Əsas Səhifə > Ana xəbər / Güney Press > Ölkədə insanların real gəlirləri artmır...
Ölkədə insanların real gəlirləri artmır...Bu gün, 06:52 |
|
Rəsmi: 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 milyard 80 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb - satış 2025-ci ilin yanvar-iyul aylarına nisbətən 23.8% artıb.
İzahı: Yaxşı, nə baş verib? İnsanlar daha çox xəstələnir? Ola bilər, amma, bu barədə məlumat yoxdur, deməli dərmanların qiyməti kəskin artıb, bahalaşmaya görə vətəndaşın da dərman xərcləri son 1 ildə 24%-ə yaxın artıb.
Rəsmi: 2026-cı ilin yanvar-iyul ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 2 milyard 327 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 4.9% çoxdur.
İzahı: Bu ilin əvvəlindən benzin 5 qəpik, dizel yanacağı 10 qəpik bahalaşıb - əsas səbəb budur. Yəni, bu məsələdə də əsas faktor qiymət artımıdır.
Rəsmi: 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq məhsul satılmışdır - əhali ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 19,3 milyard manat xərcləyib. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq, o cümlədən 20 milyard 843,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərcləyib.
İzahı: Əvvəla onu deyim ki, istənilən ölkədə vətəndaşların ay ərzində xərclədiyi vəsaitin 50%-i civarında ərzaq məhsullarına gedirsə, həmin ölkə vətəndaşları kasıb sayılır. Son 1 ildə ərzaq, içki, tütün məhsullarına eyni dövr üçün xərclər 1 mlrd. 540 mil. manat artıbsa, bu da inflyasiya, qiymət artımının göstəricisidir.
Nəticə: Ölkədə insanların real gəlirləri artmır, ÜDM artım tempi aşağıdır, əlavə dəyər yaratmaq kimi problemimiz var, iqtisadi aktivlik zəifdir – amma, qiymət artımı nəzərəçarpacaq dərəcədə davam edir...
Natiq Cəfərli - "DİA-AZ"
Geri qayıt |