Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir

İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir


Bu gün, 12:09

Ermənistanın son dövrlərdə xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər Rusiyanın səbrini getdikcə daha çox sınağa çəkir. İrəvanın Moskva ilə ənənəvi əlaqələrdən uzaqlaşaraq Qərblə siyasi və təhlükəsizlik əməkdaşlığını genişləndirməsi Kreml dairələrində ciddi narahatlıq doğurur. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin son açıqlaması isə bu narahatlığın artıq açıq təhdid və xəbərdarlıq ritorikasına çevrildiyini göstərir. Medvedyev Ermənistanın apardığı siyasətin və Qərbin İrəvandakı fəaliyyətinin ölkəni Gürcüstanın aqibəti ilə üz-üzə qoya biləcəyini bildirib.

Bu açıqlama sadəcə Moskvanın növbəti siyasi bəyanatıdır, yoxsa Kreml Ermənistanın Qərbə inteqrasiya kursuna qarşı daha sərt addımların siqnalını verir?

Gürcüstan nümunəsinin xatırladılması isə xüsusilə diqqətçəkəndir. Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın Cənubi Qafqazdakı əsas xəttə çevrildiyi bir vaxtda Ermənistanın da eyni qarşıdurmanın mərkəzinə çəkilməsi region üçün yeni risklər yarada bilər.

İrəvan Moskva ilə münasibətləri nə qədər sürətlə soyuda və bunun qarşılığında hansı siyasi, iqtisadi və təhlükəsizlik nəticələri ilə üzləşə bilər? Medvedyevin mesajı Ermənistan hakimiyyətinə real xəbərdarlıqdır, yoxsa Moskvanın İrəvan üzərində siyasi təzyiq alətlərindən biridir? Gürcüstan ssenarisinin Ermənistanda təkrarlanması realdırmı?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında Dmitri Medvedyevin Ermənistanla bağlı son açıqlamasına növbəti sərt bəyanat kimi yanaşmadığını qeyd edib:

“Burada söhbət təkcə Ermənistanın Qərblə yaxınlaşmasından getmir. Əslində, Moskva ilə İrəvan arasında illər ərzində formalaşmış geosiyasi modelin dağılmasından gedir. Medvedyevin “Gürcüstan ssenarisi” ifadəsini xatırlatması postsovet məkanında sadəcə coğrafi müqayisə deyil. Rusiyanın siyasi leksikonunda bu, Qərbə inteqrasiya cəhdinin qarşılığında mümkün siyasi, iqtisadi və təhlükəsizlik itkilərinə dair xəbərdarlıqdır. Lakin Ermənistanın Gürcüstanın 2008-ci ildə yaşadığı hadisələri eyni formada təkrarlayacağını söyləmək üçün bu gün kifayət qədər əsas yoxdur. Ölkələrin geosiyasi vəziyyəti, təhlükəsizlik arxitekturası və regional münasibətləri fərqlidir. Ona görə də Medvedyevin sözlərini “Ermənistanda mütləq müharibə olacaq” kimi oxumaq siyasi analiz yox, siyasi spekulyasiya olar. Məncə, Medvedyevin mesajının əsas hədəfi də məhz hərbi əməliyyatın elan edilməsi ilə bağlı deyil. Bu, daha çox İrəvana verilən siyasi siqnaldır ki, “Qərbə doğru getdiyiniz yolun Moskva tərəfindən cavabsız qalacağını düşünməyin”.

Onu da unutmaq olmaz ki, İrəvan həqiqətən də Rusiya ilə əvvəlki münasibətlər sistemindən uzaqlaşır, amma hələ tamamilə yeni təhlükəsizlik sistemi də formalaşdıra bilməyib. Bu fərq çox vacibdir. Ermənistan KTMT-də iştirakını faktiki dondurub, Qərblə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirir, Avropa İttifaqı ilə inteqrasiya perspektivini müzakirə edir. 2026-cı ildə Aİ ilə təhlükəsizlik və müdafiə məsləhətləşmələri davam edib, Ermənistanda Aİ-nin ikinci mülki missiyası da fəaliyyətə başlayıb. Lakin bütün bunlar NATO-nun 5-ci maddəsi kimi kollektiv hərbi müdafiə zəmanəti demək deyil. Yəni Ermənistan köhnə təhlükəsizlik sistemindən çıxmağa çalışır, amma yeni təhlükəsizlik sisteminin içində də deyil. Bu da Ermənistan üçün riskdir. Çünki geosiyasətdə ən təhlükəli vəziyyət bəzən seçim etmək yox, iki sistem arasında qalmaqdır. İrəvanın qarşısında isə indi məhz belə bir mənzərə yaranıb. Bir tərəfdə Rusiya var. Ermənistanın Rusiya ilə iqtisadi, enerji və institusional əlaqələri hələ kifayət qədər güclüdür. Ermənistan Avrasiya İqtisadi Birliyinin və Moskva artıq açıq şəkildə bildirir ki, Avropa İttifaqına inteqrasiya ilə Rusiya liderliyindəki iqtisadi birlikdə üzvlüyün uzunmüddətli perspektivdə bir-biri ilə ziddiyyət təşkil etməsi qaçılmazdır. Digər tərəfdə isə Avropa İttifaqı var. Brüssel Ermənistanın suverenliyini, dayanıqlılığını və islahatlarını dəstəkləyir, təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir. Lakin bu dəstək hələ Ermənistan üçün Rusiyanın verdiyi və ya əvvəllər verdiyi təhlükəsizlik mexanizmlərinin tam alternativi deyil. Rusiya Cənubi Qafqazda təsir imkanlarının tədricən azalmasını görür və Ermənistanın Qərbə inteqrasiyasını bu prosesin mühüm hissəsi kimi qiymətləndirir. Buna görə də Moskvanın reaksiyası getdikcə daha açıq və sərt siyasi ritorikaya çevrilir”.

Siyasi təhlilçi onu da diqqətə çatdırıb ki, Medvedyevin bu açıqlaması ilk siyasi mesaj deyil:

“Son aylarda Rusiya rəhbərliyindən Ermənistanın EAEU ilə Aİ arasında seçim etməli olacağına dair mesajlar bir neçə dəfə səslənib. Moskva artıq Ermənistanın Avropa kursunu yalnız siyasi məsələ kimi deyil, iqtisadi və institusional seçim kimi də təqdim edir. Bu isə İrəvan üçün çox ciddi dilemma yaradır. Çünki Ermənistan Rusiyadan uzaqlaşmaq istəyirsə, bunu yalnız siyasi bəyanatlarla edə bilməz. Bunun üçün enerji, ticarət, nəqliyyat, təhlükəsizlik, investisiya və əmək bazarı üzrə alternativlər yaratmalıdır. Əks halda bir asılılıqdan çıxarkən digər asılılığın içinə düşə bilər. Çünki müstəqil xarici siyasət yalnız “Rusiya ilə yox” demək deyil. Bu baxımdan Ermənistanın hazırkı siyasəti daha çox təhlükəsizlik və xarici siyasət imkanlarını diversifikasiya etmək cəhdidir. Ancaq bu proses nə qədər sürətlə aparılarsa, Moskvanın müqaviməti də bir o qədər sərtləşəcək. Gürcüstan nümunəsi məhz bu amillər üzərindən gündəmə gətirilir. Lakin xatırlamaq lazımdır ki, 2008-ci ildən sonra Gürcüstan Qərbin dəstəyindən tamamilə məhrum olmadı. NATO bu gün də Gürcüstanın ərazi bütövlüyünü və onun xarici siyasət kursunu seçmək hüququnu dəstəklədiyini bildirir. Ona görə Medvedyevin “Gürcüstan ssenarisi” tezisini Moskvanın Gürcüstan hadisələrinə verdiyi siyasi interpretasiya və Ermənistan üçün istifadə etdiyi xəbərdarlıq modeli kimi qəbul etmək daha doğru yanaşma olar. Rusiya Ermənistanı bu kursdan döndərmək üçün hansı addımlar ata bilər? Düşünürəm ki, ilk mərhələdə hərbi alət kimi istifadə olunmayacaq. Daha çox iqtisadi təzyiq, ticarət məhdudiyyətləri, enerji məsələləri, EAEU mexanizmləri, siyasi-diplomatik təzyiq və informasiya müstəvisində qarşıdurmanın gücləndirilməsi daha real ssenarilərdir. Rusiyanın özü üçün də Ermənistanla münasibətlərin tamamilə qopması arzuolunan deyil. Çünki bu halda Moskva Cənubi Qafqazda mühüm strateji mövqelərindən birini itirə bilər. Ona görə hesab edirəm ki, Kremlin əsas məqsədi hazırda Ermənistanı dərhal “cəzalandırmaqdan” daha çox, onun Qərbə doğru hərəkətinin sərhədlərini müəyyənləşdirməkdir və İrəvana mesaj daha çox belədir: “Qərbə yaxınlaşa bilərsiniz, amma Rusiyanın geosiyasi maraqlarını nəzərə almadan bu yolu davam etdirə bilməzsiniz”.

Ermənistan isə artıq tək bir güc mərkəzindən asılı olmaq istəmir. Cənubi Qafqaz üçün təhlükə də məhz bu kəsişmə nöqtəsində yaranır. Çünki Ermənistanın Qərbə yaxınlaşması avtomatik olaraq Rusiya ilə müharibə olmasa da, Moskvanın bu prosesi öz regional təsirinin itirilməsi kimi qəbul etməsi qarşıdurma riskini artırır. Təbii ki, bu, müharibə xəbərdarlığı deyil. Lakin ciddi siyasi xəbərdarlıqdır. Gedən proseslər fonunda sual yaranır ki, Ermənistan öz təhlükəsizliyini və iqtisadi dayanıqlığını bir güc mərkəzindən digərinə bağlamadan, həqiqətən müstəqil və çoxşaxəli dövlət siyasəti qura biləcəkmi? Qura bilməsə, Ermənistan iki güc mərkəzinin rəqabət meydanına çevriləcək. İndiki halda Cənubi Qafqazın belə bir qarşıdurmaya ehtiyacı yoxdur”.

Musavat.com


Geri qayıt