|
2025-ci il 8 avqust tarixli Vaşinqton görüşündən bir il keçdi. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə Vaşinqtonda mühüm siyasi sənədə - Vaşinqton Bəyannaməsinə imza atdı. Eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin təsis olunmasına dair razılaşdırılmış saziş mətnini parafladılar. Azərbaycan və ABŞ isə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Anlaşma Memorandumu imzaladılar. Bu hadisələrin hər biri ayrı ayrılıqda mühüm olmaqla regionun geosiyasi taleyində yeni bir mərhələnin - sülh prosesinin, yeni təhlükəsizlik arxitekturasının, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün Azərbaycanla Ermənistan arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının – Zəngəzur dəhlizinin açılmasının əsası qoyuldu. Eyni zamanda Azərbaycan – ABŞ münasibətlərində strateji yaxınlaşmaya keçidin başlanğıcı oldu. Bütövlükdə Vaşinqton görüşünün ən mühüm geosiyasi yekunu Güney Qafqazda münaqişə dövrünün başa çatmasının və postmünaqişə dövrünün başlanmasının, regionun gələcək siyasi, təhlükəsizlik, iqtisadi və kommunikasiya xəritəsinin formalaşmasın rəsmi təsdiqi oldu. Ötən bir il müddətinə Ermənistanın Baş naziri Nikol Paşinyan və yüksək çinli başqa erməni rəhbərləri beynəlxalq tribunalarda sülhə hazır olduqlarını, regionda sabitliyin, kommunikasiyaların açılmasının, qonşularla münasibətlərin normallaşmasın vacibliyini dəfələrlə sözdə bəyan etsələr də, bunlara nail olmaq üçün əsas maneəni aradan qaldırmaq üçün konkret praktiki addım atmayıblar. Sülhə vaxtaşırı verilən bəyanatlarla deyil, qəbul edilən konkret qərarlarla nail olmaq mümkündür. Lakin bugünkü reallıq onu göstərir ki, problem sülh müqaviləsinin mətnində deyil, sülh prosesini başa çatdırmaq üçün Ermənistan hakimiyyətinin siyasi iradəsinin yetərincə olmamasındadır. Məlumdur ki, paraflanmış sülh müqaviləsinin imzalanmasına yeganə maneə Ermənistan konstitusiyasıdır, bu konstitisiyada Azərbaycana və Türkiyəyə qarşı qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar. Ona görə də Azərbaycan tərəfi həmin müddəaların Ermənistan konstitusiyasından çıxarılmasını sülh müqaviləsinin imzalanmasının yeganə şərti kimi irəli sürüb və bu məsələdə mövqeyinin dəyişilməz olduğunu dəfələrlə aşıq şəkildə bildirib. Ermənistan rəhbərliyi də 2025-ci il 8 avqust tarixli Vaşinqton Bəyannaməsi ilə sülh müqaviləsinin imzalanmasına mane olan bütün halların tezliklə aradan qaldırılması, o cümlədən Konstitusiyadakan ərazi iddiaları haqqında müddəaların çıxarılmasını öz üzərinə beynəlxalq xarakterli öhdəlik kimi götürüb. Lakin hadisələrin gedişi göstərir ki, Ermənistan rəhbərliyi konstitusiya dəyişikliyinin vacibliyini qəbul etsə də, bu dəyişikliklərin həyata keçirilməsi proseduruna praktiki başlamağa tələsmir və ümumiyyətlə bu işə hələ hazır deyil. Ermınistan rəhbərliyi keçən ilin sonlarında yeni konstitusiya layihəsinin bu ilin mart ayında ictimai müzakirəyə təqdim olunacağını bildirsə də, deyilən vaxtda layihə müzakirəyə təqdim olunmadı və məsələ bu ilin sonlarına saxlanıldı. Ermənistan rəhbərliyinin bu tərəddüdü və prosesi uzatması müxtəlif səbəblərdən qaynaqlanır. Əsas səbəb daxili siyasi vəziyyətlə bağlıdır. Son parlament seçkiləri göstərdi ki, Ermənistan cəmiyyətində və siyasi cameəsində sülhü qəbul etmək istəməyən revanşist qüvvələr hələ kifayət qədər hüfuza malikdir və sülh prosesinə mane ola bilər. Paşınyan hakimiyyətinin tərəfdarları parlamentdə nisbi çoxluğa malikdirlər, yeni hökumət təşkil olunsa da konstitusiyanın qəbuluna dair referendum təyin etmək üçün tələb olunan mütləq səs çoxluğuna malik deyil. Paşinyan hökuməti revanşist qüvvələrin təzyiqini və cəmiyyətin həmin qüvvələri müdafiə edən kəsimini nəzərə almağa məcburdur. İkinci səbəb xarici amillərlə bağlıdır. Ermənistan hələ də böyük güclər arasında manevr siyasətini davam etdirir və regionda formalaşmış geosiyasi vəziyyətin dəyişəcəyinə ümid edən dairələr hakimiyyət daxilində də mövcuddur. Ermənistan bir sıra sahələrdə Rusayadan asılılığı və Rusiyanın Ermənistan hakimiyyətinə təzyiqləri, habelə Zəngəzur dəhlizinəqarşı çıxan İranın təzyiqləri birmənalı qəti qərarların qəbulunu çətinləşdirir və vaxtın uzadılmasına gətirib çıxarır. Vaxtın uzadılması da cəmiyyətin məlim kəsimində, revanşist müxalif siyasi qüvvələrdə və hakimiyyət daxilindəki bəzi qüvvələrdə belə bir ümid yaranır ki, beynəlxalq şərait dəyişdikcə Azərbaycan üzərində əlavə diplomatik təzyiq formalaşdırmaq və konstitusiya dəyişikliyi etmədən sülh müqaviləsini imzalamaq mümkün olar. Bu baxımdan sülh prosesini uzadaraq bir növ vaxt qazanmaq Ermənistan diplomatiyasının əsas taktikasına çevrilmiş kimi görünür. Sülh sazişinin imzalanmasının uzanması ilk növbədə Ermənistanın özünün iqtisadi maraqlarına zərbə vurur. Regional kommunikasiyaların açılması gecikir, investorlar gözləmə mövqeyi tutur, Güney Qafqaz isə hələ də risk zonası kimi qəbul edilir. Azərbaycan isə bu müddətdə prinsipial mövqeyini dəyişməyib. Bakı dəfələrlə bəyan edib ki, sülh sənədinin imzalanmasına hazırdır. Lakin eyni zamanda bildirir ki, sülhün qalıcı olması üçün gələcəkdə yeni ərazi iddiaları üçün əsas ola bilən, mümkün hüquqi mübahisələr yarada bilən boşluqlar qabaqcadan aradan qaldırılmalıdır. Bu yanaşma beynəlxalq hüquq baxımından başadüşüləndir. Çünki sülh sazişi Paşinyan hakimiyyəti ilə deyil, Ermənistan dövləti ilə bağlanır, yalnız bu günü deyil, gələcək onillikləri də tənzimləməlidir; buna görə də müqavilə mövcud hakimiyyətlə bağlansa da bütövlükdə Ermənistan dövləti və cəmiyyəti tərəfindən qəbul edilməlidir. Azərbaycan sülh müqaviləsinin imzalanması və sülhün qalıcı olması üçün zəruri olan hər şeyi edib. Lakin bununla belə Ermənistanın tərəddüdlərinə son qoymaq, müqavilənin imzalanması prosesini sürətləndirmək üçün Ermənistana beynəlxalq diplomatik və ictimai təzyiqləri artırmaq olar. Bu mənada beynəlxalq diplomatiya və informasiya məkanında sülhün gecikməsinin haradan qaynaqlandığını daha fəal şəkildə gündəmdə saxlamaq, hüquqi arqumentlərini daha sistemli təqdim etmək, Ermənistanın hansı öhdəlikləri yerinə yetirmədiyini faktlarla müntəzə şəkildə izah etmək üçün əlavə tədbirlər görmək olar. Beynəlxalq diplomatiyada və informasiya məkanında haqlı olmaq vacibdir, amma haqlı olduğunu dünya ictimaiyyətinə qəbul etdirmək daha vacibdir.
Qulamhüseyn Əlibəyli - "DİA-AZ"
Geri qayıt
|