Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir?
Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir?Bu gün, 08:11 |
|
Son günlər Azərbaycan Dəmir Yollarının Bakı-Tbilisi istiqamətində həyata keçirdiyi sərnişindaşıma ilə bağlı ictimai narazılıqlar artıb. Əsas problem sərnişinlərin bilet əldə etməkdə çətinlik çəkməsi və mövcud tələbatı qarşılamaq üçün əlavə reyslərin kifayət qədər operativ təyin olunmaması ilə bağlıdır. ADY biletlərin əvvəlcədən satışa çıxarıldığını bildirir. Bununla yanaşı, yaranmış vəziyyətin səbəbi ilə bağlı müxtəlif açıqlamalar səslənir. Bir tərəfdən problemin Gürcüstan Dəmir Yollarının əlavə reyslərin öhdəsindən gələ bilməməsi ilə əlaqəli olduğu iddia edilir, digər tərəfdən isə Gürcüstan belə bir maneənin olmadığını bildirir. ADY-nin açıqlamasında Azərbaycan və Gürcüstan dəmir yollarının Tbilisi-Bakı və Bakı-Tbilisi istiqamətlərində əlavə sərnişin reyslərinin təyin edilməsi üzərində iş apardığı qeyd olunur. Nə baş verir? Doğrudanmı problem Gürcüstan tərəfdən qaynaqlanır, yoxsa məsələnin arxasında başqa səbəblər dayanır? Məsələ ilə bağlı Globalinfo.az ADY-ə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, çətinliyin olduğunu ekspertlər iddia edir, Azərbaycan Dəmir Yolları yox: “Qeyd etdiyimiz kimi, hazırda əlavə reysin həyata keçirilməsi ilə bağlı hər iki ölkənin dəmiryol administrasiyaları birgə iş aparır, bütün məqamlar dəqiqləşdirilir. ADY-nin paylaşdığı bütün məlumatlarda sırf aparılan işlər qeyd olunub, hər hansı başqa fikir/iddia səsləndirilməyib. Sizin də qeyd etdiyiniz kimi, ekspertlərin hər hansı çətinliyin olması ilə bağlı səsləndirdikləri fikirləri də Gürcüstanın dəmiryol administrasiyası təzkib edib. Yəni səsləndirilən fikirlər ADY-nin deyil və Gürcüstan tərəfi də ekspertlərə cavab verib”. İqtisadçı Natiq Cəfərli isə deyib ki, görünür, Azərbaycan Dəmir Yolları reys və vaqon sayını artırmaqda o qədər də maraqlı deyil: “Çünki reyslərin və vaqonların sayı çoxaldıqca, sərnişinlərin sayı artdıqca, istər-istəməz qiymətlərdə də müəyyən ucuzlaşma baş verməlidir. Gürcüstan tərəfi bu istiqamətdə hər hansı problemin və ya maneənin olmadığını bildirir. Deməli, qiymətin yüksək qalması müəyyən mənada dəmir yollarının marağındadır”. İqtisadçı qeyd edib ki, əgər əlavə reyslər açılsa, vaqonların sayı artırılsa və sərnişin daşımalarının həcmi çoxalsa, bu zaman məntiqlə qiymət də aşağı düşməlidir: “Çox güman ki, məsələ bununla əlaqəlidir. Amma düşünürəm ki, hazırda yay ayları olduğu üçün bu məsələ bir qədər kənarda qalıb. Yay mövsümündə tələbat yüksəkdir və qiymətlərin də yüksək olması müəyyən mənada başadüşüləndir. Payız aylarından etibarən isə məsələyə yenidən baxıla və qiymətlərlə bağlı müəyyən dəyişikliklər baş verə bilər. Ən azı, mən məntiq baxımından müəyyən ucuzlaşmanın olacağını gözləyirəm və düşünürəm ki, bu, baş verməlidir”. Geri qayıt |