Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilərBu gün, 14:48 |
|
Azərbaycanda yerli idarəetmə sisteminin yenilənməsi ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri institutunun tətbiqi ölkədə yeni idarəetmə modelinə keçidin mümkünlüyü ilə bağlı sualları artırıb.
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, belə bir idarəetmə modelinə keçidlə bağlı müxtəlif vaxtlarda müzakirələr və açıqlamalar səsləndirilib.
“2020-ci ildə, 44 günlük müharibədən sonra Prezidentin çıxışlarında da bu məsələ ilə bağlı müəyyən fikirlər səsləndirilib. Gələcəkdə yeni idarəetmə metoduna keçidin mümkünlüyü müzakirə olunub. İşğaldan azad edilmiş ərazilərdə isə icra başçılarından fərqli olaraq, paralel şəkildə Prezidentin xüsusi nümayəndələri institutu fəaliyyət göstərir. Hazırda həmin nümayəndələr öz fəaliyyətlərini davam etdirirlər”.
“Bunun üçün Konstitusiyaya dəyişiklik edilməlidir və referendum keçirilməsi zəruridir. Eyni zamanda, yeni idarəetmə modelinə keçid prosesinə artıq başlanması mümkündür. Bu dəyişiklik ya mərhələli şəkildə həyata keçirilməli, ya da birdəfəlik reallaşdırılmalıdır”.
“Əsas məsələ bu dəyişikliklərin insanların gündəlik həyatına və dövlətin rifahına, inkişafına nə dərəcədə fayda verəcəyidir. Əgər yanaşma dəyişmirsə, idarəetmə fəlsəfəsi eyni qalırsa və ya həmin vəzifəyə təyin olunan şəxslərin dünyagörüşü dəyişmirsə, o zaman həmin şəxs icra başçısı əvəzinə icra nümayəndəsi də ola bilər. Nəticə etibarilə mahiyyət dəyişməyəcək”.
Tural Abbaslının sözlərinə görə, bu baxımdan yalnız vəzifənin adının və ya səlahiyyətlərin dəyişdirilməsi idarəetmədə mövcud problemlərin həlli üçün kifayət deyil: “Bu baxımdan vəzifənin adının, yaxud səlahiyyətlərin dəyişdirilməsi öz-özlüyündə müsbət nəticə verəcək həll yolu deyil. Əsas dəyişiklik idarəetmə yanaşmasında, hesabatlılıqda, məsuliyyətdə və həmin vəzifələrə seçilən şəxslərin fəaliyyət prinsipində olmalıdır”. Geri qayıt |