Əsas Səhifə > Ana xəbər / Güney Press > 7-8 kiloluq quzuları niyə kəsirlər?
7-8 kiloluq quzuları niyə kəsirlər?Bu gün, 11:29 |
|
Son dövrlərdə körpə quzuların aşağı çəkidə kəsilərək satışa çıxarılması heyvandarlıqla məşğul olan sahibkarlar arasında narahatlıq yaradan məsələlərdən birinə çevrilib. Belə ki, sahibkarlar bildirirlər ki, quzuların 7-8-9 kiloqram çəkidə kəsilməsi həm təsərrüfatların əldə edə biləcəyi gəlirin azalmasına, həm də heyvandarlığın gələcək inkişafına mənfi təsir göstərə bilər. Məsələnin digər tərəfi isə ölkədə xırdabuynuzlu heyvanların sayının qorunması və ət təminatının davamlılığı ilə bağlıdır. Mövzu ilə bağlı Modern.az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, bu məsələyə emosional deyil, iqtisadi və təsərrüfat baxımından yanaşmaq lazımdır. Onun sözlərinə görə, söhbət 7-8 kiloqramlıq deyil, təmiz çəkisi 9-10 kiloqram olan quzulardan gedir: “Əslində burada söhbət 7-8 kiloqramlıq deyil, 9-10 kiloqram təmiz çəkidə olan quzulardan gedir. Bu da diri çəkidə təxminən 16-17 kiloqram edir. Bu quzuların kəsilməsi Azərbaycanda yem çatışmazlığı ilə bağlıdır. Əgər onlar uzun müddət saxlanılsa, əlavə yemə ehtiyac yaranacaq. Azərbaycanda isə yem təminatı ilə bağlı ciddi problem var. Belə olan halda heyvanlar çəki almır, əksinə arıqlayır. Quzular südəmər dövrdə və az miqdarda yemlə qısa müddətdə yüksək çəki əldə edir. Sonrakı mərhələdə isə həm fiziki durumunu saxlamaq, həm də ət çəkisini artırmaq üçün daha çox yem tələb olunur”. O xatırladıb ki, məhz buna görə də vaxtilə bu məsələyə qadağa qoymaq mümkün olmayıb: “Mən də dəfələrlə demişəm ki, belə bir qadağa yalnız Azərbaycanın möhkəm yem bazası, geniş örüş əraziləri olduğu halda müzakirə oluna bilər. Bu gün heyvanların baş sayının azalması quzuların kəsilməsi ilə bağlı deyil. Problem daha məhsuldar, daha iri çəkili heyvanların kəsimə göndərilməsidir. Bunun da əsas səbəbi ölkədə yem çatışmazlığıdır. Hazırda iribuynuzlu heyvanların sayı azalır, inəklər və yaşlı heyvanlar daha çox kəsimə verilir". Ekspert əlavə edib ki, problemi quzuların kəsilməsində axtarmaq və bunu heyvan sayının və ya ət istehsalının azalması ilə əlaqələndirmək tamamilə yanlışdır: "Əvvəllər də 9-10 kiloqram təmiz çəkidə quzular kəsilirdi və buna geniş tələbat var idi. Hətta imkanlı şəxslər, oliqarx məmurlar daha çox məhz 8-10 kiloqramlıq quzu ətinə üstünlük verirdilər. Çünki bu ətin kiloqramı 25-30 manat arasında satılırdı. Əgər ölkədə yem bazası güclü olsa, örüş əraziləri kifayət qədər genişləndirilsə və məhsuldarlıq artırılsa, sizi əmin edirəm ki, çobanlar quzuları tələsik satmazlar. Onları saxlayar, daha böyük çəki əldə etdikdən sonra daha baha qiymətə satışa çıxararlar. Bu məsələyə qadağa qoyulsa, hətta bununla bağlı qanun qəbul olunsa, Azərbaycanda çox ciddi problemlər yaranar”. V.Məhərrəmov bildirib ki, inkişaf etmiş heyvandarlıq ölkələrində heyvanların kəsimi ilə bağlı yaş məhdudiyyəti tətbiq edilmir: “Normal və sivil ölkələrdə heyvandarlıq biznes kimi qəbul olunur və heyvanların kəsimi üçün yaş həddi müəyyən edilmir. Bu, sahibkarın iqtisadi maraqları ilə bağlı məsələdir. Əgər sahibkar müəyyən mərhələdə heyvanı satmaqla daha çox gəlir əldə edirsə, onu satacaq. Əgər onu saxlamaq sahibkara ziyan vurursa, təbii ki, kəsimə verəcək. Bu, sahibkarın imkanından və marağından asılıdır. Burada yaş həddi müəyyən etməyin faydası yoxdur. Onsuz da quzu təxminən 6 aylığında normal çəkiyə çatır. Bundan sonrakı seçim insanların zövqündən asılıdır. Bəzən bu mövzu elə təqdim edilir ki, guya quzunun bu yaşda kəsilməsi düzgün deyil. Bu, manipulyasiyadır və yanlış yanaşmadır. Əgər kimsə quzunun kəsilməsini istəmirsə, özü saxlasın, bir yaşında, iki yaşında, üç yaşında satsın. Əgər doğrudan da mərhəmət hissi güclüdürsə, onda yem istehsalını artırsınlar, örüş ərazilərini kəndlilərə və sahibkarlara qaytarsınlar. O zaman heç kim quzunu vaxtından əvvəl kəsməyəcək”. Ekspertin sözlərinə görə, onun mövqeyi heyvandarlıqla məşğul olan sahibkarların maraqları ilə üst-üstə düşür: “Heyvandarlıqla məşğul olan insanlar heç də qəddar deyillər. Onlar saxladıqları heyvanlara böyük qayğı göstərirlər, onları özlərinə əziz bilirlər. Sadəcə məcburiyyət qarşısında qalaraq kəsimə verirlər. Çünki satılan quzunun hesabına qalan heyvanların yemini təmin edirlər və yeni heyvan alırlar. İndiki şəraitdə vəziyyət həqiqətən çox çətindir. Mənim yanaşmam da məhz çobanın və heyvandarlıqla məşğul olan sahibkarın maraqları ilə eynidir". İlahiyyatçı Ağa Hacıbəyli isə deyib ki, bu məsələyə şəri ölçülər baxımından yanaşmaq lazımdır. Onun sözlərinə görə, heyvanların kəsilməsinin İslamda müəyyən şərtləri və qaydaları var: “Bu məsələ son günlər ölkəmizdə kifayət qədər müzakirə olunur. Bəzi məsələlər var ki, onlara şəri ölçülərlə baxılması və buna uyğun dəyərləndirilməsi vacibdir. Heyvanların kəsilməsinin də özünəməxsus şəri şərtləri və ölçüləri var. Onu da qeyd edək ki, Qurban bayramında kəsilən heyvanlarla ilin digər vaxtlarında kəsilib istehlak olunan heyvanları eyni kateqoriyaya aid etmək olmaz. Bildiyiniz kimi, şəri ölçülərə görə, Qurban bayramında kəsilən heyvanın minimum bir yaşı olmalıdır. Digər vaxtlarda isə belə bir tələb yoxdur. Lakin hər şey hüquqla, əhkamla və qanunla tənzimlənmir. Südəmər heyvanların kəsilməsi caiz görülmür". İlahiyyatçının sözlərinə görə, hələ ana südünə möhtac olan, 6-7 aylıq quzunun kəsilməsi şəfqət və mərhəmət baxımından doğru deyil: "Məsələnin başqa bir tərəfi də var. Bu gün 7-8 kiloqram ət verən bir quzu bir neçə ay sonra 20-25 kiloqram ət verə bilər. Daha çox fayda verəcəyi, daha çox ehtiyacı ödəyəcəyi halda, ölkə səviyyəsində quzuların kütləvi şəkildə kəsilməsi məsələsinə hətta hüquqi müstəvidə də baxılmasına ehtiyac var. Ümumiyyətlə, İslama görə heç bir zaman fərdi mənfəət ictimai mənfəətdən üstün tutulmur. Belə bir yanaşma doğru deyil. Hər şey qanunla ölçülmür, hər şey qayda ilə həll olunmur. Əsas odur ki, insanın daxilində şəfqət hissi olsun. Bir məqama da diqqət yetirmək lazımdır. Heyvan ətinin də müəyyən müddətdə yetişməsinə ehtiyac var. Südəmər quzuların əti yumşaqdır. Bir insan kabab yemək istəyir deyə körpə quzunun kəsilməsi və doğranması şəfqət baxımından doğru hesab oluna bilməz". A.Hacıbəyli vurğulayıb ki, ən azından heyvan bir yaşına çatıb Qurbanlıq yaşına yetişsə və ondan sonra kəsilsə, bu daha məqsədəuyğun olar: "İslam dini bunun üçün bir ölçü və meyar müəyyən edib. Qurbanlıq heyvanın bir yaşı olduğu kimi, digər vaxtlarda bu tələb məcburi olmasa da, həmin ölçüyə uyğun davranmaq daha yaxşı olardı. Yəni Qurban bayramında kəsdiyimiz heyvanların yaşını digər hallarda da gözləyə bilsək, bu çox yaxşı olardı". Geri qayıt |