Əsas Səhifə > Ana xəbər / Güney Press > ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə
ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənməBu gün, 09:22 |
|
ABŞ hökuməti Ermənistanın cənubundan keçəcək TRIPP marşrutunun inkişafı üçün yaradılmış TRIPP+ fondunun maliyyəsini iki dəfə artıraraq 402 milyon dollara çatdırıb. Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosu yanvarın 30-da TRIPP+ fonduna 201 milyon dollar həcmində qrant ayırıb. Məlum olub ki, bu vəsaitin 2036-cı il dekabrın 31-dək istifadə olunması planlaşdırılırdı. Ancaq iyulun 16-da qrantın həcmi artırılıb və ABŞ hökuməti fonda ümumilikdə 402 milyon dollar ayırmağı öhdəsinə götürüb. Ayrılmış vəsaitlərin əsas hissəsinin Ermənistanda istifadə olunması planlaşdırılır. “Naxçıvan iqtisadi rayonu üzrə regional müşavirədə Zəngəzur dəhlizi işə düşdükdən sonra Naxçıvan üçün vəd etdiyi iqtisadi faydalar müzakirə olunub”. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" Naxçıvan Muxtar Respublikasında istehsalın və emalın genişləndirilməsinə, Zəngəzur dəhlizi vasitəsilə ixrac imkanlarının artırılmasına imkan verəcək", - deyə nazir qeyd edib. Maraqlıdır, Zəngəzur dəhlizində iş başlamamış ABŞ maliyyə yardımını niyə iki dəfə artırıb? Politoloq Rəşad Bayramov Musavat.com-a deyib ki, ABŞ-ın TRIPP marşrutu ilə bağlı maliyyə öhdəliyini 402 milyon dollara qədər artırması ilk növbədə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlarla əlaqəlidir: "İndiki mərhələdə bu addımın atılması Zəngəzur istiqamətində siyasi müzakirələrin intensivləşməsi, kənar təzyqilərin artması fonunda baş verir. Cənubi Qafqazda təsir imkanlarını artırmağa çalışan Vaşinqton bununla bir tərəfdən Ermənistan hökumətinə dəstəyini ifadə etmiş olur, digər tərəfdən isə layihənin icrasının qarşısını almaq üçün İrəvana təzyiq göstərən ayrı-ayrı siyasi mərkəzlərə mesaj göndərir. Vaşinqton başa salmağa çalışır ki, TRIPP marşrutu ilə bağlı maraqlarından heç bir halda geri çəkilmək niyyətində deyil. Bu da əslində təbiidir. Çünki TRIPP marşrutu ABŞ-yə dəhliz üzərində nəzarət imkanları tanıyır və dolayısıyla Vaşinqton öz Cənubi Qafqaz maraqlarını təmin etmək üçün yeni təsir rıçaqı əldə etmiş olur”. Bayramov bildirib ki, Ermənistanın regional layihələrə inteqrasiyası, iqtisadi dayanıqlığının gücləndirilməsi və Rusiyadan asılılığının azaldılaraq tranzit ölkəyə çevrilməsi Vaşinqtonun siyasətində əsas istiqamətlərdən birinə çevrilib: “Hazırda TRIPP+ fonduna ayrılan vəsaitin artırılması da Ermənistanın nəqliyyat və infrastruktur imkanlarının inkişafına uzunmüddətli dəstək olmaqla yanaşı həm də ABŞ-nin öz maraqlarını təmin etməyə yönəlib. Ümumilikdə isə Zəngəzur dəhlizi proses iştirakçılarının hər biri üçün yeni imkanlar açacaq. ABŞ təsir imkanları əldə edəcək, Azərbaycan və Ermənistan yeni iqtisadi inkişaf aləti əldə edərək kənd təsərrüfatı, emal sənayesi və logistika sahələrində yeni bazarlara çıxış imkanlarını genişləndirəcəklər. Nəticədə regional ticarət dövriyyəsinin artması, tranzit gəlirlərinin formalaşması və yeni investisiyaların cəlb edilməsi baş verəcək ki, bu da hər iki ölkə üçün potensial üstünlüklər yaradacaq. Bundan əlavə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin qurulması və dəhlizin Türkiyəyə qədər uzanması bütövlükdə Türk dünyasının birliyi üçün də yeni imkanlar açacaq”. Onun sözlərinə görə, şübhəsiz ki, Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının açılmasından ən çox iqtisadi dividend əldə edə biləcək bölgələrdən biri də Naxçıvan olacaq: “Elə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun da qeyd etdiyi kimi, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Naxçıvanda kənd təsərrüfatı, balıqçılıq, akvakultura və emal sənayesinin genişləndirilməsi planlaşdırılır. Zəngəzur marşrutunun fəaliyyətə başlaması bu məhsulların həm Azərbaycanın digər bölgələrinə, həm də xarici bazarlara daha qısa müddətdə və daha aşağı logistika xərcləri ilə çıxarılmasına şərait yarada bilər. Bu isə şübhəsiz ki, ixrac potensialının artmasına, yeni investisiyaların cəlb edilməsinə, sahibkarlığın inkişafına və məşğulluğun yüksəlməsinə əlavə stimul verəcək. Nəticə etibarilə, Naxçıvanın uzun illər ərzində üzləşdiyi nəqliyyat məhdudiyyətlərinin aradan qalxması onun regional iqtisadi mərkəz kimi rolunu gücləndirə və ümumi iqtisadi inkişaf tempinə müsbət təsir göstərə bilər. Ümumilikdə isə ABŞ TRIPP+ fonduna maliyyəni iki dəfə artırmaqla bir tərəfdən Ermənistanı uzunmüddətli strateji layihələrə hazırlayır, digər tərəfdən isə özünün Cənubi Qafqazda iştirakını gücləndirməyə çalışır deyə bilərik". Musavat.com Geri qayıt |