Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan iki mühüm fiquru niyə dəyişdi?
Paşinyan iki mühüm fiquru niyə dəyişdi?Bu gün, 11:35 |
|
Məlum olduğu kimi Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub. Bu postda o, 8 il ərzində (2018-ci ildən) quruma rəhbərlik etmiş Armen Qriqoryanı əvəzləyib. “AzPolitika” xəbər verir ki, A.Simonyan yerli mətbuata verdiyi ilk müsahibəsində yeni təyinatını şərh edərək, xarici tərəfdaşlarla münasibətlərin dərinləşdirilməsində uğur qazanacağına əminliyini ifadə edib. Bir neçə həftə əvvəl gözlənilmədən parlament spikerliyi namizədliyindən kənarlaşdırılan və deputat mandatından imtina edərək “dincəlmək istədiyini” bildirən Simonyan, yeni vəzifə təklifinin birbaşa Baş nazir Nikol Paşinyandan gəldiyini bəyan edib. İrəvandakı siyasi və diplomatik kulislərdə isə Paşinyanın uzun illər bu postda olan və Bakı ilə birbaşa təmaslarda əsas fiqurlardan sayılan Qriqoryanı nə üçün kənarlaşdırdığı geniş müzakirə olunur. Yeni katibi Təhlükəsizlik Şurasının heyətinə təqdim edən Nikol Paşinyan Simonyanın parlament sədri kimi strateji qərarların qəbulunda yaxından iştirak etdiyini və təcrübə çatışmazlığının olmadığını vurğulayıb: "Təhlükəszilik Şurasına tapşıracağım bəzi işlər var, yaxın gələcəkdə görüşlər keçirəcəyəm və təlimatlar verəcəyəm”, - Paşinyan bildirib. Simonyan isə öz növbəsində sələfi ilə dostluq münasibətlərinin olduğunu və Ermənistan-Azərbaycan danışıqlar prosesində aktiv yer alacağını qeyd edib. Vəzifəsindən azad edilən Armen Qriqoryan xüsusilə 2021-ci ildən sonra Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində ən aktiv fiqurlardan biri olub. O, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müxtəlif beynəlxalq platformalarda silsilə görüşlər keçirmişdi. Xatırladaq ki, 2023-cü ildə Qarabağda suverenliyin tam bərpasından sonra regionda reallıqlar dəyişmiş, 2025-ci ildə isə Ermənistan-Azərbaycan barışıq sazişinin ilk layihəsi imzalanmışdı. Mütəxəssislərin fikrincə, artıq Hacıyev-Qriqoryan xətti üzərindən aparılan əvvəlki danışıqlar mərhələsi öz missiyasını başa vurub. Ermənistanlı siyasi şərhçi Hakob Bədəlyan kadr dəyişikliyinin daxili siyasi ehtiyaclardan daha çox xarici siyasət hesablamaları ilə bağlı olduğunu düşünür. Analitikin fikrincə, daxili siyasət nöqteyi-nəzərindən Qriqoryanı Simonyanla əvəzləməyi tələb edən heç bir böhran yox idi: “Qriqoryanın gedişi və Simonyanın gəlişi sadəcə kadr dəyişikliyi deyil, İrəvanın xarici təhlükəsizlik və diplomatik kursunda yeni mərhələnin (tsiklin) göstəricisidir”. Bədəlyan qeyd edib ki, Qriqoryanın Hikmət Hacıyevlə qurduğu birbaşa təmas xətti onun postunu qoruması üçün artıq həlledici rol oynamırdı. Qeyd edək ki, vəzifəsindən kənarlaşdırılan Armen Qriqoryana Baş nazir aparatında başqa bir iş təklif edilsə də, o bundan imtina edib. Paşinyanın 8 illik komanda üzvünün bundan sonrakı siyasi taleyi qeyri-müəyyən olaraq qalır. Geri qayıt |