Əsas Səhifə > Ana xəbər / Güney Press > Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü:

Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü:


Bu gün, 10:40

Ermənistanın baş naziri Nikol Paşinyan ötən il avqustun 8-də Ağ Evdə Azərbaycan və ABŞ liderləri ilə baş tutan üçtərəfli görüşün ildönümü barədə paylaşım edib.

Oxu.Az xəbər verir ki, hökumət rəhbəri paylaşımında bir il bundan əvvəl Ağ Evdə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu qeyd edib.

"İndi biz avqustun 8-də baş tutan həmin görüşü Sülh sammiti adlandırırıq. O cümlədən mənim və Azərbaycan Prezidentinin qəbul etdiyi, eyni zamanda, ABŞ Prezidentinin şahid kimi imzaladığı birgə sənəd olan Sülh Bəyannaməsi də artıq mövcuddur", - deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, bu ad 2025-ci il 8 avqust tarixinin gətirdiyi reallığı tam olaraq əks etdirir. Ermənistan və Azərbaycan arasında yaranmış sülh hər kəs üçün nəzərəçarpan və böyük əhəmiyyətə malikdir.

Paşinyan əlavə edib ki, 2026-cı il iyunun 7-də keçirilən parlament seçkisində Ermənistan vətəndaşları yalnız sülhə səs vermədilər, eyni zamanda, sülhün tərəfdarı kimi çıxış etdilər.

"Təbii ki, bu, sülh gündəliyinin həyata keçirilməsi yolunda yekun mərhələyə çatdığımız mənasına gəlmir.

2025-ci il avqustun 8-də Vaşinqtonda üç liderin iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən paraflanan "Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş" öz imzalanmasını və ratifikasiyasını gözləyir. İki ölkə arasında sərhədlərin müəyyənləşməsi prosesi hələ qarşıdadır", - deyə o bildirib.

Hökumət rəhbəri paylaşımında qeyd edib ki, 8 avqust 2025-ci il tarixi ölkəsi üçün bir dönüş nöqtəsidir və Ermənistan Respublikasının tarixini bu tarixdən əvvəlki və sonrakı dövrlərə bölmək mümkündür.

"8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi, lakin bu tarixdən sonra bizim üçün sonsuz imkanlar açılıb. Bu imkanlardan istifadə edib-etməmək bizim komandamızın iradəsindən, biliklərimizdən, dünyanı və öz tariximizi öyrənmək bacarığımızdan asılıdır. Vaşinqton Sülh sammitinin ən böyük siyasi və sosial-psixoloji nəticəsi elə məhz budur. Tariximizin sükanı yenidən öz əllərimizdədir. Bu, yolumuzun qüsursuz və təhlükəsiz olduğu demək deyil. Bu o deməkdir ki, gələcək taleyimizi müəyyən edən əsas amil öz qərarlarımızdır və bu, həqiqi bir dönüş anıdır", - Paşinyan qeyd edib.

Baş nazir, həmçinin Vaşinqton görüşünün ən vacib nəticələrindən biri - "Trampın Beynəlxalq Sülh və İnkişaf Yolu" (TRIPP) layihəsindən də yazıb. O qeyd edib ki, bu layihə ən qısa zamanda Ermənistanın blokadasına son qoymaqla yanaşı, həm də ölkəsinin və bütövlükdə regionun iqtisadiyyatının mərkəzinə çevriləcək. Paşinyanın sözlərinə görə, tezliklə TRIPP layihəsinin praktiki icrasına başlanılacaq və bu, nəhəng bir regional, eyni zamanda, beynəlxalq hadisə olacaq.

"Ermənistan və Azərbaycan arasındakı münaqişə səhifəsi artıq qapanıb, sülh təmin olunub və bu, sizin gözləriniz önündə, gündəlik həyatınızda özünü göstərir. İstənilən sülhü qurmaq çətindir və bizim sülhümüzün bərqərar olması da asan başa gəlmədi. Lakin hər hansı bir sülhü dağıtmaq və məhv etmək çox asandır və bu, çox sürətlə baş verə bilər. Əsas sual isə budur ki, əgər bu sülh pozularsa, 35 ildən sonra onu yenidən bərpa etmək mümkün olacaqmı?" - deyə o qeyd edib.


Geri qayıt