Əsas Səhifə > Ana xəbər / Güney Press > Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir
Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirirBu gün, 09:19 |
|
Rusiyadakı erməni diasporunun bir hissəsi və Ermənistanın müxalif siyasi çevrələri Nikol Paşinyan hakimiyyətinə qarşı daha fəal mövqe nümayiş etdirməyə başlayıb. Soçidə keçirilən Rusiya-Ermənistan “Lazarev klubu”nun genişləndirilmiş toplantısı bu baxımdan diqqətçəkən siyasi mesajlarla yadda qalıb. Toplantıda Soçi, Moskva və İrəvan nümayəndələri videokonfrans formatında bir araya gəlib. Müzakirələrin əsas mövzusu 7 iyunda Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra ölkədə yaranan siyasi vəziyyət olub. İştirakçılar seçki prosesini tənqid edib, onun demokratikliyini şübhə altına alıb və Nikol Paşinyanın yenidən baş nazir postuna gəlməsini siyasi gərginliyi artıra biləcək amil kimi qiymətləndiriblər. Toplantıda Ermənistan hakimiyyəti siyasi təzyiqlərdə, fikir ayrılıqlarının boğulmasında və cəmiyyət üzərində nəzarətin gücləndirilməsində ittiham olunub. Görüşdə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan, “Ermənistan” blokunun nümayəndəsi Armen Rustamyan, Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan və digər siyasi və ictimai xadimlər iştirak ediblər. Toplantının əsas siyasi mesajlarından biri Rusiya-Ermənistan münasibətlərinin qorunması ilə bağlı olub. İştirakçılar həm Rusiyada, həm də Ermənistanda ictimai səfərbərliyin vacibliyini vurğulayıblar. “Lazarev klubu”nun koordinatoru, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Rusiya və Ermənistan xalqları arasındakı tarixi əlaqələrin əhəmiyyətindən danışaraq Rusiyanın Ermənistanın taleyi ilə bağlı xüsusi məsuliyyət daşıdığını bildirib. Bu mövqe Paşinyan hökumətinin son illərdə Rusiya ilə münasibətlərdə məsafə yaratması və Qərblə əlaqələri genişləndirməsi fonunda diqqət çəkir. Beləliklə, Paşinyana qarşı narazılıq artıq yalnız Ermənistan daxilindəki siyasi müxalifətlə məhdudlaşmır. Rusiyadakı erməni siyasi və ictimai çevrələrinin bir hissəsinin də bu prosesə qoşulması yeni siyasi xəttin formalaşdığını göstərir. Soçi toplantısında Erməni Apostol Kilsəsinin vəziyyəti də müzakirə olunub. İştirakçılar Ermənistan hakimiyyətinin kilsəyə münasibətini tənqid edib və məsələ ilə bağlı Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə, eləcə də Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leoya müraciət etmək niyyətlərini açıqlayıblar. Bu təşəbbüs Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında dərinləşən qarşıdurmanın beynəlxalq dini müstəviyə çıxarılması cəhdi kimi qiymətləndirilə bilər. Paşinyan 7 iyun seçkilərindən sonra hakimiyyətini qoruyub. Lakin Soçidə keçirilən toplantı onun siyasətinə qarşı çıxan qüvvələrin yeni platformalar axtardığını göstərir. Rusiyadakı erməni diasporunun müəyyən hissəsinin Ermənistan müxalifəti ilə əlaqələri gücləndirməsi, Moskva-İrəvan münasibətlərinin bərpasını gündəmə gətirməsi və Paşinyanın qərbyönlü siyasətini tənqid etməsi gələcəkdə Ermənistan hökumətinə əlavə siyasi təzyiq yarada bilər. Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirib ki, 7 avqust 2026-cı ildə Soçinin “Lazerev klubu”nun genişləndirilmiş toplantısı barədə məlumatdan irəli gələn mesajlara, sadəcə, Rusiya-Ermənistan münasibətlərinin növbəti müzakirəsi kimi baxmaq çətindir. Onun sözlərinə görə, toplantının əsas mesajı Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinin siyasi legitimliyinə şübhələrin yaranması və bunun hakimiyyətin həyata keçirdiyi siyasətin legitimliyinə də təsir etməsidir. Siyasi şərhçi hesab edir ki, “Lazarev klubu”nun koordinatorunun Rusiya Dövlət Dumasının deputatı, Dumanın MDB işləri üzrə Komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin olması toplantıya xüsusi siyasi məna verir. Əlibəyliyə görə, bu, Rusiya hakimiyyətinin Ermənistana növbəti təzyiq layihəsi kimi qiymətləndirilə bilər. Onun fikrincə, qarşıdakı anti-Paşinyan fəaliyyətin əsas istiqaməti hakimiyyətin siyasətini dəyişdirmək və növbəti parlament seçkilərinə qədər yeni siyasi güc mərkəzi formalaşdırmaq ola bilər. Q.Əlibəyli bildirir ki, Rusiyanın Ermənistan cəmiyyətinə və hakimiyyətə çoxsaylı təzyiq mexanizmləri var və Moskva həmin imkanları yenidən toparlayaraq vahid istiqamətdə istifadə etməyə çalışa bilər. Bu prosesə Rusiyadakı erməni diasporu ilə yanaşı, erməni kilsəsinin də cəlb olunması ehtimalı diqqət çəkir. Onun sözlərinə görə, parlament seçkilərində hakimiyyət dəyişikliyinə nail ola bilməyən Rusiya açıq qarşıdurmaya getməyərək Paşinyan hakimiyyətinin legitimliyini şübhə altına almaq, diasporu və kilsəni səfərbər etmək yolu ilə təzyiq imkanlarını gücləndirməyə çalışa bilər. Belə bir yanaşma Paşinyanı üç əsas istiqamətdə müdafiə mövqeyinə keçirə bilər: Rusiya ilə münasibətlər, Erməni Apostol Kilsəsi və Ermənistanın Qərbə inteqrasiyası. Soçi toplantısında məhz kilsə məsələsinin ayrıca önə çəkilməsi də təsadüfi görünmür. İştirakçılar Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə qarşı siyasətini pisləyib və məsələ ilə bağlı Patriarx Kirillə və Papa XIV Leoya müraciət etmək qərarını açıqlayıblar. Bu, kilsə məsələsinə daha geniş, mənəvi və beynəlxalq məzmun qazandırmaq cəhdi kimi qiymətləndirilə bilər. Bununla belə, ekspert vurğulayır ki, bu hələ vahid siyasi hərəkat və ya təşkilat demək deyil. Paşinyana qarşı çıxan Ermənistan müxalifətində müxtəlif siyasi keçmişə, xarici siyasət baxışlarına və sosial bazaya malik qruplar var. Onları bir araya gətirmək mümkün olsa da, Paşinyandan sonra hansı siyasi modelin qurulacağı barədə razılığa gəlmək daha çətin görünür. Son parlament seçkilərində Rusiyanın bu qüvvələri vahid siyasi alternativ ətrafında birləşdirə bilməməsi də diqqət çəkir. Buna görə Moskvanın yeni siyasi fiqurlar axtarması, müxalifəti, diasporu və kilsəni həmin fiqurun ətrafında toplamaq və növbəti seçkilərə qədər alternativ güc formalaşdırmaq istəməsi ehtimal edilir. Bu baxımdan Soçi toplantısı sadəcə keçmiş münasibətlərin müzakirəsi deyil, Paşinyan hakimiyyətinə qarşı yeni siyasi mexanizmlərin sınaqdan keçirildiyi platforma kimi də qiymətləndirilə bilər. Hələlik bu qüvvələrin vahid siyasi blok kimi formalaşdığını söyləmək tezdir. Lakin müxtəlif siyasi və ictimai qrupların eyni platformada Paşinyanı tənqid etməsi diqqətçəkən tendensiyadır. İrəvanda seçkidən sonra hakimiyyətini möhkəmləndirən Paşinyan üçün Moskvada yaranan bu yeni siyasi xətt gələcəkdə əlavə təzyiq mənbəyinə çevrilə bilər. Əsas sual isə budur: Rusiyadakı erməni diasporunun bir hissəsi Ermənistanın rusiyayönlü müxalifəti və kilsə ilə eyni platformada Paşinyana qarşı real siyasi hərəkat yarada biləcəkmi? Əgər bu resurslar vahid mərkəzdə birləşdirilərsə, Moskva Paşinyan hakimiyyətinə təsir imkanlarını artıraraq Ermənistanın Qərbə inteqrasiya kursunu zəiflədə bilərmi? Geri qayıt |