Əsas Səhifə > Ana xəbər / Güney Press > MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq?
MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq?Bu gün, 16:58 |
|
Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların ən çox müzakirə etdiyi məsələlərdən biri də yeni tikilən binalarda fəaliyyət göstərən Mənzil Tikinti Kooperativi (MTK) ilə bağlıdır. Sakinlər əsasən MTK rəhbərlərinin özbaşınalığından, yeni qaydalar tətbiq etməsindən şikayətlənirlər. Vətəndaşlardan biri "Təmirsiz yeni tikiliyə (bina evi) sayğaclar üçün MTK rəhbərliyi 2500 manat pul tələb edir. “Gəlin, müqavilə bağlayın və 2500 manat pul ödəyin”, deyirlər. “Azərsu”, “Azərişıq” və “Azərenerji”yə ayrı-ayrılıqda zəng etdim, deyirlər, bu məsələyə biz baxmırıq, “Asan kommunal” baxır. “Asan kommunal”a müraciət etdim, onlar deyir bizim səlahiyyətimizdə deyil, bu məsələ MTK-nın səlahiyyətidir. MTK-da deyir ki, podratçının puludur, ödənməlidir. Bildiyim qədərilə mənzilin içinə kimi xətlər MTK tərəfindən çəkilməlidir, daxili xətlərə görə hər hansısa ödəniş ola bilər. Evi təmir etməyə də buraxmırlar, “Bizimlə təmir pulu müqaviləsi bağlamalısız” deyilər və ona görə də 2500 manat tələb edirlər. Toplam 5000 manat". Ümumiyyətlə, MTK-nın belə bir səlahiyyəti varmı? Kommunal xətlərin çəkilişi müvafiq qurumlar tərəfindən həyata keçirilməlidirmi? Məsələ ilə bağlı iqtisadçı-hüquqşünas Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan qanunvericiliyinə, Mülki Məcəlləyə, Mənzil Məcəlləsinə görə MTK üzvlüyə əsaslanan hüquqi şəxsdir: “Oradan mənzil alanlar oranın üzvləridir. Yəni idarəetmə onların əlində olmalıdır. MTK elə oradakı mənzil sahibləridir. Ancaq bizdə praktikada belə deyil. MTK-nı yaradanlar adətən 5 nəfər olur. Sonra mənzil alanları üzv kimi qəbul etmirlər. Dövlət Vergi Xidməti də buna göz yumur. Halbuki binanın tikildiyini görür, vətəndaş pul ödəyir, üzvdür. Əgər üzvdürsə, ümumi yığıncaqda qərarları da onlar özləri qəbul etməlidirlər. Ancaq bizdə MTK-nı qanunsuz ələ keçirmiş şəxslər, tikinti oliqarxları vətəndaşlardan əlavə pul istəyirlər. Bu qanunsuzdur .Yəni mən orada mənzil almaq, üzv olmaq üçün pul ödəmişəm qurtardı, ora hər şey daxildir. Binanın tikilməsi, xətlərin çəkilməsi, müqavilədə nə göstərilibsə o daxildir. Əlavə pul istəyə bilməzlər”. O qeyd edib ki, yaranan problem vətəndaşlarımızın passivliyindəndir: “Özləri toplaşıb ümumi yığıncaq keçirsinlər. MTK rəhbərliyini özləri seçsinlər. Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçirsinlər. Qanunsuz şəxsləri məsuliyyətə cəlb etsinlər. Bunun qanuni yolu budur. Mən hazırda Bakıda bir bina üzrə prosesə başlamışam. MTK-nın qanunsuz rəhbərliyini oradan çıxardırıq. Yəni sakinlər artıq birləşdilər. Ümumi yığncaq keçirmişik. Bildirək ki, MTK bizik, siz yox, məsələləri biz həll edəcəyik, siz kimsiz ki, bizim yermizə qərarlar qəbul edirsiz. Konkret olaraq məsələni həll etmək lazımdır”. Geri qayıt |