|
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamil Səmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunur.
İş materiallarına əsasən, Kamil Səmədov tamah niyyəti ilə zərərçəkmiş K.Qocayevanın etibarından sui-istifadə edərək onun külli miqdarda pul vəsaitini ələ keçirib.
İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmişin etibarını qazanmaq üçün özünü polis əməkdaşı kimi təqdim edib. Bununla yanaşı, o, geniş əlaqələrə malik şəxs olması barədə qadında təsəvvür yaradıb.
Sonra Kamil Səmədov K.Qocayevanı müxtəlif biznes layihələrinə sərmayə yatırmağa inandırıb. Belə ki, təqsirləndirilən şəxs işlədəcəyi restoran biznesinə və Azərbaycana metal idxalı işinə ortaq olmaqla sərmayə yatıracağı halda zərərçəkmiş şəxsin yüksək məbləğdə gəlir əldə edəcəyinə dair yalan vəd verib.
K.Qocayevanın bu vədlərə inanmasından sonra Kamil 2023-cü il avqustun 9-da Bakı şəhərində notariat kontorlarının birinin yaxınlığında 88 000 manat pul alıb. Təqsirləndirilən şəxs həmin vəsaiti vəd etdiyi bizneslərə yatırmayaraq şəxsi ehtiyaclarına sərf edib.
Beləliklə, o, K.Qocayevaya 88 000 manat məbləğində külli miqdarda maddi ziyan vurub.
İstintaqın məlumatına görə, Kamil Səmədov bununla kifayətlənməyib. O, təkrarən qadının etibarından sui-istifadə edərək avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olması üçün ona vəsait ayıracağını və həmin fəaliyyət nəticəsində əldə edəcəyi gəlirlə borcunu qaytaracağını vəd edib. Bu məqsədlə Kamil Səmədov 2024-cü ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu, “MTV Azərbaycan” telekanalının yaxınlığında K.Qocayevadan 3 000 manat alıb. O, həmin pulu da şəxsi ehtiyaclarına sərf edib və verdiyi vədə əməl etməyib. Nəticədə zərərçəkmiş şəxsə daha 3 min manat maddi ziyan vurulub.
Beləliklə, Kamil Səmədov iki epizod üzrə K.Qocayevadan ümumilikdə 91 000 manat pul alıb.
Məhkəmə iclasında ifadə verən Kamil Səmədov özünü təqsirli bilməyib. O deyib ki, K.Qocayeva ilə münasibətləri 2023-cü ilin iyul ayında “TikTok” sosial şəbəkəsində başlayıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt onun “OZEL011” adlı səhifəsində polisin fəaliyyəti və polis əməkdaşlarının peşə bayramı ilə bağlı paylaşım olub. Zərərçəkmiş şəxs həmin paylaşımın altında təbrik mesajı yazıb. Daha sonra qadının ona şəxsi mesaj vasitəsilə yazdığını və bundan sonra aralarında münasibət yarandığını deyən Kamil bir neçə dəfə görüşdüklərini bildirib.
Kamil Səmədov məhkəmədə söyləyib ki, K.Qocayeva ona məxsus metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən evi satmaq qərarına gəlib. Evi zərərçəkmiş şəxsin özü satış məqsədilə “Tap.az” saytında yerləşdirib. Daha sonra ev 87 000 manata satılıb.
Təqsirləndirilən şəxs bildirib ki, satışdan əldə olunan vəsaitin bir hissəsi ona dəmir biznesinə yatırılması üçün verilib: “Zərərçəkmiş şəxs 50 000 manat pulu dəmir biznesinə yatırılması üçün mənə təqdim etdi”.
Kamil Səmədov həmin pulun 35 000 manatını Tural adlı şəxsə dəmir biznesi ilə bağlı verdiyini, daha sonra isə əlavə olaraq 15 000 manat da həmin şəxsə ödədiyini söyləyib. O, bu əməliyyat zamanı K.Qocayevanın və onun rəfiqəsinin də “City View” restoranında olduğunu deyib.
Təqsirləndirilən şəxs həmçinin K.Qocayevanın avtomobil almaq istədiyini və bu məqsədlə də pul xərcləndiyini əlavə edib.
Onun ifadəsinə görə, avtomobilin alınmasına 20 000 manat vəsait sərf edilib.
Kamil Səmədov qeyd edib ki, avtomobil alındıqdan sonra zərərçəkmiş şəxs əmək məzuniyyətinə çıxıb və onlar övladları ilə birlikdə rayonlara gediblər.
O, həmin dövrdə K.Qocayevanın oğluna velosiped aldığını, qızının “Niaqara” şadlıq sarayında keçirilən tədbiri ilə bağlı 2 800 manatlıq hesabı ödədiyini bildirib.
Təqsirləndirilən şəxs həmin ödənişlərə dair bank hesabından çıxarışların onda olduğunu da məhkəmənin diqqətinə çatdırıb.
Kamil Səmədov K.Qocayeva ilə münasibətlərinin uzun müddət normal olduğunu deyib: “Münasibətimiz noyabrın 6-dək normal davam edib”.
Təqsirləndirilən şəxs iddia edib ki, həmin gün zərərçəkmiş şəxs onun mobil telefonunda başqa qadınla yazışmaları görüb və qısqanclıq səbəbindən ondan şikayət edib.
Geri qayıt
|