Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanın ikili oyunu: nə gözlənilir?

Ermənistanın ikili oyunu: nə gözlənilir?


Bu gün, 08:07

Kreml Ermənistanın Aİ-yə inteqrasiya və Aİİ-də qalmaq məsələsində Nikol Paşinyanın referendumla bağlı açıqlamalarını ziddiyyətli və çaşdırıcı hesab edir. Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin bildirib ki, İrəvan bir tərəfdən Aİ-yə qoşulma prosesini siyasi bəyanat kimi təqdim edir, digər tərəfdən isə seçki nəticələrini Avropayönlü kursun ümumxalq dəstəyi kimi göstərir. Moskva hesab edir ki, Paşinyanın həm Ermənistanın Aİ-yə dəvət olunmadığını etiraf etməsi, həm də Avropa istiqamətini önə çəkməsi ölkənin strateji kursu barədə qeyri-müəyyənlik yaradır.

  • Ermənistan Avropa İttifaqına üzvlük perspektivinin real olmadığı şəraitdə Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri zəiflədərək uzunmüddətli iqtisadi və təhlükəsizlik risklərini nə dərəcədə hesablayır?

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın seçdiyi siyasi kurs Ermənistanın müstəqil və suveren dövlət kimi öz hüququdur. Onun hansı istiqamətə getmək istəməsini legitim hakimiyyət – erməni xalqının seçdiyi və öz hüquqlarını həvalə etdiyi Paşinyan hökuməti müəyyənləşdirir. Ona görə də bu məsələlərə Rusiyanın belə həssas yanaşması, tez-tez reaksiya verməsi doğru deyil. Yəni beynəlxalq hüquq baxımından doğru deyil. Amma gizli strateji idarəetmə baxımından, imperiya kimi Rusiyanın Güney Qafqazda və Ermənistandakı maraqları prizmasından yanaşsaq, bu, tamam başqa məsələdir.

Beynəlxalq hüquq, hüquqi yanaşma, yəni dünyanın anladığı, gördüyü və başa düşdüyü dildə danışsaq, Ermənistanın seçimi özünə aiddir. O, Avrasiya İqtisadi Şurasında var və hələlik oradan çıxmaq istəmir. Bu da onun hüququdur. Rusiyanın istəyib-istəməməsi burada önəmli deyil. Çünki formal olaraq bu birlikdə də Rusiya bir üzvdür, onun ağası deyil. Ermənistan da könüllü şəkildə ora daxil olub və istədiyi vaxt oradan çıxacaq”, – deyə politoloq bildirib.

Avropa İttifaqına qoşulma məsələsinə gəldikdə isə, Əli Mustafa deyib ki, Avropa İttifaqının şərtləri bir qədər mürəkkəb olur. Amma Güney Qafqaz Avropa İttifaqının siyasi coğrafiyasına daxildir. Ermənistanın Avropa İttifaqı ilə bir sıra əlaqələri, əməkdaşlıqları və sazişləri var.

Hələlik real üzvlük məsələsi olmasa da, Avropa İttifaqı ilə Ermənistan arasında əməkdaşlıq var. Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığı və inteqrasiyası qarşı tərəf üçün də məqbul sayılır. Bu da Rusiyanın problemi deyil.

Rusiya burada ziddiyyət axtarıb başını yormamalıdır. Gedib öz problemləri ilə məşğul olmalıdır, Amuru idarə etməlidir, Moskvanı müdafiə etməlidir. Ermənistanın seçəcəyi kurs ona aid deyil. Bir daha deyirəm, beynəlxalq hüquq nöqteyi-nəzərindən belədir.

Avrasiya İqtisadi Şurası ilə münasibətlərin zəiflədilməsi məsələsinə gəldikdə isə, əslində Ermənistan bunu istəmir. Sadəcə olaraq Rusiya təzyiq edir ki, ya Avropa İttifaqına getmə, ya da bu ittifaqla əlaqələrini kəs. Ermənilər isə hələlik bu əlaqələri kəsmirlər, amma Avropa İttifaqı ilə strateji istiqamətləri də var. Bu onların seçimidir.

Əlbəttə, bu müəyyən risklər yaradır. Risklər ondan ibarətdir ki, Rusiyanın bu siyasəti xoşuna gəlmir və Rusiya Ermənistana qarşı hansısa təhlükəli addımlar atmaq istəyə bilər və ya istəyir. Sadəcə olaraq bunun üçün resursları yetərincə deyil”, – deyə o əlavə edib.

Əli Mustafa bildirib ki, Ermənistanın xarici siyasətində müəyyən qədər balanslı strategiya var. Hələ tam şəkildə Avropa İttifaqına inteqrasiya olmadığına, Avropa İttifaqının iqtisadi-siyasi məkanının tamhüquqlu üzvünə çevrilmədiyinə görə, Avrasiya İqtisadi Şurası ilə də əməkdaşlığı davam etdirir. Yəni müəyyən qədər balanslaşdırma siyasəti aparır.

Rusiyanın müdaxiləsi və etirazı fonunda bu siyasət bir qədər ziddiyyətli görünə bilər. Amma hər halda Ermənistan öz daxili iqtisadi-siyasi tələbatlarını nəzərə alaraq bu siyasəti aparır. Məncə, burada populizm yoxdur, sadəcə, gerçəklik var. Hələ tam Avropaya inteqrasiya etməmiş Ermənistan Avrasiya İqtisadi Şurası ilə əlaqələri qoparmaq istəmir. Bu, onun mənafeyinə uyğundur.

Ola bilsin ki, bu, Rusiyanın mənafeyinə uyğun deyil. Rusiya yenə də Güney Qafqazı özünün təsir zonası hesab edir və onun Avropaya inteqrasiyasını istəmir. Amma Rusiyanın nəyi istəyib-istəməməsi Ermənistanın problemidir”, – deyə o əlavə edib.


Geri qayıt