Əsas Səhifə > Ana xəbər / Güney Press > “Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..”

“Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..”


Bu gün, 11:44

“Mən məəttəl qalmışam ki, insanların tarixi şəxsiyyətlərimizə bu cür ikili standartlarla yanaşmaqda məqsədləri, qərəzləri nələrdir? Fazil Mustafaya sizin vasitənizlə salam göndərirəm və ondan soruşmaq istəyirəm ki, Şah İsmayıl Xətai ilə bağlı nə marağı, nə qərəzi var? Ümumiyyətlə nə əldə etmək istəyir? Türkiyə dövləti bugünlərdə rəsmi şəkildə Şah İsmayıl Xətaini tanıyıb və toxunulmaz şəxs olduğu haqda bəyanat verib. Əgər bu tarixi şəxsiyyətə Türkiyədə narazılıq yoxdursa, Azərbaycanda niyə olmalıdır?! Fazil Mustafa bir neçə il əvvəl də bu mövzunu gündəmə gətirmişdi. O vaxt görüşəndə mən ona etirazımı bildirdim. Gülümsədi, bir söz demədi. Bir professor da onun haqda cəfəngiyyat yazaraq bildirmişdi ki, guya anasını qətlə yetirib. Bu boyda yalan olmaz axı.. Mən bu fikirləri qətiyyətlə pisləyirəm. Ermənilər özlərindən yalan tarix və qəhrəmanlar yaradıb onları bütləşdirirlər, biz olan tarixi qəhrəmanlarımızı gözdən salmağa çalışırıq. Bilmirəm məqsədləri, niyyətləri nədir?!”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov deyib.

O daha sonra əlavə edib:

“Mən ömrümün 34 ilini Şah İsmayıl Xətai haqda çəkməyi planlaşdırdığım senariyə həsr etmişəm. Özü də bu filmin çəkilişini mənə Ulu Öndər Heydər Əliyev özü şəxsən tapşırmışdı. Bu müddət ərzində Fərman Kərimzadə, Əhmədağa Muğanlı, Ziya Bünyadov, Oqtay Əfəndiyev, Mahmud İsmayılov kimi şəxsiyyətlər senarinin içindən gəlib keçiblər, məsləhətçi olublar. Sonda mən tək qaldım və əsəri özüm tamamladım. Film artıq istehsalata buraxılmaq üzrə idi. Obyektlər seçilirdi, geyimlər tikilirdi, rekvizitlər sifariş verilirdi, aktyorlar da axtarılırdı.. Çox təəssüf hissi ilə qeyd edirəm ki, Heydər Əliyev dünyasını dəyişəndən bir müddət sonra mənə bəlli olmayan səbəblərdən filmin çəkilişlərini dayandırdılar. Bu gün də dayanıb. Mən o vaxt müəyyən qədər pul da xərcləmişdim. Hər şey şəxsən Heydər Əliyevin nəzarəti ilə fəaliyyət göstərirdi. 10-15 gündən bir ona hesabat verirdik. O həddindən artıq Şah İsmayıl Xətai haqda filmin çəkilməsinin marağında idi. Hətta bir dəfə fürsət düşdü, mən Ulu Öndərdən soruşdum ki, bu tələskənlik nədir belə? Çünki tarixlə bağlı orada faktlar var idi, onların hamısı da ağır tədqiqat işləri idi. Klassik bir senari idi. Ulu Öndər Heydər Əliyev dedi ki, mən göstərmək istəyirəm ki, Azərbaycan dahi şəxsiyyətlər ölkəsidir. Ulu Öndər dedi ki, mənə əyani fakt, sübut lazımdır. Bunun da ən gözəl nümunəsi kinodur” deyə o bildirib.

Xalq artisti deyir ki, filmin çəkilişlərinin dayandırılmasının səbəbləri ona bu gün də qaranlıq qalıb:

“Filmin çəkilişlərinin dayandırılmasının səbəbkarları birmənalı şəkildə Fatma Abdullazadə və Ramiz Mehdiyevdir. Çünki Heydər Əliyev dünyasını dəyişəndən sonra Ramiz Mehdiyev idarəçiliyi, Fatma Abdullazadə isə ideologiyanı, mədəniyyəti təmsil edirdi. Təbii ki, onların razılığı və xəbəri olmadan bu işi dayandırmaq mümkün deyildi. Mən bu işi başlayanda mənə qarşı aqressiv münasibətdə idilər. O vaxtı televiziyada “Qan yaddaşı”, “İrsimiz” verilişinin də yayımını dayandırıb, məni işdən çıxartdılar. Film çəkmək asan deyildi ki.. Məsuliyyət və böyük zəhmət tələb edirdi. Biz çalışırdıq ki, Ulu Öndərin bizə olan etimadını doğruldaq. Hətta mən 14 gün Türkiyədə, İranda, Leninqradda, Daşkənddə oldum. Nə qədər ariv sənədlər topladıq. Mən çox çalışdım, vuruşdum, qapılar döydüm, yalvarışlar etdim ki, bu filmin çəkilişlərini saxlamayın. Şah İsmayıl Xətai həm çox böyük dövlət xadimidir, həm də böyük mənəviyyat tariximizdir. Xətainin dili bugünkü danışıq dilimizdir. Mən bu gün təkcə bir adama ümüd edirəm. O da Arzu xanım Əliyevadır. Mən əsərimi onlara hədiyyə edirəm və lazım gəlsə çəkilişlərdə məsləhətçi kimi də iştirak edərəm. Çox istərdim ki, bu filmi onlar ekranlaşdırsınlar” deyə o bildirib.


Geri qayıt