Əsas Səhifə > Ana xəbər / Güney Press > NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımıBu gün, 06:22 |
|
NVIDIA-nın təsisçisi və baş direktoru Censen Huanq Ermənistan və Qazaxıstanda böyük süni intellekt infrastrukturunun yaradılacağını açıqlayıb. Musavat.com xəbər verir ki, Huanq Ermənistanda Firebird süni intellekt infrastrukturunun işə salınması münasibətilə müraciətində son 15 ildə hesablama texnologiyalarının sürətli inkişafının süni intellekti tarixdə ən sürətlə tətbiq olunan texnologiyalardan birinə çevirdiyini deyib. Onun sözlərinə görə, süni intellekt artıq səhiyyə, elmi tədqiqatlar, sənaye, maliyyə, nəqliyyat və yaradıcı sahələrdə geniş istifadə olunur. “Yaxın zamanda süni intellekt hər yerdə olacaq – hər bir tətbiqə, hər bir cihaza və hər bir iş prosesinə inteqrasiya ediləcək”, – NVIDIA rəhbəri bildirib. Huanq qeyd edib ki, süni intellektin sürətli inkişafı hesablama gücünə tələbatı daim artırır. Süni intellektə ünvanlanan hər bir sorğu, avtonom agentlərin fəaliyyəti və hər bir düşünmə mərhələsi hesablama resursları tələb edir. “Keçmişdə elektrik enerjisi və internet kimi, süni intellekt də hər bir rəqəmsal tətbiq, hər bir şirkət və hər bir vətəndaş üçün intellekt yaradan yeni infrastruktur növünə çevriləcək”, – Huanq deyib. NVIDIA rəhbəri vurğulayıb ki, ölkələr süni intellekt xidmətlərinin idxalından tam asılı ola bilməzlər. Onun sözlərinə görə, milli AI infrastrukturunun yaradılması texnoloji müstəqilliyin əsas şərtlərindən birinə çevrilir. “İntellekti də enerji kimi sadəcə idxal etmək mümkün deyil. Hər bir şirkət və hər bir ölkə öz süni intellektini yaratmalıdır. Heç bir ölkə bütün intellektini autsorsinqə verə bilməz”, – o bildirib. Huanq Ermənistan və Qazaxıstanı ayrıca qeyd edərək bu ölkələrin süni intellektin daxildə inkişafı üçün infrastruktur yaratdıqlarını vurğulayıb. “Məhz buna görə ölkələrinizin AI infrastrukturunun yaradılması üçün Firebird və NVIDIA-nı seçməyiniz bizim üçün böyük şərəfdir”, – NVIDIA rəhbəri deyib. Onun sözlərinə görə, yaradılan infrastrukturdan tədqiqatçılar, startaplar, sənaye şirkətləri və dövlət qurumları istifadə edə biləcəklər. Bu imkan Ermənistan və Qazaxıstandan olan proqramçı və mühəndislərin yeni nəsil süni intellekt texnologiyaları yaratmasına da şərait yaradacaq. Huanq bildirib ki, qarşıdakı 12 ay ərzində Firebird Ermənistan və Qazaxıstanda ümumi gücü 250 MVt olan NVIDIA süni intellekt infrastrukturunu yerləşdirməyi planlaşdırır. “Bu, dünyanın müxtəlif ölkələrindən şirkətləri cəlb edən maqnitə və onların öz süni intellekt sistemlərini burada yaradıb işə salması üçün böyük imkana çevriləcək”, – o qeyd edib. NVIDIA rəhbərinin sözlərinə görə, yeni infrastruktur yerli texnologiya şirkətlərinin inkişafına da ciddi təkan verə bilər. “Bu, artıq öz ölkənizdə əlçatan olan hesablama gücləri əsasında yaradılacaq yeni nəsil startapları hərəkətə gətirən katalizatora çevriləcək”, – Huanq bildirib. O, “AI fabrikləri”ni yeni texnoloji dövrün infrastrukturu adlandırıb: “AI fabrikləri enerjini intellektə çevirir. Bu, süni intellekt dövrünün infrastrukturudur”. Sonda Censen Huanq Firebird-i, Ermənistanı və Qazaxıstanı layihənin başlanması münasibətilə təbrik edib. Geri qayıt |