Əsas Səhifə > Ana xəbər / Güney Press > Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı

Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı


Bu gün, 11:29

Avqustun 8-də baş verən iki telefon danışığı – əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə zəngi, bir neçə saat sonra isə ABŞ prezidenti Donald Trampın İlham Əliyevlə telefon söhbəti siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, bu zənglər təkcə Azərbaycan-Ermənistan münasibətlərinin növbəti mərhələsi deyil, həm də Vaşinqtonun daha geniş geosiyasi planının tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, telefon danışıqlarının zamanlaması təsadüfi deyil.

Heydər Oğuz xatırladıb ki, ötən ilin 8 avqustunda Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə mühüm görüş keçirilmiş, regionun gələcəyinə dair strateji qərarlar qəbul olunmuşdu:

"Həmin görüşdə Zəngəzur dəhlizinin açılması, sülh prosesinin sürətləndirilməsi və Cənubi Qafqaza ABŞ investisiyalarının cəlb olunması kimi mühüm istiqamətlər müəyyənləşdirilmişdi. Bir il sonra həmin razılaşmaların hansı səviyyədə icra olunması və qarşıda duran problemlərin müzakirəsi üçün məhz belə təmasların baş tutması tam məntiqlidir".

Siyasi şərhçinin fikrincə, telefon zənglərinin arxasında duran ikinci mühüm amil ABŞ-də noyabr ayında keçiriləcək Konqres seçkiləridir. Onun qənaətincə, Donald Tramp seçki kampaniyasına xarici siyasətdə əldə olunmuş uğurlarla getmək istəyir:

"Tramp dəfələrlə dünyada müxtəlif münaqişələri dayandırdığını bəyan edib. Lakin seçiciyə təqdim ediləcək real nəticələr də lazımdır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh prosesində irəliləyiş bu baxımdan ən uğurlu nümunələrdən biri ola bilər".

Heydər Oğuz diqqətə çatdırıb ki, rəsmi məlumatlarda da Trampın İlham Əliyevlə telefon danışığında Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və Azərbaycan-Ermənistan münasibətlərinə dair sənədin bölgədə sülhün əsasını qoyduğu xüsusi vurğulanıb.

Ekspert hesab edir ki, Tramp administrasiyasının fəallığı yalnız Cənubi Qafqazla məhdudlaşmır. Onun sözlərinə görə, son günlər Yaxın Şərqdə baş verən proseslər də eyni geosiyasi xəttin tərkib hissəsi təsiri bağışlayır.

Heydər Oğuz bildirib ki, "Axios" nəşrinin yaydığı məlumata əsasən, İran, Oman və ABŞ arasında Hörmüz boğazında gəmiçiliyin bərpası və mümkün atəşkəs mexanizmləri ilə bağlı təklif İranın Ali Milli Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilib.

Ekspert Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə sazişinə də diqqət çəkib. Onun sözlərinə görə, sənəd imzalandıqdan dərhal sonra İraqdakı iranmeyilli silahlı qrupların Səudiyyə Ərəbistanına qarşı səsləndirdikləri hərbi hədələr səngiyib:

"Sazişdə açıq şəkildə göstərilir ki, tərəflərdən birinə edilən hücum hər üçünə qarşı hücum hesab olunacaq. Bundan sonra İranın və onun proksi qüvvələrinin ritorikasında yumşalma müşahidə edildi".

Heydər Oğuz İran prezidenti Məsud Pezeşkianın dövlət televiziyasına verdiyi müsahibəni də diqqətçəkən hadisələrdən biri hesab edir. Onun fikrincə, Pezeşkianın SEPAH daxilindəki radikal dairələri açıq şəkildə tənqid etməsi və yeni hərbi gərginliyin İranın maraqlarına uyğun olmadığını bildirməsi təsadüfi deyil:

"Bu açıqlamaya SEPAH-ın sərt reaksiya verməməsi göstərir ki, bölgədə gərginliyin azaldılması istiqamətində müəyyən siyasi mesajlar artıq qəbul olunur".

Ekspert hesab edir ki, İsraildə MOSSAD rəhbərliyində İran əleyhinə sərt mövqeyi ilə seçilən bəzi şəxslərin vəzifə dəyişikliyi də regionda gərginliyin idarə olunmasına yönəlmiş ümumi prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Heydər Oğuzun qənaətincə, həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə müşahidə olunan diplomatik fəallığın əsas məqsədi yaxın aylarda gərginliyin minimum səviyyədə saxlanılmasıdır:

"Trampın həm Azərbaycan və Ermənistan liderləri ilə təmasları, həm də Yaxın Şərqdə müşahidə olunan diplomatik proseslərin əsas məqsədi ən azı Konqres seçkilərinə qədər bölgələrdə gərginliyi azaltmaq, enerji bazarında sabitliyi qorumaq və neft-qaz qiymətlərinin kəskin artmasının qarşısını almaqdır. Bundan sonrakı prosesləri isə artıq region dövlətlərinin atacağı addımlar müəyyən edəcək".

Beləliklə, avqustun 8-də baş tutan telefon danışıqları yalnız Bakı ilə İrəvan arasında diplomatik təmas kimi deyil, Vaşinqtonun həm Cənubi Qafqaz, həm də Yaxın Şərq üzrə formalaşdırmağa çalışdığı daha geniş siyasi konfiqurasiyanın tərkib hissəsi kimi qiymətləndirilir. Növbəti aylarda bu diplomatik aktivliyin konkret nəticələr verib-verməyəcəyi isə regiondakı əsas aktorların mövqeyindən asılı olacaq.


Geri qayıt