Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı...

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı...


Bu gün, 06:34

Azərbaycan Maliyyə Nazirliyinin 2026-cı ilin yanvar–iyul ayları üzrə açıqladığı büdcə icrası göstəriciləri ölkə iqtisadiyyatında fiskal dayanıqlığın və maliyyə intizamının qorunduğunu göstərən mühüm indikatorlardır.
Maliyyə Nazirliyinin açıqladığı məlumatda dövlət büdcəsinin gəlirlərinin 23 milyard 594,7 milyon manat təşkil etdiyi və proqnoza nisbətən 855,9 milyon manat və ya 3,8 faiz artıq icra olunduğu bildirilir. Eyni dövrdə büdcə xərcləri 20 milyard 174,4 milyon manat olub.
Bu rəqəmlərdən göründüyü kimi, ilin ilk 7 ayında dövlət büdcəsində təxminən 3,42 milyard manatlıq profisit formalaşıb. Hesab edirəm ki, bu, yalnız büdcənin texniki icrası baxımından deyil, ümumilikdə ölkənin makroiqtisadi sabitliyi baxımından da müsbət göstəricidir.
Xüsusilə diqqətçəkən məqamlardan biri qeyri-neft sektorundan daxilolmaların əhəmiyyətli rolunun artmasıdır. Dövlət Vergi Xidməti xətti ilə daxilolmaların proqnozu 8 faiz, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmaların isə 21,5 faiz üstələməsi iqtisadi aktivliyin ayrı-ayrı sektorlar üzrə davam etdiyini göstərir.
Maliyyə Nazirliyinin bu göstəriciləri operativ şəkildə ictimaiyyətə təqdim etməsini də müsbət qiymətləndirirəm. Çünki belə məlumatlar iqtisadiyyatın real vəziyyətinin, dövlət maliyyəsinin dayanıqlığının və müxtəlif bazar seqmentlərinin davranışının təhlili üçün mühüm statistik baza yaradır.
Əmlak bazarı baxımından isə bu rəqəmlər xüsusilə maraqlıdır.
Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmaların 32,9 milyon manat təşkil etməsi və proqnozun 21,5 faiz üstələnməsi əmlak sektorunda əməliyyatların, dövlət qeydiyyatı və digər əmlakla bağlı iqtisadi proseslərin aktivliyini göstərən mühüm göstəricilərdən biridir.
Mənim fikrimcə, bu məlumatlara yalnız büdcə gəlirlərinin statistikası kimi yanaşmaq düzgün deyil. Büdcə gəlirlərinin strukturu və dinamikası daşınmaz əmlak bazarının gələcək istiqaməti barədə də müəyyən siqnallar verir.
Bu iqtisadi nəticələrin əmlak bazarına mümkün təsirinə diqqət yetirək.
İlk növbədə, ehtimal edirəm ki, torpaq bazarında aktivlik davam edəcək.
Torpaq bazarında son dövrdə müşahidə olunan qiymət artımının əsas səbəblərindən biri məhdud təklif və investisiya tələbinin yüksəlməsidir. Büdcə gəlirlərinin artması və iqtisadi aktivliyin qorunması bu tendensiyanı dəstəkləyən amillərdəndir.
Mənzil qiymətlərində hər hansı ucuzlaşma gözlənilmir, əksinə, artım dinamikası davam edəcək. Xüsusilə yeni tikililərdə tikinti xərclərinin yüksək səviyyədə qalması, torpaq qiymətlərinin artması və tikinti materiallarının bahalaşması fonunda mənzil bazarında əsas ssenarinin qiymət artımının davam etməsi, lakin artım tempinin seqmentlər üzrə fərqlənməsi olduğunu düşünürəm.
Kommersiya daşınmaz əmlakı, yəni qeyri-yaşayış sahələri üçün də müsbət siqnal var.
İqtisadi dövriyyənin genişlənməsi ticarət, xidmət, logistika və digər kommersiya obyektlərinə tələbi dəstəkləyə bilər. Xüsusilə nəqliyyat infrastrukturu və şəhərin inkişaf layihələri ilə əlaqəli ərazilərdə kommersiya potensialı daha yüksək olacaq.
Açıqlanan rəqəmlər daşınmaz əmlak bazarı üçün müsbət makroiqtisadi fon kimi qiymətləndirilməlidir. Lakin bu, bütün əmlak seqmentlərinin eyni templə bahalaşacağı anlamına gəlmir.
2026-cı ilin ikinci yarısında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin proqnozları aşağıdakı kimidir:
- Torpaq sahələrində yüksək artım potensialı;
- Yeni tikili mənzillərdə davamlı qiymət artımı;
- Köhnə tikili mənzillərdə daha mülayim artım;
- Kommersiya( qeyri-yaşayış) obyektlərində lokasiyadan asılı olaraq aktivliyin yüksəlməsi;
- Fərdi yaşayış evlərində torpaq və tikinti xərclərinin təsiri ilə artımın davam etməsi;
- Kotlavan (təməl, bünövrə) tikililərdə birmənalı yüksək artım.
Əsas məsələ ondan ibarətdir ki, daşınmaz əmlak bazarında qiymət artımını təkcə alıcının tələbi deyil, həm də torpaq, tikinti, maliyyələşmə, urbanizasiya, investisiya cazibədarlığı, yığım alternativsizliyi və infrastruktur amilləri formalaşdırır.
Ona görə də 2026-cı ilin 7 aylıq büdcə nəticələri AQC-nin əvvəlki proqnozlarını dəyişmir, əksinə, təsdiqləyir. Beləliklə, daşınmaz əmlak bazarında 2026-cı ildə artım tendensiyasının davam etməsi daha real ssenaridir.


Vüqar Oruc - Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri 

"DİA-AZ"


Geri qayıt