Əsas Səhifə > Ana xəbər / Güney Press > “Türk anakondası” İranı mühasirəyə alır

“Türk anakondası” İranı mühasirəyə alır


Bu gün, 07:38

Ermənistanın Niderlanddakı keçmiş səfiri, siyasi analitik Dzünik Ağacanyan Zəngəzurdan keçəcək dəhlizlə bağlı sərt açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Ağacanyan İranın ətrafında “türk anakondası” adlandırdığı geosiyasi halqanın daraldığını və Ermənistanın artıq ciddi təzyiq altında qaldığını bildirib.

Keçmiş səfirin fikrincə, ABŞ İranla hərbi qarşıdurmada istədiyi nəticəni əldə edə bilmədikdən sonra Zəngəzur Dəhlizinin yaradılmasını sürətləndirməyə çalışır. Ağacanyan iddia edib ki, bu xətt gələcəkdə İranın şimal vilayətlərinə müdaxilə məqsədilə silah və canlı qüvvənin birbaşa daşınması üçün istifadə oluna bilər.

Onun sözlərinə görə, Türkiyə son illər İranın şimal bölgələrində ideoloji təsir imkanlarını genişləndirir. Ağacanyan baş verən prosesləri İran ətrafında getdikcə daralan “türk anakondası”na bənzədib və bu halqanın Ermənistanı da artıq demək olar ki, boğduğunu söyləyib.

Siyasi analitik hesab edir ki, prosesdə Ermənistanın maraqları arxa plana keçirilib. Onun fikrincə, əsas məsələ İran ərazisinə birbaşa çıxışı təmin edə biləcək strateji logistika dəhlizinin yaradılmasıdır.

Ağacanyan bildirib ki, Ermənistan Zəngəzurdan keçəcək marşrutdan yalnız İranla dəmir yolu bağlantısı yaradılacağı halda real fayda götürə bilər.

Keçmiş səfir daha bir diqqətçəkən iddia irəli sürərək bildirib ki, ABŞ Bakı və Ankaranı İrana qarşı mümkün hücumda iştiraka razı salmaq üçün onlara təkid edir.


Geri qayıt