Əsas Səhifə > Ana xəbər / Güney Press > Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür...
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür...Bu gün, 07:03 |
|
“Hörmüz boğazının bağlanması vacibdir, lakin kifayət deyil. Neft bazarı yalnız “real təklif” ətrafında formalaşmır, həm də “gözləntilərin” təsiri altındadır. Əgər tədarükdə fasilələr cəmi bir neçə gün, bir həftə və ya iki həftə davam edərsə, bazar ehtiyatlar, alternativ marşrutlar və psixoloji amillər hesabına bu şoku müəyyən dərəcədə udacaq”. Bu fikirlər İranın “Khabaronline” nəşrinin dərc etdiyi məqalədə yer alıb. “Bəs İran nə etməlidir? Əsas təzyiq nöqtəsi başqa yerdədir: Xəzər dənizi və Cənubi Qafqazda. İsrail bu marşrutla daşınan neftdən ciddi şəkildə asılıdır. 2025-ci ildə Azərbaycandan İsrailə neft ixracı sutkada 94 min barelə çatıb ki, bu da əvvəlki illə müqayisədə 31 faiz çoxdur. Azərbaycan nefti İsrailin ümumi neft idxalının 46,4 faizini təşkil edib ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Sadə dillə desək, İsrailin idxal etdiyi hər iki barel neftdən təxminən biri Azərbaycandan gəlir. Əgər həmin marşrut pozularsa, bu, İsraildəki neft emalı zavodlarına, nəqliyyata, son nəticədə qiymətlərə və enerji təchizatının təhlükəsizliyinə birbaşa təsir göstərəcək. Bu baxımdan Xəzər dənizinin üstünlüyü ondadır ki, o, Fars körfəzindən fərqli olaraq ABŞ-ın birbaşa və daimi nəzarəti altında deyil. Coğrafi uzaqlıq, əməliyyatların mürəkkəbliyi və marşrutların çoxpilləli xarakteri o deməkdir ki, məhdud, lakin dəqiq addımlar Hörmüz boğazının qısamüddətli blokadasından daha güclü çəkindirici təsir göstərə bilər. Azərbaycan burada əsas rol oynayır. Dəfələrlə iddia olunub ki, İsrail İrana qarşı Azərbaycan ərazisindən və onun kəşfiyyat infrastrukturundan istifadə edib. Belə ki, Natanzda əməliyyatlar zamanı Naxçıvandan qalxan “Hermes” pilotsuz uçuş aparatının istifadə edildiyi presedenti göstərilir. Belə şəraitdə İran cavab təzyiqini məhz İsrailin ən həssas sahəsinə – energetikaya yönəldə bilər. Türkiyəyə münasibətdə də diqqətli və ehtiyatlı davranmaq lazımdır. Azərbaycan nefti Xəzər dənizindən Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Ceyhana çatdırılır, oradan tanker gəmiləri ilə Aralıq dənizinə, daha sonra isə İsrail limanlarına daşınır. Bu o deməkdir ki, İsrailin enerji təchizatı zənciri yalnız Fars körfəzindən asılı deyil, həm də Cənubi Qafqaz və Türkiyə ilə bağlıdır. Bu baxımdan, əgər Xəzər dənizində gərginlik məhdud və nəzarət altında saxlanılarsa, Türkiyə böyük ehtimalla siyasi etirazla kifayətlənəcək. Çünki praktiki müdaxilə Ankara üçün baha başa gələr və onun öz maraqlarını təhlükə altına salar”, – nəşrdə bildirilir. Hamıya məlumdur ki, İranda müstəqil KİV mövcud deyil. Xüsusilə də indiki şəraitdə. Deməli, “Khabaronline” hazırda İran İslam Respublikasında hakim dairələrin maraqlarını ifadə edir. Bəs bu, Azərbaycan üçün nə deməkdir? Azərbaycanın İsrailə uzun illərdir davam edən neft tədarükünü dayandırması üçün Tehran ölkəmizə hansı xarakterli təzyiq göstərə bilər? Məqalədə Azərbaycanın Xəzər dənizindəki neft infrastrukturuna zərbələr endirilməsi ilə bağlı eyham da yer alır. Hazırda SEPAH-ın (və ya hazırda hakimiyyətdə olan qüvvələrin) belə aləti varmı? Və Türkiyə həqiqətən İranın bu cür addımları qarşısında sərt reaksiya verməkdən çəkinə bilər? Pressklub.az-ın suallarını Milli Məclisin deputatı, tanınmış politoloq Rasim Musabəyov cavablandırıb. Onun sözlərinə görə, Azərbaycan öz neft infrastrukturunu etibarlı şəkildə qoruyur. “Əgər bu istiqamətdə ən kiçik hücum cəhdi olarsa, İranın bütün neft yataqları və terminallarına elə güclü zərbələr endiriləcək ki, Tehran bunun nəticələrindən uzun müddət özünə gələ bilməyəcək. Onlar bunu çox yaxşı anlayırlar. Buna görə də istədikləri qədər danışıb qorxu yaratmağa çalışa bilərlər, amma bu istiqamətdə hərəkət etməyə cəsarət etməzlər. Çünki bunun nəticələri onlar üçün son dərəcə ağır olacaq. Bir məqama da diqqət çəkmək istərdim. İsrailin idxal etdiyi neftin digər yarısı Qazaxıstandan gəlir. Həmin neft Rusiya ərazisindən keçən və Novorossiyskə çıxan boru kəməri ilə daşınır. Bəs onda nə olacaq? Yoxsa kimsə düşünür ki, iranlılar Ceyhana da zərbə endirəcəklər?” – politoloq sual edib. Onun fikrincə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nə qədər radikal olsa da, hələ tamamilə məntiqsiz davranacaq vəziyyətdə deyil. “Aydındır ki, İranın Azərbaycana qarşı hər hansı düşmənçilik xarakterli addımı qaçılmaz olaraq Türkiyə və Pakistan tərəfindən də çox ciddi cavabla nəticələnəcək. İranda yaxşı bilirlər ki, Azərbaycan öz ərazisində həm Türkiyənin, həm də Pakistanın zəruri hərbi-hava qüvvələrinin yerləşdirilməsinə imkan verə bilər ki, onlar İran ərazisində əməliyyatlar həyata keçirsinlər. Yəni İran hazırda mövcud rəqiblərindən aldığı zərbələrdən əlavə, bunun beşqatını da ala bilər. Buna görə də, özlərini hər nə qədər sərt və güzəştsiz göstərməyə çalışsalar da, Tehranda bu riskləri hesablamadıqlarını düşünmürəm. Yəni, İranda müəyyən dairələr bu cür mənasız bəyanatlarla Azərbaycana psixoloji təzyiq göstərməyə çalışırlar. Amma orada sağlam düşünən siyasətçilər də var. Onlar yaxşı anlayırlar ki, Azərbaycana qarşı istənilən təxribat son dərəcə təhlükəlidir. Həm də onlar Rusiya ilə İran arasında kommunikasiyaların Azərbaycan üzərindən həyata keçirilməsində maraqlıdırlar. Əgər İran Azərbaycanın neft infrastrukturuna və Xəzərdəki neft platformalarına qarşı hər hansı təxribat törədərsə, aydındır ki, Rusiya ilə İran arasında dəniz daşımaları da iflic olacaq. Təsadüfi deyil ki, İran Prezidenti Məsud Pezeşkian Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya üçün parlamentə göndərib (görünür, Moskvanın israrlı tövsiyəsi öz rolunu oynayb). Buna görə də, İrandan səslənən bu cür təxribat xarakterli bəyanatları Azərbaycana psixoloji təsir göstərmək cəhdi kimi qiymətləndirmək lazımdır. Amma Azərbaycanın əsəbləri möhkəmdir. Belə şeylərlə bizi qorxutmaq mümkün deyil”, – Musabəyov vurğulayıb. Geri qayıt |