Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan ilə Ermənistan arasında "sular durulur"?
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"?Bu gün, 06:27 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü ilə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycan və Ermənistan liderləri iki ölkə arasında Sülh Sazişinin mətninin ilkin paraflanmasının əhəmiyyətini vurğulayıblar. Baş nazir Nikol Paşinyanın Prezident İlham Əliyevə zəng etməsi diqqəti son bir ildə Azərbaycan-Ermənistan sülh prosesinin dinamikasına yönəldir. 2025-ci il avqustun 8-dən sonra Azərbaycan və Ermənistan arasında əsas irəliləyişlərdən biri de-fakto sülhün mövcudluğu olub. Hər iki ölkə yekun sazişi hələ imzalamasa da, ikitərəfli münasibətlərdə sülhə nail olmağı bacarıb. Ermənistanın və Azərbaycanın postmünaqişə dövrünə daxil olması ilə regionda yeni geosiyasi reallıqlar formalaşıb. Bu da öz növbəsində, digər sahələrdə əməkdaşlığın bərpası üçün həm siyasi, həm də iqtisadi zəmin yaradıb. Azərbaycan-Ermənistan sülh prosesində ikinci mühüm addım kimi tranzit əlaqələrin və iqtisadi əməkdaşlığın bərpasını qeyd etmək olar. Ötən ilin oktyabr ayında Azərbaycan Prezidenti Ermənistan istiqamətində bütün mal və məhsulların tranzitinə qoyulan qadağaları ləğv edib. Yəni regionda sabitliyin olmasına marağın artması yaxın perspektivdə yekun sülh müqaviləsinin imzalanmasını qaçılmaz edir. Üçüncü vacib istiqamət Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlıdır. Son bir ildə Ermənistanla ticarətin bərpası kommunikasiyaların açılmasını təmin edən əsas amillərdən birinə çevrilib. Bu xüsusda TPIPP layihəsinin, yəni Zəngəzur dəhlizinin gələcəkdə işə düşməsi strateji əhəmiyyət kəsb edir. ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin fevral atında Ermənistana və Azərbaycana, Dövlət katibi Marko Rubionun may ayında İrəvana səfərləri kommunikasiyaların açılmasında aparıcı rol oynayacaq hadisələr sayılır. Vaşinqton Bəyannaməsinin icrası məqsədilə Ermənistanla ABŞ arasında TRIPP layihəsinin icrasına dair birgə şirkətin və strateji əməkdaşlıq sazişinin imzalanması “Tramp marşrutu”nun reallaşmasına beynəlxalq təminat yaradır. Son bir ildə Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimadın möhkəmlənməsi sülh prosesinin baş tutması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu mənada, həm siyasi, həm də ictimai səviyyədə qarşılıqlı səfərlərin təşkili və birgə tədbirlərin keçirilməsi aiddir. Sərhədlərin delimitasiyası və demarkasiyasına dair komissiyalarının Azərbaycana və Ermənistana səfərləri, eləcə də hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin müxtəlif toplantılarda iştirakı sülh prosesinə təkan verib. Əgər əvvəllər Azərbaycan və Ermənistan liderləri üçüncü tərəfin iştirakı ilə neytral məkanda görüşmək imkanı əldə edirdilərsə, indi birbaşa telefon əlaqəsi saxlayırlar. Bu da sülhün reallaşmasının əlamətidir. Lakin Ermənistan rəhbərliyi yekun sülh müqaviləsinin imzalanması üçün siyasi iradə nümayiş etdirməli və konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasına nail olmalıdır. Bu, bölgədə sülhə, daimi sabitliyə və mehriban qonşuluq siyasətinə əsaslanan yeni status-kvonun formalaşmasına gətirib çıxaracaq. Müşfiq Abdulla Geri qayıt |