Əsas Səhifə > Ana xəbər / Güney Press > “O, mənim evimi yıxıb, oğlumu öldürüb...”
“O, mənim evimi yıxıb, oğlumu öldürüb...”Bu gün, 13:00 |
|
Şəki rayonunda gəncin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. Hadisə zamanı həyatını itirən Mahir Teyibovun atası Əhməd Teyibov daxili işlər naziri Vilayət Eyvazovun adına geniş şikayət ərizəsi ünvanlayaraq cinayət işinin nəzarətə götürülməsini xahiş edib. Surəti Musavat.com-a göndərilən müraciətdə bildirilir ki, hadisə Şəki rayonunun Baş Göynük kəndi ərazisində baş verib. Əhməd Teyibovun sözlərinə görə, Fərhad Qürbətlinin idarə etdiyi "Mercedes" markalı avtomobil Şəki şəhərində yüksək sürətlə hərəkət edərək oğlunu vurub. Nəticədə Mahir Teyibov həyatını itirib, onun yanında olan Şahin Tahirov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əhməd Teyibov qeyd edir ki, hadisə şahidlərinin dediklərinə əsasən Şəki şəhərində avtomobil təxminən 130 km/saat sürətlə idarə olunub. Fərhad Qürbətli həmin vaxt spirtli içkinin və digər maddələrin təsiri altında olub. Buna baxmayaraq, qəzadan sonra o, saxlanılmayıb, hələ də azadlıqdadır. Şikayət müəllifi faciədən əvvəl baş verənlərin də ciddi araşdırılmalı olduğunu bildirir. Onun yazdığına görə, hadisə günü axşam Mahir Teyibov iş yoldaşı Vüsalın göndərdiyi telefon nömrəsi ilə əlaqə saxlayıb və evdən çıxaraq görüşə gedib. Daha sonra Mahir və Şahin adlı şəxsin Rauf adlı şəxsin avtomobili ilə Layısqı kəndinə aparıldığı, oradan isə müxtəlif istiqamətlərdə hərəkət etdikləri iddia olunur. Müraciətdə qeyd edilir ki, Mahir və Şahin sonradan Baş Göynük kəndində bir kafeyə gəlib, lakin qısa müddət sonra oranı tərk edərək piyada hərəkət ediblər. Şikayət müəllifinin sözlərinə görə, məhz bundan sonra ölümcül qəza baş verib. Əhməd Teyibov müraciətində bir sıra əlavə məqamların da araşdırılmasını istəyir. O iddia edir ki, qəzanı törədən sürücü hadisə zamanı spirtli içkinin və ya başqa maddələrin təsiri altında ola bilərdi. Həmçinin, avtomobildə Səxavət adlı polis əməkdaşının olduğu, onun sürücünü dayandırmaq üçün hər hansı tədbir görmədiyi barədə məlumatların yoxlanılmasını xahiş edir. Şikayətdə hadisədə “VAZ-2107” markalı digər avtomobilin iştirak etməsi barədə məlumatların da araşdırılması istənilir. Bundan başqa, Mahir Teyibovun mobil telefonu ilə bağlı suallar qaldırılır. Ərizə müəllifi bildirir ki, hadisədən sonra telefon Vüsalın əlində olub. Onun sözlərinə görə, Vüsal telefonu Şahindən aldığını deyib. Ailə həmin telefonun hadisədən sonra necə və kim tərəfindən götürüldüyünün də istintaq tərəfindən araşdırılmasını tələb edir. Əhməd Teyibov xahiş edir ki, Baş Göynük kəndində baş vermiş ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinin istintaqının xüsusi nəzarətə götürülməklə hadisənin bütün hallarına obyektiv hüquqi qiymət verilsin. Təqsirli şəxslərin məsuliyyətə cəlb olunması üçün qanunauyğun tədbirlərin görülün. Vüsal, Əsgər, Nurlan, Şahin, Rauf və Səxavət adlı şəxslərin hadisə ilə bağlı dindirilməsi və onların Mahir Teyibovla münasibətlərinin araşdırılması, Mahir Teyibovun mobil telefonunun hadisədən sonra kim tərəfindən götürüldüyünün və telefondan istifadə olunub-olunmadığının müəyyən olunsun. Mərhum Mahir Teyibovun atası oğlunun ölümü ilə nəticələnən qəzanı törətmiş Fərhad Qürbətlinin istintaq dövründə həbsini tələb edir: “Bu adi qəza deyil. Fərhad Qürbətli qəza törədiyi vaxt çox ağır dərəcəli içkili olub. Onun digər maddələrdən istifadə etdiyi xəbəri də bizə çatıb. Belə bir halda o, niyə azadlıqda qalmalıdır? Bu adam içib sükan arxasına keçməklə daha bir ailənin çırağını söndürə bilər. Xahiş edirəm, onunla bağlı bütün qanuni tədbirlər görülsün, həbsə alınsın. O, mənim evimi yıxıb, oğlumu öldürüb”. Geri qayıt |