Əsas Səhifə > Ana xəbər / Güney Press > Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır?
Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır?Bu gün, 11:02 |
|
Son dövrlər sosial şəbəkələrdə vətəndaşların aldadılması, şəxsi məlumatlarının ələ keçirilməsi və sonradan şantaj olunması ilə bağlı ciddi narahatlıq doğuran yeni kiberdələduzluq sxemi yayılıb. Müşahidə olunan hallar göstərir ki, bu üsul təsadüfi fərdi dələduzluqdan daha çox koordinasiyalı fəaliyyətə bənzəyir. Əldə olunan məlumatlara görə, naməlum şəxslər əvvəlcə Facebook üzərindən saxta profillərlə vətəndaşlarla əlaqə yaradırlar. Onlar özlərini xüsusi xidmət orqanının nümayəndəsi, prokurorluq əməkdaşı və ya digər hüquq-mühafizə qurumlarının əməkdaşı kimi təqdim edərək qarşı tərəfdə etimad formalaşdırmağa çalışırlar. Dələduzlar söhbət zamanı guya hansısa araşdırma aparıldıqlarını, təhlükəsizlik məqsədilə əlaqə saxladıqlarını və ya rəsmi məlumat dəqiqləşdirməsi apardıqlarını bildirirlər. Bu bəhanələrlə vətəndaşın WhatsApp nömrəsini əldə etməyə çalışırlar. Maraqlıdır ki, nömrə əldə edildikdən sonra onlar dərhal aktiv fəaliyyət göstərmirlər. Əksər hallarda bir neçə gün ərzində əlaqə kəsilir. Bu isə qarşı tərəfdə şübhəni azaltmaq və əvvəlki yazışmanı unutdurmaq məqsədi daşıdığı ehtimal olunur. Bir müddət sonra isə xarici telefon nömrələri vasitəsilə WhatsApp-da yenidən əlaqə yaradılır. Bu dəfə tamamilə fərqli üslub seçilir. Vətəndaşa virtual tanışlıq, intim söhbət və ya görüntülü danışıq təklif olunur. Söhbət zamanı qarşı tərəf adətən özünü xaricdə yaşayan qadın kimi təqdim edir, əvvəlcədən hazırlanmış foto və videolardan istifadə edir və qarşı tərəfi görüntülü danışığa cəlb etməyə çalışır. Psixoloji manipulyasiya üsullarından istifadə olunaraq şəxsin rahat davranmasına nail olunmağa çalışılır. Vətəndaş görüntülü danışığa qoşulduqdan sonra danışıq gizli şəkildə qeydə alınır. Bəzi hallarda montaj olunmuş görüntülərdən də istifadə edildiyi bildirilir. Bundan dərhal sonra vəziyyət dəyişir. Şəxsə ard-arda hədə mesajları göndərilir: “Sənin videon bizdədir, bunu ailənə göndərəcəyik, bütün dost siyahına yayacağıq, ödəniş etməsən, videonu yaxınlarına göndərəcəyik, Facebook və digər sosial şəbəkələrdə paylaşacağıq.” Dələduzlar xüsusilə vətəndaşın ailə üzvlərini, həyat yoldaşını, qohumlarını və iş yoldaşlarını hədəf göstərərək onu psixoloji təzyiq altında saxlamağa çalışırlar. Bu sxem beynəlxalq aləmdə geniş yayılmış “sextortion” – yəni intim görüntülərlə şantaj cinayətinin əsas xüsusiyyətlərini daşıyır. Dələduzluq sxeminin əsas məqsədi vətəndaşlarda qorxu və psixoloji təzyiq yaradaraq onlardan pul əldə etməkdir. Bu cür hallarda şəxslər əvvəlcə müxtəlif yollarla qarşı tərəfin etimadını qazanır, daha sonra isə əldə etdikləri şəxsi məlumat və görüntülərdən şantaj vasitəsi kimi istifadə edirlər. Belə hallarda vətəndaşlara intim xarakterli görüntülərin ailə üzvlərinə, yaxınlarına və tanışlarına göndəriləcəyi, yaxud sosial şəbəkələrdə yayımlanacağı bildirilərək pul tələb olunur. Şantajçılar əsasən zərərçəkənin ifşa olunmaq və yaxınları qarşısında çətin vəziyyətə düşmək qorxusundan istifadə edirlər. Sxemin müxtəlif ölkələrdən olan telefon nömrələri, çoxsaylı saxta sosial media hesabları, əvvəlcədən hazırlanmış foto və video materiallar və oxşar üsullarla həyata keçirilməsi bu fəaliyyətin fərdi xarakter daşımadığını və daha geniş, koordinasiyalı şəbəkə ilə əlaqəli ola biləcəyini göstərir. Lakin konkret cinayətkar qrupun müəyyən edilməsi yalnız hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində mümkün ola bilər. Sosial şəbəkələrdə tanımadıqları şəxslərlə şəxsi məlumatlarını paylaşmamağı, özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edən şəxslərin kimliyini rəsmi yollarla yoxlamağı və xarici nömrələrdən gələn şübhəli görüntülü zənglərə cavab verməməyi tövsiyə olunur. Eyni zamanda, intim xarakterli görüntülərlə bağlı şantaja məruz qalan şəxslərin təzyiqə boyun əyməməsi və pul ödəməməsi vacibdir. Belə hallarda yazışmalar, telefon nömrələri, səsli mesajlar, ekran görüntüləri və digər mümkün sübutlar saxlanılmalı, məsələ dərhal aidiyyəti hüquq-mühafizə orqanlarına bildirilməlidir. Şantajçıların sas məqsəd vətəndaşı qorxu altında saxlamaq və onun zəif psixoloji vəziyyətindən istifadə etməklə maddi gəlir əldə etməkdir. Bu səbəbdən belə hallarla üzləşən şəxslərin panikaya düşməməsi, şantajçılarla əlaqəni dayandırması və hüquqi yardım üçün aidiyyəti qurumlara müraciət etməsi mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, sosial şəbəkələrdə adi tanışlıq və yazışma ilə başlayan prosesin sonradan şantaj və maddi tələbə çevrilməsi bir daha göstərir ki, rəqəmsal məkanda şəxsi məlumatların qorunması və tanımadığımız şəxslərlə ünsiyyətdə ehtiyatlı davranmaq olduqca vacibdir. Geri qayıt |