Əsas Səhifə > Ana xəbər / Güney Press > Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir”

Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir”


Bu gün, 16:25

Əlilliyin qiymətləndirilməsi vətəndaşın yalnız sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi deyil, eyni zamanda onun sosial təminat, müavinət və digər hüquqlarının formalaşmasına təsir edən mühüm prosesdir.

Bu səbəbdən qiymətləndirmənin şəffaf, obyektiv və real sağlamlıq vəziyyətini düzgün əks etdirməsi xüsusi əhəmiyyət daşıyır. Son illərdə bu sahədə elektron sistemlərin tətbiqi və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində addımlar atılsa da, vətəndaşların qarşılaşdığı problemlərlə bağlı çoxsaylı suallar hələ də qalır.

Bəzən sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı sənədlərin qiymətləndirilməsi, tələb olunan məlumatların sistemə daxil edilməsi və nəticə ilə bağlı anlaşılmazlıqlar narazılığa səbəb olur.

Hazırda əlilliyin qiymətləndirilməsi prosesində ən böyük problem nədir?

Hüquq müdafiəçisi Samir Zeynalov “Cebheinfo.az”-a bildirib ki, əlilliyin qiymətləndirilməsindəki ən böyük problem hazırkı qurumun – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birbaşa fəaliyyəti ilə bağlıdır:

“Poliklinikalara göstəriş verilir ki, meyarlara uyğun gəlməyən xəstəliklərlə bağlı Forma 88 vurulmasın. Bu başadüşüləndir, bunu qəbul etdik. Poliklinikalar meyarlara uyğun gələn xəstəliklərlə bağlı Forma 88 göndərişini həyata keçirdikdən sonra sual yaranır ki, niyə Tibbi-Sosial Ekspertiza Komissiyası buna imtina verir?

Eyni zamanda, həmin imtina cavabları ilə bağlı məhkəmələrə müraciət edilir və məhkəmə praktikasında cavabdeh qurumun həmin imtina qərarları, bir qayda olaraq, məhkəmə tərəfindən ləğv olunur və vətəndaşa əlillik təyin edilir. Yenə də cavabdeh qurum məhkəmə praktikasından nəticə çıxarmır.

Bir sözlə, dövlət orqanı olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi öz praktikasını məhkəmə praktikasına uyğunlaşdırmır. Bu da sözsüz ki, əlilliyin qiymətləndirilməsində ən böyük bürokratik problemdir.

Dövlət qurumu vətəndaşın əlilliyinin qiymətləndirilməsində həqiqətən obyektiv qaydada maraqlıdırsa, öz təcrübəsini məhkəmə təcrübəsinə uyğunlaşdırmalıdır”.

O qeyd edib ki, Vətən müharibəsinin çox sayda iştirakçısı əlilliyin təyin edilməməsi səbəbindən əziyyət çəkir:

“Halbuki onların hər birinin xəstəliyi və travması Nazirlər Kabinetinin əlilliyin qiymətləndirilməsi meyarları ilə bağlı qəbul etdiyi 187 saylı qərarda göstərilən meyarlara uyğundur. Hətta cavabdeh qurum da həmin şəxslərin xəstəliklərini təsdiq edir, diaqnozu göstərir.

Amma bütün bunlara baxmayaraq, heç bir əsaslandırma olmadan “Əlilliyin təyin olunmasından imtina” və yaxud “Diaqnoz əlillik əlaməti təyin etmir” adı altında imtina qərarları qəbul edilir. Amma bu qərarların heç birinin əsaslandırılması yoxdur. Buna görə də həmin qərarlar məhkəmə tərəfindən ləğv olunur və vətəndaşa əlillik təyin edilir”.

Başqa bir problem isə ondan ibarətdir ki, vətəndaşa məhkəmə tərəfindən əlilliyin təyin edilməsi haqqında qərar qəbul edilir, müddət müəyyən olunur, amma cavabdeh qurum sırf həmin məhkəmə qərarının icrası geciksin deyə əsassız olaraq apellyasiya şikayəti verir və Ali Məhkəməyə şikayətlər ünvanlayır:

“Beləliklə, vətəndaşın əlillik statusu alması iki ilə qədər gecikir. İki ildən sonra isə birinci əlilliyinin müddəti bitdikdən sonra təkrar komissiyaya cəlb olunmalıdır”.

S. Zeynalov qeyd edir ki, Azərbaycanda əlilliyin qiymətləndirilməsindəki ən böyük bürokratik problem məhz bunlardır.


Geri qayıt