Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir?
Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir?Bu gün, 11:57 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin son iclasında səsləndirdiyi fikirlər ölkə daxilində və ekspert dairələrində geniş müzakirələrə səbəb olub. Baş nazir çıxışında cəmiyyətin dəyişən reallıqlara uyğunlaşmasının vacibliyini önə çəkərək, "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" kimi anlayışlarla formalaşmış düşüncə tərzinin yenidən nəzərdən keçirilməsinin zəruriliyindən danışıb. Bu yanaşma bir tərəfdən Ermənistanın gələcək inkişaf modeli ilə bağlı mesaj kimi dəyərləndirilir, digər tərəfdən isə ölkənin üzləşdiyi siyasi və təhlükəsizlik problemləri fonunda ictimai rəyin yönləndirilməsinə hesablanmış kommunikasiya strategiyası kimi şərh olunur. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Nikol Paşinyanın “dost”, “düşmən”, “qələbə” və “məğlubiyyət” kimi anlayışlardan uzaqlaşmaq çağırışını yalnız ritorik gediş kimi qiymətləndirmək düzgün olmaz. Politoloq qeyd edib ki, bunun arxasında Ermənistan cəmiyyətini müharibə məntiqindən sülh məntiqinə keçirməyə hesablanmış siyasi xətt görünür: "Paşinyan “Real Ermənistan” konsepsiyası çərçivəsində dövlət maraqlarını keçmiş münaqişənin emosional yükündən ayırmağa çalışır. 2025-ci ilin avqustunda da o, diplomatik proseslərin “qələbə və ya məğlubiyyət” prizmasından qiymətləndirilməsini yanlış yanaşma adlandırmışdı. Bu yanaşmanın əsas hədəfi Ermənistanın siyasi düşüncə modelini dəyişməkdir. Çünki uzun illər milli təhlükəsizlik diskursu “düşmən” obrazı, tarixi ədavət və itirilmiş ərazilərin bərpası ideyası üzərində qurulub. Bu çərçivə dəyişmədən Azərbaycan və Türkiyə ilə davamlı sülh münasibətlərinin ictimai legitimliyini təmin etmək çətindir. Paşinyan dövlətin uğurunu başqa ölkə üzərində qələbə ilə deyil, suverenliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunması ilə ölçməyi təklif edir. Region baxımından bu xətt Ermənistan-Azərbaycan münasibətlərində ritorik eskalasiyanın azalmasına, delimitasiyanın irəliləməsinə, kommunikasiyaların açılmasına və iqtisadi əlaqələrin genişlənməsinə şərait yarada bilər. Ermənistanın Qərblə yaxınlaşması və Rusiyadan daha müstəqil siyasət yürütməsi də Cənubi Qafqazda yeni balans yaradır. Amma bu modelin taleyini sözlər deyil, nəticələr müəyyən edəcək. Ermənistan cəmiyyəti sülhün real iqtisadi dividendlərini və təhlükəsizlik imkanlarını gördükcə bu düşüncə möhkəmlənə bilər. Əks halda sosial problemlər və təhlükəsizlik narahatlığı müxalifətin ritorikasını gücləndirə bilər. Ona görə Paşinyanın çağırışı həm siyasi düşüncənin dəyişdirilməsi cəhdi, həm də daxili gündəmə nəzarət mexanizmidir. Onun uzunmüddətli uğuru sülhün Ermənistan və region üçün real faydaya çevrilməsindən asılı olacaq". Geri qayıt |