Əsas Səhifə > Ana xəbər / Güney Press > Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR!
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR!Bu gün, 12:19 |
|
"Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri sədri Fazil Mustafanın Şah İsmayıl Xətai haqqında çıxışı hüquqi məsuliyyət daşımalıdır. Yəqin həşəmətli deputat Azərbaycan Respublikasının "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunundan xəbəri var. Qəzənfərin oğlu bilməmiş olmaz ki, mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Və o da bəllidir ki, Şah İsmayıl Xətai bir tarixi şəxsiyyət kimi mədəni irsimizə aiddir. Deməli, Fazil əfəndi təkcə milli yaddaşa və dövlətçilik ənənələrinə hörmət etmir, eyni zamanda hüquqi normaları pozur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Fadil Paşayev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Millət vəkili onu tənqid edənləri savadsızlıqda ittiham etmək əvəzinə papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşsin. Öz "dərin" zəkası ilə bizləri "nurlandırsın" ki, niyə təkcə sərkərdə və hökmdar yox, eləcə də Azərbaycan ədəbi dilinin inkişafında mühüm rol oynamış şair, milli dövlətçilik ənənəsinin rəmzi və xalqımızın tarixi kimliyinin ayrılmaz hissəsi olan bir şəxsiyyətə qarşı kin püskürür?! Deputat onu da bilmir ki, Azərbaycan dövləti onun adını ən ali təltiflərdən birinə – "Şah İsmayıl" ordeninə verib. Bu faktın özü dövlətin Xətai şəxsiyyətinə münasibətini açıq şəkildə ortaya qoyur.
Əgər dövlət bir tarixi şəxsiyyətin adını ali ordenlə əbədiləşdirirsə, həmin şəxs haqqında məsuliyyətsiz, cəmiyyətdə qarşıdurma yarada biləcək fikirlər səsləndirmək bir hüquq pozuntusudur. Axı Mədəniyyət Komitəsinin sədri vəzifəsinin sahibi milli-mədəni irsin qorunmasının önündə dayanmalı, onu mübahisələndirən deyil, təbliğ edən mövqe aşılamalıdır. Bəs Fazilin canına nə dərd düşüb?!
Əlbəttə, mən də bilirəm ki, tarixi şəxsiyyətlər elmi araşdırmaların mövzusu ola bilər, onların fəaliyyəti müxtəlif aspektlərdən təhlil edilə bilər. Ancaq bu müzakirələr milli dəyərlərimizə xələl gətirməli deyil. Başa düşürsünüzmü, burada bir qırmızı xətt olmalıdır. Vaxtilə tarixi şəxsiyyət olan Heydər Əliyevə dil uzadanlar indi də dövlətin formalaşdırdığı tarixi yaddaşa burun soxurlar. İşimiz var da... Hər dəfə gərək belələrinə başa salasan ki, ay bala, həddini bil, çox da zad eləmə!
Unutma ki, Şah İsmayıl Xətai artıq təkcə tarix kitablarının qəhrəmanı deyil. O, Azərbaycanın mədəni irsinin, dövlətçilik ənənəsinin və milli kimliyinin simvollarından biridir.
Əslində mən statusumda milli kimliyimizin simvolunun Fazil kimilərə cavab verən öz bayatısını da yerləşdirə bilərdim:
Xətai, işin düşər,
Gəlib-gedişin düşər
Dişləmə çiy loxmanı,
Yerinə dişin duşər..."
Geri qayıt |