Əsas Səhifə > Ana xəbər / Güney Press > Dərman bahalaşıb, yoxsa xəstə artıb?

Dərman bahalaşıb, yoxsa xəstə artıb?


Bu gün, 05:21

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 79,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, bu, 2025-ci ilin ilk 7 ayı ilə müqayisədə 23,8 % çoxdur.

Ötən 7 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,8 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq, o cümlədən 20 milyard 843,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 514,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.

Maraqlıdır, əczaçılıq xərclərinin artması xəstələrin sayının çoxalması ilə bağlıdır, yoxsa müalicə qiyməti bahalaşıb?

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”-a bildirib ki, bir tərəfdən dərmanların qiymətləri durmadan bahalaşır:

“Hazırda dərmanların qiymətlərində dinamik artım var. Digər tərəfdən isə əhalinin sayının artması, xəstələnənlərin sayının çoxalması müşahidə edilir. Bunlar da dərmana olan tələbatı artırır.

Ümumiyyətlə, biz COVID-19 pandemiyasından sonra bu artımı artıq əyani şəkildə görürük. İstər autoimmun xəstəliklər, istərsə də onkoloji xəstəliklər sahəsində xeyli artım var. Bu da, təbii ki, dərmana olan tələbatı artırır.

Bundan başqa, immun sisteminin zəifləməsi soyuqdəymə və digər xəstəliklərin yayılmasını da şərtləndirir. Bu da dərmana olan tələbatı artırır”.

Professor qeyd edib ki, bir tərəfdən qiymət artımı, digər tərəfdən isə dərmana olan tələbatın yüksəlməsi əczaçılıq xərclərinin artmasına səbəb olur.


Geri qayıt