Əsas Səhifə > Ana xəbər / Güney Press > İran AzTV-yə danışan məmurları həbs edəcək

İran AzTV-yə danışan məmurları həbs edəcək


Bu gün, 11:51

İran parlamenti xarici media ilə əməkdaşlığa görə həbs cəzası nəzərdə tutan yeni qanun layihəsini gündəmə gətirib. Tehran artıq Azərbaycanın dövlət televiziyası AzTV-ni “düşmən media təşkilatları” siyahısına daxil etdiyindən, layihə qüvvəyə minərsə, bu telekanala müsahibə verən İran vətəndaşları, o cümlədən məmurlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Musavat.com xəbər verir ki, İran parlamenti avqustun 16-da “düşmən media” ilə müsahibə və digər əlaqələri cinayət əməli sayan qanun layihəsinin ümumi müddəalarını qəbul edib.

Sənədə əsasən, İranın “düşmən” elan etdiyi media qurumlarına müsahibə vermək, onların verilişlərinə qatılmaq və ya onlarla informasiya əməkdaşlığı aparmaq altı aydan iki ilədək həbs cəzası ilə nəticələnə bilər. Digər xarici media ilə əlaqə barədə isə əvvəlcədən İranın Kəşfiyyat Nazirliyinə məlumat verilməsi tələb olunur.

Xarici səfirliklər, beynəlxalq təşkilatlar və qeyri-İran qurumları ilə yazılı icazə olmadan əlaqə saxlayan şəxslər üçün cərimə və müəyyən ictimai hüquqlardan məhrumetmə də nəzərdə tutulur. Xarici xüsusi xidmətlərin tapşırığı ilə İranın təhlükəsizliyinə zərər vuran fəaliyyətlərə görə cəza 30 ilədək artırıla bilər. Belə işlərə İnqilab məhkəmələrinin baxması planlaşdırılır. (Reuters, 16 avqust⁠)

AzTV də “düşmənlər” siyahısındadır

Məsələnin Azərbaycan üçün ən diqqətçəkən tərəfi AzTV-nin də İran tərəfindən “düşmən media təşkilatı” elan edilməsidir.

2026-cı il iyulun 27-də Azərbaycanın Medianın İnkişafı Agentliyi açıqlamışdı ki, İranın Kəşfiyyat Nazirliyi Azərbaycanın dövlət televiziyası AzTV-ni “düşmən media təşkilatları” siyahısına salıb və telekanalla əməkdaşlıq edən şəxsləri cinayət təqibi ilə hədələyib. Qərarın İran parlamenti tərəfindən deyil, Kəşfiyyat Nazirliyi tərəfindən qəbul edildiyi bildirilmişdi.

Bu halda yeni layihə qüvvəyə minərsə, AzTV-yə danışan iranlı siyasətçi, ekspert, dövlət qulluqçusu və ya sıravi vətəndaş “düşmən media ilə əməkdaşlıq” ittihamı ilə üzləşə bilər. Başqa sözlə, Azərbaycan dövlət televiziyasına müsahibə İranda həbsə aparan əməl kimi qiymətləndirilə bilər.


Geri qayıt