Əsas Səhifə > Ana xəbər / Güney Press > Buğda bahalaşdı: Bəs çörək?

Buğda bahalaşdı: Bəs çörək?


Bu gün, 16:53

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 631,7 min ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 143,5 milyon ABŞ dolları olub. Məhz ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 14,7 min ton (2,2 %) az, dəyər baxımından isə 3,3 milyon ABŞ dolları (2,3 %) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,4 %-ni təşkil edib. 7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Buğdanın idxalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalsa da, idxal olunan buğdaya çəkilən xərcin artması diqqət çəkir. Bu isə daxili bazarda çörəyin qiymətinə təsiri ilə bağlı suallar yaradıb.

Buğdanın idxal qiymətindəki artım çörəyin qiymətinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, çörəyin qiymətinə müxtəlif amillər təsir edir:

“Təbii ki, buğdanın alış qiymətinin artması çörəyin qiymətinə təsir edə biləcək əsas amillərdən biridir. Amma hazırkı artım böyük rəqəmlərlə ifadə olunmur.

Çörək məhsullarının qiymətində il ərzində müəyyən dəyişikliklər və artımlar müşahidə olunur. İstehsalçılar da zaman-zaman qiymətlərə yenidən baxırlar. Nəzərə almaq lazımdır ki, çörəyin istehsalında yalnız buğda və undan istifadə olunmur.

Bundan əlavə, maya və digər qatqılar, işçi qüvvəsi, inzibati, daşınma və digər istehsal xərcləri var. Yəni un çörək istehsalçısının ümumi xərclərinin yalnız bir hissəsini təşkil edir və düşünürəm ki, bu pay 50 faizdən çox deyil”.

Ekspert qeyd edib ki, buğdanın alış qiymətinin bahalaşması istehsalçının ümumi xərclərini təxminən 2 % artıra bilər:

“Amma bu artımın avtomatik olaraq çörəyin qiymətində ciddi yüksəlişə səbəb olması gözlənilmir. Qiymətə müəyyən qədər təsir edə bilər, lakin bu təsirin cüzi olması ehtimalı daha yüksəkdir.

Ümumilikdə, çörək istehsalçısının un xərclərindən əlavə digər xərclərinin də artdığını görürük. Xüsusilə işçi, istehsal və daşınma xərclərində artımlar var.

Buna görə də bu xərclərin müəyyən hissəsinin məhsulun qiymətinə ötürülməsini müşahidə edə bilərik, amma bunun cüzi olması gözlənilir. Əhəmiyyətli qiymət artımı gözlənilmir”.


Geri qayıt