Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe
Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqeBu gün, 03:34 |
|
Zəngəzur dəhlizinin açılması istiqamətində son proseslər fonunda Naxçıvanın regionun nəqliyyat, logistika və iqtisadi xəritəsindəki rolu yenidən gündəmə gəlir. Kommunikasiyaların bərpası Naxçıvanın Azərbaycanla birbaşa quru əlaqələrinin genişlənməsinə, muxtar respublikanın tranzit imkanlarının artmasına və yeni iqtisadi layihələrin reallaşmasına şərait yarada bilər. Eyni zamanda, Naxçıvan Sənaye Parkının fəaliyyətə başlaması və regionun enerji, sənaye və logistika potensialının inkişaf etdirilməsi muxtar respublikanın yeni iqtisadi mərhələyə hazırlanmasından xəbər verir. Bununla yanaşı, Naxçıvanın tarixi-mədəni irsinin qorunması və turizm potensialının inkişaf etdirilməsi də regionun yeni rolunun mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. Bütün bunlar Naxçıvanın uzun illər blokada şəraitində olan region kimi deyil, nəqliyyat dəhlizlərinin kəsişdiyi, sənaye və logistika imkanları genişlənən strateji məkan kimi formalaşdırılması istiqamətində atılan addımların tərkib hissəsi sayıla bilər. Zəngəzur dəhlizinin açılması Naxçıvanın geosiyasi əhəmiyyətini nə dərəcədə artıracaq? Yeni nəqliyyat bağlantıları Azərbaycanın regional tranzit imkanlarına necə təsir göstərəcək? Dəhlizin fəaliyyətə başlaması Azərbaycan iqtisadiyyatına nə qədər gəlir gətirə bilər? "Şübhə yoxdur ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanın Azərbaycanın ümumi iqtisadi və geosiyasi sistemində rolunu əhəmiyyətli dərəcədə dəyişəcək. Hazırda Naxçıvan Azərbaycan ərazisinin əsas hissəsi ilə birbaşa quru əlaqəsi olmayan, lakin Türkiyə və İranla sərhədləri sayəsində mühüm geosiyasi mövqeyə malik regiondur. Zəngəzur marşrutunun reallaşması isə Naxçıvanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin kəsişməsində yerləşən tranzit məkanına çevirə bilər. 2025-ci il Vaşinqton razılaşması və sonrakı TRIPP çərçivəsi də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən fasiləsiz bağlantının yaradılmasını nəzərdə tutur". Yusif Bağırzadə vurğulayıb ki, bu dəyişiklik Azərbaycanın geosiyasi çəkisinə də birbaşa təsir göstərəcək: "Azərbaycan artıq yalnız Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin iştirakçısı deyil, həmin marşrutun Cənubi Qafqazdan Türkiyəyə və daha sonra Avropaya çıxışını genişləndirən əsas logistika mərkəzlərindən birinə çevrilə bilər. Təqribi hesablamalara görə, Zəngəzur marşrutu ölkənin illik yükdaşıma potensialını təxminən 15 milyon ton artıra bilər. Horadiz–Ağbənd dəmir yolu və avtomobil yolunun Azərbaycan hissəsində tikinti işlərinin sürətlə aparılması da bu perspektivin yalnız siyasi bəyanat səviyyəsində qalmadığını göstərir". Politoloq əlavə edib ki, Naxçıvanın özündə isə nəticələr daha geniş ola bilər: "Birbaşa quru bağlantısının yaranması daşınma xərclərini və vaxtını azaltmaqla yanaşı, muxtar respublikaya yeni logistika mərkəzləri, anbar kompleksləri, emal müəssisələri və ixracyönümlü istehsal sahələri cəlb edə bilər. Naxçıvan Sənaye Parkının yaradılması da bu baxımdan təsadüfi deyil. Yəni məqsəd yalnız Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirmək deyil, yeni nəqliyyat imkanını real iqtisadi fəaliyyətə çevirməkdir". Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın illik tranzit gəlirini 3 milyard dollara çatdıra bilər: "İqtisadi gəlirlərlə gəldikdə isə Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhliz yüklərinin 10–15 faizi daşınarsa, Azərbaycanın illik tranzit gəliri gələcəkdə təxminən 3 milyard dollar ola bilər. Əsl iqtisadi effekt isə yalnız tranzit rüsumlarından ibarət olmayacaq. Dəhliz ətrafında logistika, sığorta, gömrük, anbar, servis, nəqliyyat və istehsal xidmətlərinin genişlənməsi əlavə dəyər yaradacaq. Bu baxımdan Zəngəzur xəttinin əsas üstünlüyü “keçid haqqı”ndan daha çox tranzit iqtisadiyyatının formalaşdırılmasıdır deyə bilərik. Ümumilikdə, dəhlizin açılması Naxçıvanın strateji əhəmiyyətini ciddi şəkildə artırmaqla yanaşı, Azərbaycanın regional tranzit xəritəsində mövqeyini də möhkəmləndirəcək". Geri qayıt |