üzrə həm Astaradan, həm də Naxçıvandan keçəcək ümumilikdə iki dəmir yolu, həmçinin Zəngilandan keçəcək yeni avtomobil yolu layihələri İranı daha çox maraqlandırır və bu istiqamətlərdə real iş gedir. Odur ki, Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsində Amerikan investisiyasının və gələcək qlobal tranzit keçidlərin təhlükəsizliyi Azərbaycan-Ermənistan təhlükəsizlik strukturları tərəfindən ortaq şəkildə təmin oluna bilər. Bu, bir təklif kimi müzakirəyə çıxarıla, layihənin potensial risklərini azaldan faktor olaraq nəzərdən keçirilə bilər. Geri qayıt |