Əsas Səhifə > Ana xəbər / Güney Press > “Paşinyan Rusiyadan gələn təhlükəni dərk edir”

“Paşinyan Rusiyadan gələn təhlükəni dərk edir”


Bu gün, 11:47

Rusiya ilə Ermənistan arasında son dövrdə siyasi fikir ayrılıqları ilə yanaşı, iqtisadi əlaqələr, hərbi əməkdaşlıq və strateji infrastrukturla bağlı məsələlərdə də müəyyən gərginliklərin artdığı müşahidə olunur.

Eyni zamanda, Ermənistanın Avropa İttifaqı və Qərb strukturları ilə münasibətlərini genişləndirməsi Moskva ilə İrəvan arasındakı ziddiyyətlərin daha geniş geosiyasi müstəviyə keçməsi ehtimalını gündəmə gətirir.

Belə bir şəraitdə Ermənistanın xarici və təhlükəsizlik siyasətində Qərbə doğru irəliləyişinin davam etməsi, Rusiyanın isə Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün hansı addımlara əl atacağı xüsusi maraq doğurur.

Bəs, Rusiya–Ermənistan münasibətlərindəki bu gərginlik hansı mərhələyə qədər inkişaf edə bilər və Ermənistanın Qərblə, xüsusilə də Avropa İttifaqı və NATO ilə əlaqələrini genişləndirməsi Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına yaxın perspektivdə necə təsir göstərə bilər?

Bu prosesdə Rusiyanın regiondakı mövcudluğunu qorumaq üçün siyasi, iqtisadi və digər təsir mexanizmlərindən istifadə imkanlarını necə qiymətləndirirsiniz?

Mövzu ilə bağlı Moderator.az-a politoloq diplomat Fikrət Sadıxov açıqlama verib.

Politoloq qeyd edib ki, seçkilərdən sonra Paşinyan öz mövqeyində müəyyən düzəlişlər edib:

"O, bir sıra çıxışlarında bəyan edib ki, vaxtilə parlamentdə Avropa İttifaqına daxil olmaq, üzv olmaq məsələsi ilə bağlı qəbul edilən sənəd heç də Ermənistanın yaxın gələcəkdə Avropa İttifaqının üzvü olacağı anlamına gəlmir. Çünki bunun üçün bir sıra mərhələlər, namizədlik prosesi və müəyyən şərtlər var.

Sanki bunu vaxtilə özü də tam olaraq başa düşmürdü. Aydın məsələdir ki, əsas təhlükə Ermənistan üçün Rusiyadan gəlir və Paşinyan da bunu yaxşı dərk edir. O, başa düşür ki, bu təhlükəni müəyyən dərəcədə aradan qaldırmaq üçün Rusiya ilə münasibətlərin bərpası və normallaşdırılması istiqamətində proses getməlidir.

Artıq onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistanla Rusiya arasında ticarət-iqtisadi əlaqələr kifayət qədər genişdir. Azərbaycan tranzit məhdudiyyətlərini də aradan qaldırıb və Rusiya malları Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılır".

Fikrət Sadıxov vurğulayıb ki, bu da artıq mövcud reallıqdır:

"Yəni, mən düşünmürəm ki, yaxın gələcəkdə Rusiya Ermənistana müəyyən bir zərbə endirsin və yaxud siyasi rejimi dəyişdirmək istiqamətində hansısa addım atsın. Çünki Rusiyada da başa düşürlər ki, Paşinyan artıq seçilib və onun tərəfdarları hazırda parlamentdə mövcuddur.

Eyni zamanda, ticarət-iqtisadi əlaqələr inkişaf edir. Ona görə də mən inanmıram ki, hazırda Rusiya Ermənistana hücum etsin və yaxud hansısa formada təhlükə yaratsın. Çünki digər reallıq da ondan ibarətdir ki, Rusiyanın özünün hazırda başı qarışıqdır, müharibə ilə bağlı ciddi problemlər yaşayır, zəifləyib və sanksiyalar altındadır.

Belə bir şəraitdə mən inanmıram ki, yaxın gələcəkdə Rusiya Ermənistana qarşı hansısa ciddi addım atsın".



Geri qayıt