Əsas Səhifə > Ana xəbər / Güney Press > Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa...

Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa...


Bu gün, 07:56

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə ixtisas seçimi 12 avqust tarixindən etibarən başlayıb.

Bu dövr həm abituriyentlər, həm də valideynlər üçün məsuliyyətli qərar mərhələsidir. Lakin bəzi ailələrdə ixtisas seçimi zamanı fikir ayrılığı yaranır.

Elə hallar olur ki, gənc maraq və bacarığına uyğun peşəni seçmək istəsə də, valideynlər daha prestijli və ya gəlirli hesab etdikləri ixtisasda israr edirlər.

Valideynin övladın istəmədiyi ixtisası seçməyə məcbur etməsi hansı psixoloji fəsadlara səbəb ola bilər?

Mövzu ilə bağlı "Cebheinfo.az" - a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, hər bir insanın özünü tanımağa, maraqlarını kəşf etməyə və həyat yolunu müəyyənləşdirməyə ehtiyacı, hüququ var:

"İxtisas seçimi yalnız universitetə qəbul olmaq deyil, insanın gələcək həyat tərzini, peşə fəaliyyətini və özünü reallaşdırmasını müəyyən edən ən mühüm qərarlardan biridir. Bu səbəbdən də seçim prosesində əsas diqqət gəncin marağına, bacarıqlarına, şəxsiyyət xüsusiyyətlərinə və potensialına yönəlməlidir.

Valideynlərin həyat təcrübəsi, tövsiyələri və narahatlıqları başa düşüləndir. Onlar övladlarının gələcəyini təminatlı görmək istəyirlər. Lakin bu istək gəncin daxili istəyini və seçim hüququnu kölgədə qoymamalıdır.

Valideyn təzyiqi ilə seçilən ixtisas qısa müddətdə düzgün qərar kimi görünə bilər. Ancaq zaman keçdikcə gənc özünü həmin sahəyə aid hiss etmədikdə, dərslərə marağı azalır, öyrənmək həvəsi itir, uğursuzluq qorxusu artır və bu, psixoloji gərginlik yaradır.

Belə hallarda gənclərdə özünəinamın zəifləməsi, narazılıq, xroniki stress, emosional tükənmə, hətta depressiv əlamətlər müşahidə oluna bilər. Bəziləri ali təhsilini yarımçıq qoyur, bəziləri isə diplom alsa belə, sonradan tamamilə fərqli sahəyə üz tutur. Bu isə həm gəncin illərini, həm də ailənin maddi və mənəvi resurslarını itirməsinə səbəb olur".

Psixoloqun sözlərinə görə, maraq və bacarıq insanın uzunmüddətli motivasiyasının əsas mənbəyidir:

"İnsan sevdiyi sahədə qarşılaşdığı çətinlikləri daha rahat qəbul edir, özünü inkişaf etdirmək üçün daha çox səy göstərir və uğur qazanmaq ehtimalı artır.

Əksinə, yalnız valideyn istəyinə uyğun seçilmiş peşədə insan özünü daim başqasının həyatını yaşayırmış kimi hiss edə bilər. Bu hiss zamanla ailədaxili münasibətlərə də mənfi təsir göstərir və valideyn-övlad arasında inciklik yarada bilir.

Valideynlərin əsas vəzifəsi övladın əvəzinə qərar vermək deyil, onun özünü tanımasına, güclü tərəflərini kəşf etməsinə və seçim prosesini sağlam şəkildə keçməsinə dəstək olmaqdır.

Gəncin maraqlarını dinləmək, peşə yönümü üzrə mütəxəssislərin rəyindən faydalanmaq və əmək bazarının tələblərini birlikdə qiymətləndirmək daha doğru yanaşmadır. Çünki peşəni ömür boyu icra edəcək şəxs valideyn deyil, gəncin özüdür".

Psixoloq qeyd edib ki, uğurlu karyeranın təməlində yalnız yüksək maaş və ya nüfuzlu peşə deyil, insanın özünü həmin sahədə görməsi, işindən məmnunluq duyması və psixoloji rahatlığı dayanır:

"Buna görə də ixtisas seçimi zamanı son söz gəncin marağı, bacarığı və gələcəklə bağlı məqsədləri nəzərə alınmaqla deyilməlidir. Valideynin rolu isə bu qərarı məhdudlaşdırmaq deyil, onu daha şüurlu və əsaslandırılmış şəkildə verməyə kömək etməkdir".


Geri qayıt