Əsas Səhifə > Ana xəbər / Güney Press > Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!”
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!”Bu gün, 11:31 |
|
Mərhum Xalq şairi Nəriman Həsənzadənin oğlu, filologiya elmləri namizədi Nazim Həsənzadə ilə sabiq deputat, təhsil eksperti Etibar Əliyev arasında qalmaqal yaranıb. Musavat.com bildirir ki, qalmaqala sabiq deputat Etibar Əliyevin sosial şəbəkə hesabında paylaşdığı fikirlər səbəb olub. Belə ki, sabiq deputat paylaşımında Abbas Səhhətin “Vətən” şeirini, Səməd Vurğunun “Oxu, gözəl” şeirini və Əli Kərimin “İki sevgi” şeirini Nəriman Həsənzadənin bütün poeziyasına dəyişməyəcəyini bildirib. Nazim Həsənzadə bu fikirlərə dərhal reaksiya verib. O, Bakıvaxtı.az-a açıqlamasında Etibar Əliyevin fikirlərinə sərt münasibət bildirib, onun ölkədən qovulmasını istəyib: “O kimdir axı?! Sanballı alim, şair olub, bu fikirləri irəli sürsə, ona cavab hazırlamaq olar. Bunun ortada nəyi var axı? Ortaya qoysun görək, bu, hansı elmi kəşflər edib? Fikir söyləyən adamın özünün ortada sanballı elmi, bədii məhsulu olmalıdır. Bu adamın nəyi var? Ortaya qoymalıdır ki, mən bu əsərləri yaratmışam. Oturub Nəriman müəllimin bir misrasını yaza bilməz. Nəriman müəllim bir şeir yazanda bəzən bir sözün üzərində 10 gün düşünürdü. Şeir elə-belə yaranmır. Nəriman Həsənzadə çox məsuliyyətli adam idi. Bir əsər yazanda nə qədər kitablar oxuyurdu, ensiklopedik insan idi. Ensiklopedik adamın yaradıcılığı haqqında söz demək üçün özün sanballı olmalısan. Bu adam isə sadəcə şou yaradır. Onu Azərbaycandan qovmaq lazımdır”. Etibar Əliyev isə Nazim Həsənzadənin açıqlamasına sosial şəbəkə hesabında cavab verib. Sabiq deputat paylaşımında belə yazıb: “Rəhmətlik Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə deyir ki, Etibar Əliyev azərbaycanlı deyil və o, ölkədən qovulmalıdır. Bu çağırış XXI əsrin neofaşizmidir. Ölkə başçısı cənab İlham Əliyev çıxışlarında və müsahibələrində dəfələrlə söyləyib ki, ölkədə fikir plüralizmi və tənqid olmalıdır. Fərdin yaradıcı şəxslər barədə sərbəst fikrinə və iradəsinə qarşı edilən təhdidlər Prezidentin çağırışlarına ziddir. Nazim Həsənzadə! Tam arxayın ol. Mənim meyitim də bu ölkədə qalacaq və mən məmləkəti sizdən az sevmirəm. Mənim bu ölkəni sevməyənlərə qarşı amansız mübarizəmin 1 faizini etməmisən… Nazim əkə! Mənim şeir zövqümə niyə soxulursan. Mən cavan ölmüş şairlərin poeziyasını çox sevirəm. Əl çəkdin? Və bir də məni ölkədən qovmaq çağırışından sonra soraqlaş ki, dədənin il boyu neçə kitabı satılıb?” Musavat.com Geri qayıt |