Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR

Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR


Bu gün, 16:21

Azərbaycan prezidenti İlham Əliyevin ötən gün Naxçıvana səfəri və orada verdiyi müsahibə birbaşa Avropa dairələrinin diqqət mərkəzinə çevrilib. Dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birgə, "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı" ilə tanış olub.

Baş Planda şəhər mərkəzinin yenidən qurulması və məskunlaşma sahəsinin 2630 hektara çatdırılması nəzərdə tutulur. Ölkə lideri, Naxçıvanda görülən və planlaşdırılan işlərin əhəmiyyətindən danışıb. O, sərəncamla Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayırıb. Prezident Naxçıvan, azad olunmuş ərazilərdən Şərqi Zəngəzur, və Qarabağın vahid konsepsiya əsasında inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə Avropa İttifaqı Zəngəzur dəhlizi, Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir. Bölgədəki enerji böhranına diqqət çəkən Prezident, yalnız Azərbaycanın elektrik enerjisi ilə bağlı problemi olmayan nadir ölkələrdən biri olduğunu açıqlayıb. İcra olunan kompleks tədbirlər və gələcəyə hədəflənmiş strateji layihələr Naxçıvanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir.

Mövzu ilə bağlı deputat Fazil Mustafa Sherg.az-a bildirib ki, Naxçıvan, birinci növbədə, Azərbaycanın Türkiyəyə açılan strateji qapısı və iki qardaş ölkəni birləşdirən xəttin ən mühüm coğrafi halqasıdır:

“Çünki ən kritik anlarda Türkiyənin Naxçıvanla cəmi 11 kilometrlik sərhədə malik olması muxtar respublikanın xilasında həlledici rol oynadı. Düşmənin bura hər hansı təcavüzünün qarşısını aldı. İkincisi, Naxçıvan strateji bir qovşaqda yerləşir. Təsəvvür edin ki, Azərbaycanla həmsərhəd olan iki dövlət xüsusilə Naxçıvan üzərindən müəyyən iqtisadi potensialı gücləndirmək imkanına sahibdir. Türkiyə birbaşa yalnız Naxçıvanla həmsərhəd olsa da, Azərbaycanla olan ümumi sərhəd xətti Naxçıvan üzərindən iqtisadi əlaqələrin inkişafına yönəlmiş siyasəti reallaşdırmaq üçün böyük şərait yaradır. Naxçıvanın geostrateji mövqeyi Azərbaycanın və xüsusilə Zəngəzur dəhlizinin əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi əsas mesaj da bundan ibarət idi ki, Zəngəzur dəhlizi açıldıqdan sonra muxtar respublikanın strateji rolu daha qabarıq şəkildə üzə çıxacaq. Çin-Avropa nəqliyyat marşrutunun ən optimal düzərgahı məhz bu ərazidən keçdiyi üçün Avropa İttifaqının da dəhlizə olan marağı artacaqdır”.

Deputatın sözlərinə görə, nəqliyyat marşrutunun açılmasına bəzi qüvvələrin hazırda maraqsız görünməsi daxili auditoriyaya hesablanmış, siyasi ritorikan başqa bir şey deyil:

“Mahiyyətcə yaxşı dərk olunur ki, iqtisadi təcriddən çıxmağın əsas yollarından biri Zəngəzur dəhlizinin açılmasıdır. Ona görə də bu layihə hamının maraqlarına uyğundur. Xüsusilə Ermənistanda seçkilərin nəticələri bəlli olduqdan və hakimiyyətin mövqeyi möhkəmləndikdən sonra bu layihənin daha tez gerçəkləşəcəyini demək mümkündür”.


Geri qayıt