Əsas Səhifə > Ana xəbər / Güney Press > Qriqoryan Paşinyandan narazı qalıb

Qriqoryan Paşinyandan narazı qalıb


Bu gün, 10:13

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən kənarlaşdırılan Armen Qriqoryan Baş nazir Nikol Paşinyanın ona Nazirlər Kabinetində təklif etdiyi digər vəzifədən imtina edib. “Joğovurd” qəzeti yazır ki, Qriqoryan onun əvəzlənməsi ilə bağlı qərarın qəbul edilməsindən narazı qalıb.

Modern.az xəbər verir ki, bir gün əvvəl Ermənistan parlamentinin sabiq spikeri Alen Simonyanın Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edildiyi məlum olub.

Nəşrin məlumatına görə, Paşinyan Qriqoryanı işinə görə hər hansı irad səbəbindən vəzifədən uzaqlaşdırmadığını bildirib. Baş nazir mövcud siyasi vəziyyətdə belə bir dəyişiklik etməyi məqsədəuyğun hesab edib.

Lakin “Joğovurd”un yazdığına görə, qərardan sonra tərəflər arasında gərgin söhbət baş verib. Qəzet iddia edir ki, avqustun 13-də səhər saatlarında Paşinyan Qriqoryanı komandada saxlamağa çalışıb və ona baş məsləhətçi vəzifəsini təklif edib. Qriqoryan isə bu təklifdən qəti şəkildə imtina edib.

Bildirilib ki, Armen Qriqoryan əvvəlcə Milli Təhlükəsizlik Şurasından ayrılaraq başqa vəzifədə fəaliyyətini davam etdirməyə hazır olub. Lakin onun yerinə məhz Alen Simonyanın təyin ediləcəyini öyrəndikdən sonra mövqeyi dəyişib.

Qəzetin məlumatına görə, Paşinyanın Simonyanı bu vəzifəyə gətirmək planından hətta hakim komandadakı bir çox şəxsin xəbəri olmayıb və qərar onlar üçün də gözlənilməz olub.

Baş nazirin ətrafında Simonyanın parlament seçkilərindən sonra uzun müddət fasilə verəcəyi və bir müddət aktiv siyasətə qayıtmayacağı düşünülürdü. Nəticədə onun gözlənilməz təyinatı və Qriqoryanın gedişi hakim “Mülki Müqavilə” partiyası daxilində gərginliyi artırıb.

“Joğovurd”un yazdığına görə, hakim komandanın bir çox üzvü Armen Qriqoryana münasibəti düzgün hesab etmir. Buna səbəb kimi onun 2018-ci il inqilabının əsas iştirakçılarından biri olması göstərilir.

Alen Simonyan 2021-ci ildən Ermənistan parlamentinə rəhbərlik edib. Son seçkilərdə “Mülki müqavilə” partiyasının siyahısında 14-cü sırada yer alan Simonyan seçki kampaniyasında fəal iştirak edib. Lakin seçkilərdən sonra partiyanın rəhbərliyi onu yenidən parlament spikeri vəzifəsinə namizəd göstərməmək qərarına gəlib.

Simonyan həmin vaxt deputat mandatından da imtina edərək istirahət etmək və “şəxsi həyatını tam qaydaya salmaq” istədiyini bildirib.

Bununla belə, onun siyasi fasiləsi uzun çəkməyib. Daha əvvəl Ermənistan mediası Simonyanın Milli Təhlükəsizlik Şurasının katibi təyin olunması ehtimalını hakimiyyətə yaxın dairələrdə hətta zarafatla Paşinyanın ona “toy hədiyyəsi” adlandırdıqlarını yazıb.

Simonyanın toy mərasiminin sentyabrın 5-də keçirilməsi planlaşdırılır. O, üçüncü dəfə evlənəcək.

“Hraparak” nəçri isə yazır ki, hakim komandanın bəzi dairələri bu dəyişikliyi Ermənistanın Rusiya ilə münasibətlərinin mümkün şəkildə yumşalması kimi qiymətləndirir.
Nəşrin iddiasına görə, hakim komandanın Rusiyaya yaxınlığı ilə tanınan dairələri bu qərarı müsbət qarşılayıb. Onlar hesab edirlər ki, Paşinyan kadr dəyişikliyi ilə Moskva ilə münasibətləri düzəltmək istiqamətində müəyyən addımlar atmağa başlayıb.

“Hraparak” yazır ki, əvvəllər Alen Simonyanın baş nazir müavini və ya Ermənistan prezidenti vəzifələrindən birinə təyin olunması müzakirə edilib. Lakin Paşinyanın bu variantlardan imtina etdiyi iddia olunur.

Qəzet Armen Qriqoryanın Milli Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyətinin quruma əlavə siyasi çəki qazandırdığını qeyd edir. Onun sülh prosesi ilə bağlı danışıqlarda fəal iştirak etdiyi və rəhbərlik etdiyi strukturun bəzən Xarici İşlər Nazirliyinin fəaliyyətini belə kölgədə qoyduğu bildirilir.

Nəşrin məlumatına görə, hakim komandanın bəzi üzvləri Rusiyanın Ermənistana qarşı yeni sanksiyalar tətbiq edə biləcəyindən narahatdır. Bu səbəbdən Simonyanın təyinatı Paşinyanın Moskva ilə münasibətlərdə müəyyən düzəlişlər etmək cəhdi kimi qiymətləndirilir.

“Hraparak”ın yazdığına görə, hakim komandanın digər qanadı isə bu qərardan narazıdır və yaxın vaxtlarda parlamentdə hökumətin siyasətinə qarşı daha sərt və tənqidi çıxışların səslənməsi mümkündür.

Qəzet həmçinin Armen Qriqoryanın gələcəkdə Avropanın nüfuzlu ölkələrindən birinə səfir təyin edilə biləcəyini iddia edir. Nəşr mümkün variantlardan biri kimi Böyük Britaniyanın adını çəkir, lakin hazırda həmin ölkədə Ermənistanın səfirinin olduğunu da qeyd edir.


Geri qayıt