Əsas Səhifə > Ana xəbər / Güney Press > Unun qiyməti artır: çörək bahalaşacaqmı?
Unun qiyməti artır: çörək bahalaşacaqmı?Bu gün, 12:55 |
|
Azərbaycanda 50 kiloqramlıq unun topdansatış qiymətində ilin əvvəli ilə müqayisədə artım qeydə alınıb. Avqustun 10-dan etibarən ölkədə 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26,50–29,40 manat arasında dəyişir. İlin əvvəlində isə bu göstərici 26,10–28,60 manat təşkil edib. Beləliklə, unun topdansatış qiymətinin aşağı həddi 40 qəpik, yuxarı həddi isə 80 qəpik artıb. Bəs unun bahalaşması çörəyin qiymətinə də təsir edəcəkmi? Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a deyib ki, bu bahalaşmanın səbəbi maraq doğurur: "Hazırkı bahalaşmanın əsas səbəblərindən biri Rusiya-Ukrayna müharibəsinin yenidən kəskinləşməsi və Qara dənizdən taxıl ixracının əhəmiyyətli dərəcədə azalmasıdır. Bu amil dünya bazarında taxılın qiymətinin yüksəlməsinə, nəticədə isə unun bahalaşmasına səbəb olub. Düzdür, hazırda 50 kiloqramlıq bir kisə unun qiymətində 80 qəpik, hətta 1 manatlıq artımın çörəyin qiymətinə ciddi təsir göstərməsi gözlənilmir. Lakin bu tendensiya davamlı xarakter alarsa və taxılın qiymətində daha böyük artım baş verərsə, vəziyyət dəyişə bilər. Çünki Azərbaycanın əmtəəlik taxıl tələbatının təxminən 50 faizi xaricdən idxal hesabına təmin olunur. Bu baxımdan dünya bazarındakı qiymət artımı gələcəkdə daxili bazara daha ciddi təsir göstərə bilər. Sırf çörəyin qiymətinə gəldikdə isə hesab edirəm ki, yaxın dövrdə çörəyin bahalaşması ehtimalı yüksək deyil. Azərbaycanda çörəyin qiymətinə çox həssas yanaşılır. Buna görə də istehsalçılar qiyməti birbaşa artırmaq əvəzinə, alternativ addımlara gedə bilirlər. "Unun qiymətindəki artım müvəqqətidir, yoxsa qarşıdakı aylarda daha böyük bahalaşma riski var"sualına müsahibimiz bu cür cavab verib:"Bu, böyük ölçüdə Rusiya və Ukrayna taxılının dünya bazarına çıxarılması imkanlarının bərpa olunub-olunmamasından asılı olacaq. Hazırda Qara dənizdə vəziyyət kifayət qədər mürəkkəbdir və taxıl ixracı əvvəlki həcmdə həyata keçirilə bilmir. Ukrayna öz taxılını alternativ marşrutlarla, əsasən Rumıniya və Polşa üzərindən dünya bazarına çıxarmağa çalışır. Ukraynanın ixrac etdiyi taxılın həcmi kifayət qədər böyükdür – söhbət on milyonlarla tondan gedir. Rusiya da dünyanın ən böyük taxıl ixracatçılarından biridir. Ölkənin əsas taxıl ixrac infrastrukturlarından biri isə Qara dəniz sahilində yerləşən Novorossiysk limanıdır. Buradan taxıl Aralıq dənizi vasitəsilə Afrika və Asiya ölkələri də daxil olmaqla dünyanın müxtəlif bazarlarına göndərilirdi. Geri qayıt |