Əsas Səhifə > Ana xəbər / Güney Press > Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ...
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ...Bu gün, 06:00 |
|
Bir neçə gün bundan əvvəl Xəzərin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasının İran parlamentində ratifikasiyası məsələsinin yenidən gündəmə gətirilməsi ilk baxışda texniki-hüquqi məsələ təsiri bağışlaya bilər. Əslində isə söhbət Xəzərdə regional güc balansına təsir göstərə biləcək kifayət qədər ciddi siyasi qərardan gedir. Bu baxımdan İranın xarici işlər naziri Abbas Əraqçinin son açıqlaması xüsusilə diqqətçəkəndir: nazir bir tərəfdən konvensiyanın İranın milli maraqlarına uyğun olduğunu bildirir, digər tərəfdən isə vurğulayır ki, sənəddə İranın Xəzərdəki konkret payı müəyyənləşdirilmir və bu məsələ ikitərəfli, yaxud üçtərəfli danışıqlar yolu ilə həll olunmalıdır.
İlk növbədə onu qeyd edək ki, həqiqətən də Xəzər haqqında Konvensiyada təkcə İranın deyil, heç bir sahilyanı dövlətin Xəzərdəki konkret payı müəyyənləşmir. Konvensiya yalnız Xəzərin dibinin necə bölüşdürüləcəyinin hüquqi çərçivəsini yaradır. Konvensiyasının 8-ci maddəsinə əsasən Xəzərin dibi və yeraltı sərvətlərinin sektorlara bölünməsi qonşu və qarşı-qarşıya sahilləri olan dövlətlərin razılaşması ilə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları nəzərə alınmaqla həyata keçirilir. Bu müddəa əslində mövcud praktikanı nəzərə alır. Belə ki, 2001-2003-cü illərdə əvvəlcə Azərbaycan və Qazaxstan, Azərbaycan və Rusiya ayrı-ayrılıqda ikitərəfli qaydada, sonra isə həmin dövlətlər birlikdə üçtərəfli qaydada öz aralarında Xəzərin dibinin sektorlara bölünməsi barədə razılaşma imzalayıblar.
Əraqçinin bu açıqlamasını İranın Konvensiyadan imtina etmədiyini, lakin Xəzərinin dibinin delimitasiyası məsələsinə daha aktiv yanaşacağı barədə mesaj kimi qiymətləndirmək olar.
Açıqlamanın verildiyi zaman da maraqlı görünür. İran müasir geosiyasi şəraitdə Yaxın şərqdə gərginlik, ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsi, Ukrayna dronlarının və ABŞ raketlərinin Xəzərdə görünməsi kontekstində artıq konvensiyadan kənarda qalmağın riskli olduğunu görür. Xəzər indi yalnız enerji ehtiyatları və balıqçılıq məsələsi deyil. Bu dəniz Rusiya ilə İran arasında nəqliyyat əlaqələrinin, Şimal–Cənub dəhlizinin, Mərkəzi Asiya ilə əlaqələrin və regional enerji marşrutlarının mühüm hissəsinə çevrilir. Belə şəraitdə İranın Xəzərin hüquqi rejimini müəyyən edən əsas sənəddən kənarda qalması artıq üstünlükdən daha çox çatışmazlığa çevrilə bilər. İran ratifikasiya ilə Xəzərin statusunun gələcək elementlərinin formalaşmasında təsirini, Xəzərin dibinin delimitasiya məsələsində ayrıca danışıqlar aparmaq imkanını saxlayır.
Bu məsələdə Rusiya amilini də nəzərə almaq lazımdır. Rusiya uzun müddətdir ki, Xəzərin hüquqi statusu məsələsinin yekunlaşdırılmasında maraqlıdır. Belə ki, Rusiya üçün Xəzər həm təhlükəsizlik, həm də geosiyasi nəzarət baxımından xüsusi əhəmiyyət daşıyır. Konvensiyanın əsas müddəalarından biri Xəzərdə hərbi fəaliyyətlə bağlı xüsusi rejim yaratmaq və sahilyanı olmayan dövlətlərin hərbi qüvvələrinin Xəzərdə iştirakını istisna etməkdir. Bu, Rusiyanın strateji maraqlarına tam uyğun gəlir. Çünki Rusiya Xəzəri özünün cənub təhlükəsizlik perimetrinin bir hissəsi kimi görür. İranın konvensiyanı ratifikasiya etməsi isə Rusiyanın arzuladığı hüquqi statusun tamamlanmasına kömək edəcək.
Bir neçə gün sonra Tehranda Xəzəryanı dövlətlərin sammitinin keçiriləcəyi gözlənilir. Rusiya hələ keçən ilin dekabrında İranın Konvensiyanı bu sammitə qədər ratifikasiya etməsinə ümid etdiyini açıqlamışdı. Bu amili də əhəmiyyətli hesab etmək olar: İranın ratifikasiyasının məhz indi – Tehranda Xəzəryanı ölkələrin sammiti ərəfəsində – gündəmə gətirilməsi sırf hüquqi deyil, həm də ciddi geosiyasi zamanlama təsiri bağışlayır. Lakin İran ratifikasiya məsələsinin Rusiyanın tələbi ilə gündəmə gətirdiyini etiraf etmək və Rusiyaya güzəşt kimi təqdim etmək istəmir; bu məsələnin sırf Tehranın milli maraqları ilə əsaslandırıldığı görüntüsünü yaratmaq istəyir.
Konvensiyanın ratifikasiyasının gündəmə gətirilməsini Azərbaycan və Türkmənistan amili ilə də əlaqələndirmək olar. Xəzərin cənub hissəsində İranın əsas qonşularından biri Azərbaycan, cənubi şərq istiqamətində isə Türkmənistandır. Hər 2 dövlətin Xəzərdə böyük enerji infrastrukturu, neft-qaz yataqları, dəniz platformaları və beynəlxalq enerji layihələri mövcuddur. Bu isə İranla Azərbaycan və Türkmənistan arasında Xəzərin dibi və dəniz sərhədləri məsələsini prinsipial mövzuya çevirir. İran konvensiyanı ratifikasiya etməklə onun yaratdığı ümumi hüquqi çərçivədən istifadə edərək Azərbaycan və Türkmənistanla danışıqlara daha müəyyən hüquqi platformada daxil ola bilər. İranın Xəzərin hüquqi statusu üzrə ümumi konvensiyadan kənarda qalması Türkmənistan və Azərbaycanla ayrı-ayrı mübahisələrdə onun mövqeyini uzunmüddətli perspektivdə daha mürəkkəb vəziyyətə sala bilər. İndiki qeyri-müəyyənlik uzandıqca məsələ hüquqi mübahisədən daha çox siyasi qarşıdurma mövzusuna çevrilə bilərdi.
Və nəhayət bu məsələyə Şimal–Cənub dəhlizi kontekstindən də yanaşmaq olar. Burada Xəzərin hüquqi statusu ilə İranın iqtisadi maraqlarının birbaşa birləşdiyini görmək olar. Belə ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran üçün strateji əhəmiyyət daşıyır. Rusiya ilə İran arasında yükdaşımaların artması, Xəzər limanlarının əhəmiyyətinin yüksəlməsi və Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarının inkişafı Xəzəri İranın regional iqtisadi siyasətində daha vacib mövqeyə gətirir. Bu mənada İran bu prosesin içində olmaq istəyirsə, Xəzərin hüquqi rejiminin müəyyən edilməsində də tam hüquqlu iştirakçı olmalıdır. Başqa sözlə, Xəzərin hüquqi statusu məsələsi artıq Tehran üçün yalnız suverenlik məsələsi deyil, həm də tranzit və iqtisadi gəlir məsələsidir. Buna görə də ratifikasiya İranın iqtisadi maraqlarına da xidmət edə bilər.
Konvensiyanı ratifikasiya etmək indiki vəziyyətə nisbətən İrana bəzi üstünlüklər verir. İran Xəzərin hüquqi rejiminin tamhüquqlu iştirakçısına çevrilir, gələcək delimitasiya danışıqları üçün hüquqi platformanı qəbul etmiş olur, Rusiya və digər Xəzəryanı dövlətlərlə münasibətlərində əlavə hüquqi qeyri-müəyyənlik aradan qalxır. Bunlardan başqa, Xəzərdə xarici dövlətlərin hərbi iştirakına qarşı ümumi prinsip İranın da təhlükəsizlik maraqlarına xidmət etmiş olur.
İran parlamenti ratifikasiya etsə, Bakı–Tehran münasibətlərində Xəzər məsələsinin yeni mərhələyə keçməsi ehtimalı yüksəkdir. Ratifikasiyadan sonra əsas məsələ Xəzərin dibinin delimitasiyası olacağı şübhəsizdir. Bu isə öz növbəsində daha mürəkkəb prosesdir; burada söhbət siyasi bəyanatlardan yox, konkret koordinatlardan, dəniz dibindən, enerji yataqlarından və qarşılıqlı hüquqi arqumentlərdən gedəcək. Başqa sözlə, İranın ratifikasiyası Xəzər məsələsinin sonu deyil, Azərbaycan–İran delimitasiya danışıqlarının yeni başlanğıcı ola bilər. Lakin bu məsələdə Azərbaycan, Rusiya və Qazaxstan presidentinin əsas götürülmüsi mümkün hesab oluna bilər; bu, həm də beynəlxalq praktikaya uyğundur.
Beləliklə, İranın Xəzərin statusu haqqında konvensiyanı ratifikasiya etməyə hazırlaşmasını bu məsələdə İranın öz əvvəlki mövqeyindən geri çəkilməsi və Xəzərin statusu məsələsinin qəti həll olunması kimi qiymətləndirmək bir o qədər də düzgün olmazdı. Bu daha çox taktikanın dəyişdirilməsi və diplomatik manevr təsiri bağışlayır. İran tərəfindən Konvensiyanın ratifikasiyasını Xəzər uğrunda hüquqi mübarizənin başa çatması yox, yeni mərhələyə keçməsi kimi qiymətləndirmək daha düzgün olardı.
Qulamhüseyn Əlibəyli - "DİA-AZ"
Geri qayıt |