Əsas Səhifə > Ana xəbər / Güney Press > Türkiyədə çökdürlən dini cərəyan Süleymançıların Azərbaycanda şəbəkəsi varmı?

Türkiyədə çökdürlən dini cərəyan Süleymançıların Azərbaycanda şəbəkəsi varmı?


Bu gün, 03:47

Türkiyədə Süleymançılara qarşı keçirilən əməliyyat bu dini cərəyanın Azərbaycandakı fəaliyyəti ilə bağlı sualları gündəmə gətirib.

Ajans.az xəbər verir ki, Türkiyədə Alihan Kurişin rəhbərlik etdiyi Süleymançılar qrupuna qarşı keçirilən əməliyyatlar bu dini cərəyanın fəaliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Əməliyyat zamanı qrupun fəaliyyəti, maliyyə əlaqələri və müxtəlif şəhərlərdəki strukturları ilə bağlı araşdırmalar aparıldığı bildirilir.

Məsələ Azərbaycanda da maraq doğurur. Çünki Süleymançılar kimi tanınan dini cərəyanın ölkəmizdə də müxtəlif formalarda fəaliyyət göstərdiyi barədə məlumatlar var. Bu səbəbdən əsas suallardan biri Türkiyədə baş verən proseslərin Azərbaycandakı mümkün şəbəkəyə təsir edib-etməyəcəyidir.

İlahiyyatçı Elşad Miri Ajans.az-a açıqlamasında bildirib ki, Süleymançılar Azərbaycanın müstəqillik əldə etməsindən sonra ölkədə fəaliyyət göstərən dini qruplardan biridir. Onun sözlərinə görə, bu camaat əsasən qeyri-rəsmi yataqxanalar, evlər və kurslar vasitəsilə fəaliyyət göstərib, burada Quran kursları və dini söhbətlər təşkil olunaraq uşaqlar və gənclər cəlb edilib.

Elşad Miri bildirib ki, qapalı fəaliyyət göstərdikləri üçün onların strukturlaşmasında hücrə sistemi modelindən istifadə olunub. Onun sözlərinə görə, “rabıta” adlandırılan yanaşma da qrupun qurucuları ilə əlaqə baxımından əhəmiyyətli hesab edilir.

İlahiyyatçı Süleymançıların xarici görünüşləri barədə də danışaraq qeyd edib ki, onlar əsasən tünd göy rəngli təkkələrdən istifadə etdikləri üçün “lacivert təkkəlilər” kimi tanınıblar və geyimləri ilə də seçiliblər.

Elşad Miri Azərbaycanda onların fəaliyyətinin Dövlət Komitəsinə məlum olduğunu da bildirib: “Azərbaycanda, təbii ki, fəaliyyət göstərirlər, hətta bu məsələ ilə bağlı Dövlət Komitəsinin də xəbəri var. Millət Cümə namazına onlara gedib, onların fəaliyyətində namaz qılınardı. Sonra uşaqları, gəncləri toplayıb fəaliyyət göstərirdilər. Hətta Şamaxıda da onların böyük bir mərkəzləri var idi. Amma bugünə qədər də müxtəlif adlarla fəaliyyətləri var. Bunu heç kim inkar edə bilməz”.

O, Süleymançıların iş adamları ilə əlaqələri və maliyyələşməsi ilə bağlı da iddialar səsləndirib:

“Söhbət iş adamlarına gedib çıxır. Həm maliyyə tapmaq həm onlardan yemək-içmək üçün istifadə etmək…”

Ajans.az məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də sorğu göndərib.

Hazırda qurumdan cavab gözlənilir.


Geri qayıt