Əsas Səhifə > Ana xəbər / Güney Press > Payızda bu məhsullar bahalaşa bilər

Payızda bu məhsullar bahalaşa bilər


Bu gün, 08:18

Payız aylarında kənd təsərrüfatı məhsullarının qiymətində dəyişiklik gözlənilir.

Xüsusilə kartof, soğan, meyvə-tərəvəz və digər mövsümi məhsulların qiymətinə məhsuldarlıq, yığımın həcmi, saxlanma və daşınma xərcləri təsir göstərə bilər.

Mövsüm dəyişdikcə bəzi məhsulların təklifi azalır, qışa hazırlıqla əlaqədar isə tələbat artır. Bu amillər müəyyən məhsullar üzrə qiymət artımı riskini gündəmə gətirir.

2026-cı il üçün kartof və tərəvəz istehsalına subsidiya mexanizmlərinin də tətbiq edilməsi aqrar sektorda istehsalın və təklifin formalaşmasına təsir edən amillərdən biridir.

Bəs qarşıdakı aylarda hansı kənd təsərrüfatı məhsullarının bahalaşması ehtimalı daha yüksəkdir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, payız aylarında Azərbaycanda xüsusilə kartof, soğan, kələm, pomidor, xiyar və bəzi meyvələrin qiymətində artım ehtimalı var:

“Burada əsas amillər məhsulun yığım həcmi, əvvəlki mövsümdən qalan ehtiyatların səviyyəsi, hava şəraiti və fermerlərin istehsal xərcləridir.

Əgər məhsuldarlıq aşağı olarsa və bazara çıxarılan yerli məhsul azalarsa, qiymət artımı daha ciddi ola bilər. Bundan başqa, yanacaq, gübrə, qablaşdırma və əmək xərclərinin yüksəlməsi də məhsulun maya dəyərinə təsir edir.

Mövsüm dəyişdikcə açıq sahədə yetişən tərəvəzlərin bazardakı payı azalır və tədricən anbarlarda saxlanılan məhsullara, istixana məhsullarına və idxala ehtiyac artır. Bu mərhələdə saxlama xərcləri də qiymətə əlavə olunur. Xüsusilə kartof və soğan kimi məhsullarda düzgün saxlama şəraiti olmadıqda itkilər artır və sağlam məhsulun həcmi azalır.

Daşınma məsafəsinin, yanacaq və logistika xərclərinin artması da son satış qiymətini yüksəldə bilər. Yəni payızda qiymət artımının yalnız məhsulun azlığı ilə deyil, onun bazara hansı xərclərlə çatdırılması ilə də əlaqəsi olacaq.

Qışa yaxın ciddi bahalaşmanın qarşısını almaq üçün ilk növbədə kartof, soğan və digər əsas məhsullar üzrə real ehtiyatların həcmi əvvəlcədən müəyyən edilməli, bazarda qıtlıq yaranacağı təqdirdə idxal imkanları vaxtında nəzərdən keçirilməlidir.

Fermerlərin məhsulu uzun müddət keyfiyyət itkisi olmadan saxlaya bilməsi üçün müasir anbar və soyuducu infrastrukturu genişləndirilməlidir. Məhsulun tarladan bazara qədər daşınmasında əlavə xərclərin azaldılması da vacibdir.

Bununla yanaşı, fermerlərin istehsal xərclərinin aşağı salınması, xüsusilə gübrə, suvarma, enerji və logistika üzrə dəstəyin gücləndirilməsi qiymət sabitliyinə kömək edə bilər. Ən vacib məsələ isə bazarda süni qıtlıq və əsassız qiymət artımının qarşısının alınmasıdır.

Bunun üçün topdansatış və pərakəndə bazarlarda monitorinq gücləndirilməli, eyni zamanda yerli istehsalçı ilə istehlakçı arasında vasitəçi zəncirinin həddindən artıq uzanmasına imkan verilməməlidir.


Geri qayıt