Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan silahları Sudan müxaliflərinin əlinə necə düşüb...
Azərbaycan silahları Sudan müxaliflərinin əlinə necə düşüb...Bu gün, 08:18 |
|
"Diqqətinizi, dünya silah bazarında xarici dairələr tərəfindən Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsinə yönəltmək istəyirəm. Bəli, sözün əsl mənasında, informasiya müharibəsindən..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə hərbi şərhçi, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli çıxış edib.
O daha sonra fikrinə belə davam edir: "Bəllidir ki, Azərbaycanın müdafiə sənayesi sahəsində sistemli və mərkəzləşdirilmiş fəaliyyətinin yaşı çox deyil. Əsasən 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra bu prosesə start verilib. Ötən 20 il ərzində böyük çətinliklər bahasına müxtəlif təyinatlı silah və sursatların, o cümlədən digər hərbi təyinatlı vasitələrin yaradılmasına - istehsalına nail olundu. Sərt rəqabətin və məhdidiyyətlərin hökm sürdüyü bu sektorda, hətta 7,62x39 mm-lik avtomatın lüləsinin istehsala hazır mərhələdə olan xammalının əldə olunması çox çətindir. Ya da ki, satış bazarında uduzmaq üçün real qiymətdən baha almağa məcbur edilirsən.
Deyə bilərsiniz ki, Azərbaycanın özü niyə bu lüləni istehsal etmir?! Nəzərinizə çatdırım ki, spesfik xammala malik olan atıcı silahın lüləsinin yaradılmasına təlabatına uyğun olaraq, yaxşı tanıdığımız Türkiyə belə nail ola bilməyib. Hətta Şərqi Avropa ölkələri də bu və bir çox məhsulların xammalının yaradılması məsələsini həll edə bilmir.
Gələk əsas məsələsə.
Bütün bu və digər ağır şərtlər əsasında istehsal olunan silahların bazara çıxarılması və rəqabətə davamlı qiymətlərlə satışı növbəti çətinlikdir. Bölgələr üzrə bu bazarın da öz qədim oyunçuları və şərtləri var. Etiraf etmək lazımdır ki, bu azərbaycanlılar üçün bu problem deyil. Əsas məsələ - problem Azərbaycana qarşı dünya silah bazarında iyrənc informasiya texnologiyalarından istifadə etməklə maneələr yaratmaq cəhdidir. Bəzən bu, yaxın bildiyimiz ölkələrin müəyyən stukturları tərəfindən də alovlandırılır.
Dərinə getmədən, qısaca bəzi xatırlatmalar etmək istərdim:
- 2023-cü ildə Azərbaycanın Ukraynaya artilleriya mərmiləri təchizatında iştirak etməsinə dair ukraynalı jurnalist vasitəsilə Avropa medasına informasiya ötürdülər. Əsassız olan bu məlumatın məqsədi Rusiya ilə qonşu dövlət kimi və həm də rusların güclü olduğu Afrika silah bazarında qarşı-qarşıya gəlmək idi.
- Bu günlərdə yenə Ukrayna iqtidarına yaxın olan informasiya portalında Azərbaycanın Rusiya üçün raket kompanentlərinin istehsalında iştirak etdiyinə dair məqalə yer aldı. Bunun həqiqət olmadığı aktdır. Amma bu məqalənin yayılmasında məqsəd nə idi? Əlbəttə ki, burada məqsəd Azərbaycanı Avropanın və Qərbin nəzarətində olan digər qitələrdəki bəzi ölkələrin silah bazarından sıxışdırıb, çıxartmaqdır. Yaxud da, şərtlərlə razılaşdırmaqdır.
- Nəhayət, ötən gün Azərbaycanın Sudanda hökumət əleyhinə olan qüvvələrin əlində Azərbaycan istehsalı iddia olunan UP-7,62x54 (PKM) pulemyotunun olmasına dair görüntülər idi. Əslində bu video görüntülərdə bildiyimiz PKM yer alıb.
Tutaq ki, bu PKM Azərbaycanda istehsal olunub. Bu o demək deyil ki, həmin məhsulun satışı birbaşa Azərbaycan dövləti tərəfindən həyata keçirilib. Bu gün kiçik çaplı atıcı silahların dövriyyəsini tam nəzarətdə saxlamaq mümkün deyil. İnandığın ölkəyə belə satdığın məhsul bir müddət sonra ağılagəlməz qitədə ortaya çıxa bilər. Bu gün Rusiyada istehsal olunan onlarla hərbi təyinatlı məhsulun Ukrayna ordusunda istifadəyə dair açıqlanan və ya açıqlanmayan faktlar var. Öz təcrübəmdən buna bənzər çoxsaylı məlumatlar deyə bilərəm.
Bir sözlə, Azərbaycan dünya silah bazarında mövqelərini gücləndirdikcə, ona qarşı iyrənc informasiya müharibəsi başlanılıb. Əlbəttə ki, bunun qarşısını almaq mümkün deyil. Sadəcə bilmək lazımdır ki, bu bazarda bizim tərəfdaşımız yoxdur. Təbii seçmə qaydaları ilə mövqelərimizi qoruyub saxlamağa çalışacağıq. Yəni müvazinətimizi itirmədən..."
Geri qayıt |